• çərşənbə, 24 Aprel, 10:05
  • Baku Bakı 13°C

“ABŞ siyasətçiləri cılızlaşıblar”

23.12.14 12:07 1492
“ABŞ siyasətçiləri cılızlaşıblar”
Son vaxtlar Qərb dövlətləri Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirirlər. Xüsusən də ABŞ-ın bəzi dairələri ölkəmizin artıq Qərbi və onun dəyərlərini “inkar etmək” yolunu tutması barədə rəy formalaşdırmağa çalışır, guya Azərbaycanın Avropa məkanına inteqrasiyada maraqlı olmadığını, Vaşinqton və onun müttəfiqləri ilə əlaqələrini inkişaf etdirmək istəmədiyini bildirirlər. ABŞ-Azərbaycan münasibətləri, Qərbin regionda geosiyasi maraqları, demokratiya adı altında ölkəmizə edilən təzyiqlər və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə cavablandırır.
- Araz bəy, Qərbin Azərbaycana qarşı əsassız ittihamları, qeyri-obyektiv və qərəzli münasibəti nədən qaynaqlanır?
- ABŞ-ın bir sıra QHT-ləri dövlətdən maliyyələşirlər. Onlar Dövlət Departamentini, BMT Təhlükəsizlik Şurasını və sairi inandıra bilmişdilər ki, Azərbaycanda “rəngli inqilab” edə biləcəklər. Bunun üçün də Azərbaycanı sevməyən, sapı özümüzdən olan bəzi bivec QHT təmsilçilərinə külli miqdarda qrantlar ayırmışdılar. Ən müxtəlif yollarla onlara maliyyə yardımı etmişdilər. Onlar da aldıqları pulun və tapşırığın müqabilində bu inqilablara hazırlıq görürdülər. Misal üçün, 2000-ci illərin əvvəllərində Serbiyada, sonra Ukrayna, Gürcüstan və Qırğızıstanda rəngli inqilablar vasitəsilə hakimiyyət çevrilişləri həyata keçirilmişdi. Aradan bir neçə il keçdikdən sonra hakimiyyət çevrilişləri və inqilablar “ərəb baharı” adı altında Tunis, Misir, Liviya, Yəmən, Suriya kimi dövlətlərdə baş vermişdi. Bu ssenarilərin Azərbaycanda da reallaşdırılması istiqamətində addımlar atılmışdı. Amma Azərbaycanın hüquq-mühafizə orqanları ayıq-sayıqlıq nümayiş etdirərək, vaxtından bunun qarşısını ala bildilər. Əks halda, Ukraynadakı hadisələr bizdə də baş verəcəkdi. Eşidəndə ki, bir qrup gənclərin münaqişə törətmək cəhdinin qarşısı alınıb, onların evlərindən külli miqdarda pul, “molotov kokteyli” tapıblar, bu, mənə çox təəccüblü gəldi. Düşünürdüm ki, görəsən, kimlərdir bu “molotov kokteyli”ndən istifadə etməyə can atanlar. Son Ukrayna hadisələrini, “Maydan”da baş verənləri izlədikdə, hər şey özümə aydın oldu. Ona görə də Azərbaycanın xüsusi-xidmət orqanları çox böyük iş görərək, ölkəmizi böyük bir bəladan xilas ediblər. Beləliklə, yuxarıda qeyd etdiyim kimi, Qərb Azərbaycanda bir sıra QHT və təşkilatlara pul buraxıb, amma nəticə əldə etməyib. Belə olan halda Qərb Azərbaycan dövlətinə təzyiq etmək yolunu tutub. İstəyirlər ki, dövləti zəiflətməklə onlara işləyən qüvvələrin sərbəst fəaliyyətinə şərait yaratsınlar. Əl buyruğu olan həmin təşkilatlar da bu imkandan yararlanıb Azərbaycanda böyük çaxnaşmalar yaratsınlar. Nəticədə də Qərb ölkələri istəklərinə çata bilsinlər. Azərbaycan hər zaman yağlı tikə olub və bir çox dövlətlər o tikəyə sahib çıxmağa çalışıblar. Eyni zamanda Qərb dövlətləri Rusiyanın qonşuluğunda olan dövlətlərin bu ölkə ilə münasibətlərinin pis olması strategiyasını həyata keçirməyə başlayıblar. İstəyirlər ki, heç bir qonşu ölkənin Rusiya ilə yüksək səviyyəli münasibətləri olmasın. Azərbaycan isə müstəqil siyasət yürüdərək, Rusiya ilə normal münasibətlər qurur, mehriban qonşuluq siyasəti yürüdür. Ölkə başçısı İlham Əliyev müstəqil siyasət həyata keçirərkən özünə böyük qardaş, qoltuğuna sığınmaq üçün böyük güc axtarmır. Azərbaycan müstəqil ölkə olaraq bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər qurur. Ona görə də Qərbin bir çox demokratları Azərbaycanın müstəqil xarici siyasətini həzm edə bilmirlər.
- Sizcə ABŞ-ın regionda və Azərbaycanda geosiyasi maraqları nədən ibarətdir?
- ABŞ-ın yalnız regionda və Azərbaycanda deyil, bütün dünyada yeganə strateji marağı var: dünyada xaos olsun, Amerika fövqəldövlət kimi bütün cahana ağalıq etsin. Bu məqsədlə ABŞ artıq Avropa ölkələrini də diz çökdürüb. Misal üçün, Rusiyaya qarşı sanksiyalara qoşulduğuna görə, Avropa ölkələrinə çox böyük zərbə dəydi. Əvvəlcə Avropa ölkələri öz dövlət maraqlarından, əhalisinin mənafeyindən çıxış edib bu sanksiyalara qoşulmaq istəmirdilər, lakin Co Baydenin etirafından da məlum olduğu kimi, ABŞ prezidenti Barak Obama öz müttəfiqlərini çıxılmaz vəziyyətə salıb, sanksiyalara qoşulmağa məcbur edib. Amerika üçün müqəddəs heç nə yoxdur. Bu dövlət heç bir ölkənin müstəqilliyini qəbul etmir. Yeganə məqsədi dünyaya hakimi mütləq olmaq, onu idarə etməkdir. Bu onu göstərir ki, ABŞ siyasətçiləri cılızlaşıblar. Bu ölkədə üzdə olanlar kifayət qədər varlı, ancaq savadsız insanlardır. Onlar da yalnız öz maraqlarını güdürlər. Təsəvvür edin, Ukraynanın Donetsk vilayətində mübarizə davam edir, amma artıq Co Baydenin oğlu oradakı istehsal sahəsində iştirak edəcək şirkətin rəhbəri seçilib. Bundan başqa, ABŞ Ukraynanın Krım Muxtar Respublikasının Sevastopol şəhərindəki Rusiyaya məxsus hərbi bazanın çıxarılmasının vacibliyini qeyd edir, Kiyevdəki müttəfiqləri ilə bu barədə 2013-cü ilin dekabr ayından danışıqlar aparırdı. Paralel olaraq da 2014-cü ilin yanvarından Sevastopolda ABŞ-a məxsus hərbi dəniz donanması bazasının tikintisini planlaşdırır, bunun üçün tender elan edirdi. Yaxud, Azərbaycanı azad toplaşmaq haqqında qanunları pozmaqda, polisi zorakılıq törətməkdə ittiham edən ABŞ öz ölkəsində insan hüquq və azadlıqlarının pozulmasını, polis zorakılığını görməzlikdən gəlir. Misal üçün, Ferqyusonda avqustun 9-da polisin qaradərili gənc Maykl Braunu öldürməsindən sonrakı proseslərdə 52 jurnalist polis zorakılığına məruz qalıb, onlardan 21-i həbs edilib. 2008-ci ildə respublikaçıların Minnesotanın Sent Pol şəhərindəki ümummilli qurultayında 42, Uoll Striti İşğal Et hərəkatı zamanı isə nə az, nə çox 90 jurnalist polis tərəfindən həbs edilib. Hələ mən bu aksiyalarda polis tərəfindən öldürülən qaradərililəri demirəm. Bütün bunları nəzərə alsaq, birmənalı şəkildə deyə bilərik ki, Amerika dünyanı XX əsrin əvvəllərinə qaytarmaq istəyir. Hazırda insan haqları, demokratiya böyük dəyənəyə çevrilib. Hansı ölkələr ABŞ-ın mənafeyinə uyğun siyasət yürütmürsə, həmin dəyənək onların başına çırpılır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər