• çərşənbə, 24 Aprel, 02:06
  • Baku Bakı 14°C

ABŞ Türkiyənin jestinə cavab verəcəkmi?

15.10.18 19:15 399
ABŞ Türkiyənin jestinə cavab verəcəkmi?
Türkiyədə hərbi çevrilişə cəhdin qarşısı alındıqdan sonra amerikalı keşiş Endryu Branson cinayət məsuliyyətinə cəlb edilmişdi. Rəsmi Vaşinqton Ankaranın bu addımından çox narazı qalmışdı. Nəticədə Türkiyə-ABŞ münasibətləri xeyli gərginləşmişdi. Oktyabrın 12-də Türkiyənin İzmir şəhər məhkəməsi Endryu Bransona 3 il 1 ay 15 gün həbs cəzası verib və onu azadlığa buraxıb. Məhkəmə Bransonun nəzarətdə olduğu müddəti nəzərə alaraq onun üzərindən cəzanı, o cümlədən xaricə çıxmaq qadağasını götürüb və keşiş elə həmin gün Türkiyəni tərk edib.
Qeyd edək ki, Endryu Bransonun həbsdə saxlanılması ilə əlaqədar avqust ayının əvvəllərində ABŞ-ın Maliyyə Nazirliyi Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı "insan haqlarının ciddi pozulması” ittihamı ilə sanksiya tətbiq etmişdi. Bundan sonra ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal edilən alüminium və poladın rüsumlarını artırımışdı. Ankara isə buna cavab olaraq Amerika istehsalı olan bir sıra məhsulların, o cümlədən tütün, spirtli içkilər, avtomobil, kosmetik vasitələr, düyü və meyvələrin rüsumunu qaldırmışdı.
Türkiyə keşiş Endryu Bransonu azadlığa buraxmaqla əslində ABŞ-a jest etmiş oldu. Amma ABŞ-ın buna cavab olaraq hansı addımlar atacağı hələ ki məlum deyil. Bəs görəsən Ankaranın bu jestindən sonra Türkiyə-ABŞ münasibətlərinin normallaşacağını proqnozlaşdırmaq olarmı?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, keşiş Bransonun azad edilməsi ilə bağlı ABŞ prezidenti Donald Tramp həmkarı Ərdoğana və Türkiyəyə minnətdar olduğunu söyləyib: "Amma belə bir əlavəsi oldu ki, bunun qarşılığında heç bir addım atmayacaq. Halbuki Bransonu azad etməyin arxasında rəsmi Ankaranın siyasi istəyi dayanırdı ki, Amerika ilə münasibətlər normallaşsın. Çünki Türkiyə ABŞ-ın güclü təzyiqi ilə üzləşdi və bu, qardaş ölkənin iqtisadiyyatına mənfi təsir göstərməyə başladı. Ankaranın haqqıdır ki, Amerika müəyyən addımlar atsın. Təsadüfi deyil ki, Branson azad olunduğu gün Ərdoğan hərbiçilər qarşısında çıxışı zamanı belə bir fikir söylədi ki, ölkəsi Məmbiç məsələsində ABŞ-dan əməkdaşlıq gözləyir. Amma vaxt keçir və hələ hansısa bir addım yoxdur, PKK uzantıları oradan uzaqlaşdırılmayıb. Ankara heç olmasa bu istiqamətdə Amerikadan real addımlar gözləyir. Aydındır ki, Amerika FETÖ lideri Fətulla Güləni Türkiyəyə təhvil verməyəcək. Lakin iki dövlət arasında Suriya məsələsində əməkdaşlığın genişlənməsi mümkündür. Bunun belə olub-olmayacağını yaxın gələcək göstərəcək. Hələ ki, Trampın siyasətində dəyişən bir şey yoxdur”.
E.Şahinoğlu Türkiyə və ABŞ arasında iqtisadi gərginlik məsələsinə toxunaraq vurğuladı ki, iqtisadi sahə ilə bağlı məsələlərin həlli mümkündür: "Həmçinin Amerika Türkiyəyə satmaqdan imtina etdiyi hərbi təyyarələr məsələsinə də yenidən baxa bilər. Eləcə də Türkiyədən Amerikaya ixrac olunan məhsullara qoyulmuş əlavə vergilərin də götürülməsi mümkündür. Əlbəttə ki, bu addım Türkiyə iqtisadiyyatına müsbət təsir göstərəcək. Hesab edirəm ki, bu istiqamətdə müsbət addımların atılması mümkündür. Amma siyasi məsələlərdə, yəni kimlərinsə təhvil verilməsi, Suriya məsələsində əməkdaşlıq və digər bu kimi istiqamətlərdə hansısa addımların atılacağını gözləmirəm. Çünki Amerika tərəfindən onun işartıları yoxdur”.

Politoloq Natiq Miri bildirdi ki, keşiş Bransonun azadlığa buraxılması Türkiyədən ABŞ-a bir jest idi: "Bəzi insanlar Türkiyənin bunu təzyiq altında etdiyini düşünür. Amma mən tamamilə fərqli yanaşıram. Diqqətdən qaçırmaq lazım deyil ki, ABŞ-ın təzyiqi ilə Bransona bəraət verilmədi. O məhkum olundu, günahkar bilindi və həbs cəzası aldı. Türkiyə bununla həm də ABŞ-a və bütün dünyaya göstərdi ki, təzyiq ediləcək bir ölkə deyil. Bundan başqa, Türkiyə bu məsələdə ilk olaraq öz dövlətinin və cəmiyyətinin maraqlarını güddü. Yəni, Branson Türkiyə üçün bir o qədər də önəmli şəxs deyildi və ondan ötrü əslində Amerika kimi dünya gücü ilə bütün münasibətləri korlamağa və bu kontekstdə iqtisadi təzyiqlərə məruz qalmağa dəyməzdi. Rəsmi Ankara bu cür jest etməklə ABŞ-la növbəti dəfə münasibətləri düzəltmək marağında olduğunu ortaya qoydu. Düşünürəm ki, Türkiyənin atdığı bu addım ABŞ tərəfindən müəyyən mənada müsbət qarşılandı. Əgər rəsmi Vaşinqton Türkiyə ilə münasibətləri düzəltmək istəyindədirsə, müsbət addımlar atacaq. Amma ABŞ-ın bu yöndə addım atıb-atmayacağını bəri başdan birmənalı proqnozlaşdırmaq mümkün deyil”.
N.Miri əlavə etdi ki, ABŞ-ın dövlət strukturlarında Türkiyə ilə münasibətlərin pozulmasını istəyən və bu istiqamətdə fəaliyyət göstərən güclü qüvvələr mövcuddur: "Belə insanlar ABŞ-ın maliyyə, hərbi, kəşfiyyat strukturlarında, o cümlədən Xarici İşlər Nazirliyində var. Düşünürəm ki, Tramp Türkiyə ilə isti münasibətlərin qurulmasında maraqlıdır. Bunu dəfələrlə özü də vurğulayıb. Onu da unutmaq lazım deyil ki, bu yöndə ABŞ prezidentinə ciddi basqılar da var. Türkiyə ilə münasibətlərin pozulmasında xristianlığın evangelist təriqətinin üzvləri dayanır və onların başında duranlardan biri ABŞ-ın vitse-prezidenti Mayk Pensdir. Ona görə də birmənalı proqnoz vermək mümkün deyil. Ancaq hər bir halda ABŞ-da Türkiyənin vazkeçilməz NATO ölkəsi olduğu istiqamətində də çox ciddi fikirlər var. Hətta keşişin azad olunmasına qədər NATO hərbi bazalarının Türkiyədən çıxarılacağı ilə bağlı məlumatlar yayılırdı. Bunun qarşısını ABŞ dövlət katibi Mayk Pompeo alıb. Belə insanlar anlayır ki, Türkiyənin ABŞ-la münasibətlərinin pozulması, gələcəkdə NATO-dan çıxması bütövlükdə Avroatlantik məkanın hərbi gücünə ciddi şəkildə zərbədir”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər