• cümə axşamı, 28 mart, 14:56
  • Baku Bakı 16°C

ABŞ təbrik, Avropa tənqid edir, Rusiya susur

19.04.17 09:30 1216
ABŞ təbrik, Avropa tənqid edir, Rusiya susur
Türkiyədə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendum arxada qaldı. Xalq ölkənin prezident üsul-idarəsinə keçidinə səs verdi. Lakin referendumun nəticələri beynəlxalq güclər tərəfindən heç də birmənalı qəbul edilmir. ABŞ prezidenti Donald Tramp referendum nəticələrinə əsasən türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı təbrik edib. Lakin rəsmi Moskva referendumun nəticələrinə hələ də rəsmi münasibət bildirməyib. Yalnız Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov referedumun Türkiyənin daxili işi olduğunu deyib. Avropa İttifaqı ilk gündən əks mövqedən çıxış edərək referendumun nəticələrini tənqid edib. Əslində müxtəlif ölkələrin və beynəlxalq təşkilatların ortaya qoyduğu mövqe Türkiyəyə münasibətdə geosiyasi baxış kimi də qəbul edilə bilər.

Politoloq Fikrət Sadıxov bildirib ki, Türkiyədəki referendumla bağlı ABŞ prezidenti D.Trampın müsbət münasibət bildirməsi gözlənilən idi. Onun sözlərinə görə, Türkiyə NATO-nun üzvüdür və təşkilatın ikinci ən böyük ordusuna sahibdir: "Eyni zamanda, Suriya məsələsində ABŞ-ın atdığı son addımlar Türkiyənin marağına cavab verirdi və dəstəyini də aldı. Referendumla bağlı Trampın müsbət mövqe sərgiləməsi məhz ABŞ-ın siyasətini ortaya qoymuş oldu. ATƏT-in mövqeyinə gəlincə, bu qurum öz ənənəsinə sadiq qalaraq, yenə də qərəzli bəyanatla çıxış etdi. Çünki ATƏT birmənalı şəkildə bəzi qüvvələrin maraqlarından çıxış edir. Ümumiyyətlə, Avropanın Türkiyəyə münasibəti bəllidir. Hələ referendumla bağlı təbliğat kampaniyası çərçivəsində Niderlandın atdığı addımlar göz önündədir. Bu ölkənin iki nazirinin Türkiyə vətəndaşları ilə görüşməsinə imkan vermədilər. Əslində ATƏT-in qərəzli mövqeyi hələ o dövrdən bəlli idi”.

F.Sadıxov əlavə edib ki, Rusiyanın hələ də referendumun nəticələrinə münasibət bildirməməsi heç də ciddi məsələdən xəbər vermir: "Çünki Türkiyə və Rusiya arasında ciddi fikir ayrılığı, narazılıq yoxdur. Sadəcə, Suriya məsələsində müəyyən anlaşılmazlıq var. Ümumilikdə, Türkiyədəki referendum xalqın iradəsinin nəticəsidir və hər bir ölkə buna hörmətlə yanaşmalıdır. Onu da qeyd edim ki, Türkiyənin yeni idarəçilik sisteminə keçiddən sonra ona əks olan dövlətlərə qarşı hər hansı radikal addım atmayacaq. Rəsmi Ankara əvvəlki siyasətini həyata keçirəcək”.

Politoloq Natiq Miri bildirib ki, ATƏT-in Türkiyədəki referenduma münasibəti bütövlükdə Avropa İttifaqının qərəzli mövqeyindən irəli gəlir: "Ola bilər ki, seçki dövründə "Bəli” və "Xeyr” tərəfdarlarına bərabər imkanlar yaradılmayıb. Ancaq hər bir halda, bütün siyasi qüvvələr öz mövqeyini ictimaiyyətin diqqətinə çatdırması üçün yetərli zaman və elektron media imkanları mövcud olub. Proses müddətində "Xeyr” tərəfdarlarının apardığı kampaniya media orqanında yer almaqla yanaşı, həm Türkiyə və həm də dünya tərəfindən müşahidə edilib. Səsvermə günü isə heç bir problem və məhdudiyyət olmayıb. Ümumiyyətlə, Türkiyə demokratik seçki məsələsində öyünə biləcək dövlətlərdən biridir. Biz bunu səsvermə günü də gördük və tam şəffaf, demokratik səsvermə keçirildi. Bu gün də "Xeyr” tərəfdarları seçkidəki pozuntularla bağlı ciddi fakt ortaya qoya bilməyiblər. Lakin bütün bunların müqabilində ATƏT, Avropa Şurası və digər Avropa qurumlarının verdiyi açıqlamalar birmənalı olaraq qərəzlidir. Təbii ki, bu da Türkiyədəki referendum vasitəsilə siyasi sistemin dəyişilməsinə bilavasitə olan münasibətdən irəli gəlir. Artıq Türkiyədə siyasi sistem dəyişilib və milli iradə öz mövqeyini ortaya qoyub”.
N.Miri əlavə edib ki, D.Tramp özünün gözlənilməzliyi ilə seçildiyi kimi Türkiyədəki referendumla bağlı münasibətdə də gözlənilməz mövqe nümayiş etdirib: "Çünki bu gün Trampın prezident seçilməsində müəyyən psixoloji diskomfort var. Trampın seçilməsində Rusiya xüsusi xidmət orqanlarının rolu olması haqqında hələ də fikirlər səsləndirilir. Ona görə də ABŞ-ın referendumla bağlı ATƏT-in və digər Avropa qurumlarının mövqeyini müdafiə etməsi Türkiyə tərəfindən əks mövqe ilə qarşılanardı. Bu da Tramp administrasiyası üçün heç də xoş olmazdı. Əslində ABŞ prezidenti belə bir mövqeyi ilə Rusiyanı qabaqladı və bir daha göstərdi ki, ABŞ, sözün əsl mənasında, Türkiyəyə Rusiyadan bir addım daha yaxındır”.

Politoloq qeyd edib ki, referendumdan sonrakı proseslər Türkiyə hakimiyyətindən asılı olacaq: "Söhbət ondan gedir ki, bu gün "Bəli” tərəfdarları qalib gəlmiş olsa da, Türkiyə cəmiyyətinin yarısı qədər "Xeyr” deyənlərin olmasını nəzərə almaq lazımdır. Ona görə də AKP hakimiyyəti, başda prezident Ərdoğan olmaqla, bundan sonra "Bəli” və ya "Xeyr” deyənlərə heç bir fərq qoymadan barışdırıcı bir siyasət yürütməlidirlər. Toplumu birləşdirəcək bir siyasət yürüdülərsə, bu, Türkiyəni daxildən gücləndirər. Türkiyənin xarici siyasətdə güclü olması üçün daxili güc əsas faktor rolunu oynayır. Əgər Türkiyə daxildə güclü olsa, beynəlxalq aləmdə öz sözünü demək əzminə sahib olacaq”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər