• cümə, 29 Mart, 05:33
  • Baku Bakı 7°C

ABŞ üçün Azərbaycanın əhəmiyyəti daha da artır

20.05.15 05:43 847
ABŞ üçün Azərbaycanın əhəmiyyəti daha da artır
Elman Nəsirov: “Əfqanıstana əlavə yük daşımaları ilə bağlı ABŞ-dan təklif gəlsə, bunun bütün “mənfi” və “müsbət”ləri dəyərləndirilməlidir”
Rusiya üzərindən Əfqanıstana NATO hərbçiləri və hərbi texnikası üçün açılmış hava dəhlizi bağlanıb. Bununla da ABŞ-ın rəhbəri olduğu koalisiyanın Əfqanıstandakı qüvvələri ilə əlaqəsində məhdudiyyət yaranıb. Belə vəziyyətdə rəsmi Vaşinqton Əfqanıstandakı hərbçiləri ilə əlaqəni yalnız Azərbaycan üzərindən qura bilir. Bu isə Azərbaycanın ABŞ üçün əhəmiyyətini bir qədər də artırır.
Sözügedən məsələ ilə bağlı fikirlərini “Kaspi”yə bölüşən Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov ABŞ-Rusiya münasibətlərinin Ukrayna böhranı kontekstində kifayət qədər mürəkkəbləşdiyini bildirib. Qeyd edib ki, ABŞ və müttəfiqləri Rusiyaya qarşı davamlı şəkildə həm iqtisadi-maliyyə, həm də siyasi xarakterli sanksiyalar tətbiq etməkdədirlər. Onun sözlərinə görə, belə vəziyyətdə Rusiya da Amerikaya qarşı adekvat addımlar atmağa başlayıb: “İndiki situasiyada hər iki tərəf bir-birinin “Axilles dabanı”nı – zəif nöqtəsini axtarır. Vaxtilə ABŞ Rusiyaya qarşı ilkin sanksiyalara başlayarkən, rusiyalı ekspertlər bildirirdilər ki, rəsmi Moskvanın da Vaşinqtonun “zəif nöqtələrini” tapmaq imkanı, potensialı var. Ekspertlər lazım gəldiyi təqdirdə, bu “tapıntılardan” istifadə olunacağını bəyan edirdilər. Son hadisələr onu deməyə əsas verir ki, rusiyalı ekspertlər bu fikirləri heç də sözgəlişi ifadə etməyiblər. Rusiyanın son addımları təsdiq edir ki, artıq rəsmi Moskva da Vaşinqton üçün ciddi problemlər yaratmağa başlayıb. İlk növbədə bu, Əfqanıstanla bağlı özünü göstərib. Məlumdur ki, ABŞ Əfqanıstan iqtisadiyyatının bərpası üçün indiyə qədər 96,6 milyard dollar vəsait xərcləyib. Bu rəqəmi ABŞ rəsmiləri öz çıxışlarında ifadə ediblər. Əfqanıstana iqtisadi və digər xarakterli yardımların, dəstəklərin böyük əksəriyyəti, təxminən 60 faizdən çoxu Rusiya ərazisindən reallaşdırılır. Təxminən 40 faizlik qeyri-hərbi yük daşımaları isə Azərbaycan üzərindən həyata keçirilir. İndi Rusiya öz ərazisindən tranzit kimi keçməklə Əfqanıstana ABŞ və müttəfiqlərinin yük daşımalarına mane olur. Rəsmi Moskva buna imkan verməyəcəyi barədə mövqe ortaya qoyub. Bu da ABŞ-ın Əfqanıstana dəstək prosesində xeyli problemlər yaradacaq”.
Politoloq bildirib ki, indiki halda Azərbaycanın aktuallığı və əhəmiyyəti ABŞ üçün daha da artır. Onun fikrincə, Amerika üçün Azərbaycan çox ciddi tərəfdaş kimi görünəcək: “Rusiyadan tranzit kimi həyata keçirilən yüklərin də Azərbaycan ərazisindən daşınması ilə bağlı ABŞ kluarlarında müəyyən fikirlərin formalaşması barədə informasiyalar artıq mediada yer almaqdadır. Kremlin ABŞ-a qarşı son addımı fonunda Azərbaycanın Rusiyanı əvəz etməsi rəsmi Vaşinqtonun xoşuna gəlsə də, Moskva faktorunu yaddan çıxarmaq olmaz. Məşhur bir atalar sözündə deyildiyi kimi, “Qaş düzəldən yerdə vurub göz çıxarmaq” olmaz. Ona görə də Azərbaycan dövləti hər hansı addım atarkən beynəlxalq konyukturanı, qüvvələr nisbətini, atılan addımlarda risk əmsalını və sair məsələləri nəzərə alır. Yalnız bundan sonra müvafiq addım atır. Hesab edirəm ki, Azərbaycan antiterror əməliyyatlarında Qərbin yaxın tərəfdaşı olub və bu xəttə sadiqdir. Amma Azərbaycanın atdığı heç bir addım ayrı-ayrı dövlətlərin toqquşan mənafeləri fonunda baş vermir. Biz ilk növbədə ölkəmizin milli maraqlarından və üzərimizə götürdüyümüz beynəlxalq öhdəliklərdən çıxış edərək, müvafiq gedişlər edirik. İndiki vəziyyətdə də Azərbaycan tərəfi bu istiqamətdə ABŞ-dan hər hansı təklif alarsa, bunun bütün “mənfi” və “müsbət”ləri dəyərləndirilməlidir. Yalnız bundan sonra atılacaq addımların Azərbaycanın milli mənafelərinə cavab verdiyi müəyyən edilməli və buna müvafiq də iş görülməlidir. Bizim siyasətimiz, atdığımız addımlar xaotik deyil. Azərbaycan öz siyasətini reallaşdırarkən heç bir tərəfi hədəf seçmir. Rəsmi Bakı ilk növbədə milli maraqlardan və tərəfdaşlıq münasibətlərindən çıxış edərək, addımlar atır”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər