• cümə, 29 Mart, 00:16
  • Baku Bakı 7°C

ABŞ “Şimal axını-2”yə sanksiya tətbiq etməyə hazırlaşır

22.05.19 17:32 507
ABŞ “Şimal axını-2”yə sanksiya tətbiq etməyə hazırlaşır
Rusiyanın "Şimal axını-2” layihəsinin başı üzərində təhlükə sovuşmur. Layihənin reallaşmasına qarşı çıxan Ukrayna ona qarşı ciddi beynəlxalq maneə yaratmaqda davam edir. Bu ölkənin "Obozrevatel” nəşri yazır ki, Kiyevdə bu məsələdə ən ciddi dəstək amerikalılardan gözlənilir. Ağ ev bəyan edib ki, "Şimal axını-2” layihəsinə qarşı sanksiya tətbiq etməyə hazırlaşır. Bundan əlavə, qaz kəmərinin işini məhdudlaşdıracaq qanun layihəsi hazırlanır. Ukrayna hökumətinin mətbuat xidməti xəbər verir ki, bu barədə Birləşmiş Ştatların energetika nazirinin müavini Rik Perri bəyan edib. Əgər məhdudiyyətlər boru xəttinin inşası ilə məşğul olan şirkətləri əhatə edərsə, onda bu, faktiki olaraq "Şimal axını-2” layihəsinin buraxılışını dayandıra bilər. Rusiya artıq etiraf edib ki, əvvəlcədən planlaşdırılan kimi, 2020-ci il yanvarın 1-də kəmərin işə düşməsi mümkün olmayacaq. Əsas səbəb də odur ki, Danimarka inşa işlərinə razılıq verməyib. Alternativ yol isə daha çox vəsait və vaxt tələb edəcək. Lakin əgər Birləşmiş Ştatlar sərt sanksiyalar tətbiq etsə, onda işlər ümumiyyətlə dayandırıla bilər. Bir qədər əvvəl "Blumberq” agentliyi öz mənbələrinə istinadən belə bir məlumat yayıb ki, Texas ştatından olan respublikaçı Ted Kruz və Nyu-Hempşirdən olan demokrat senator Cinn Şeyxin "Şimal axını-2” layihəsinə qarşı sanksiya layihəsi hazırlayıblar. Hər iki şəxs beynəlxalq münasibətlər üzrə komitənin üzvləridirlər və bu layihə ilə Rusiyaya qarşı təzyiqləri artırmağı planlayırlar. Sanksiyalar Rusiyanın enerji layihələri üçün su dərinliklərində boru xətlərinin inşasını həyata keçirən şirkətləri əhatə etməlidir. Sənəd birbaşa olaraq "Şimal axını-2” layihəsinə qarşı yönəlib. Qanun layihəsində həmçinin bu şirkətlərin rəhbərlərinə viza verilməsinə qadağaların tətbiqi də nəzərdə tutulub. ABŞ nümayəndəsinin bəyanatını Ukrayna baş naziri Vladimir Qroysman da şərh edib. Bildirib ki, "ABŞ energetika nazirinin müavini Rik Perri ilə görüşdə amerikalı həmkarlarımıza energetika sahəsində göstərdikləri dəstəyə görə təşəkkür etdik. Ukrayna və bütövlükdə regionun enerji təhlükəsizliyi üçün bir sıra birgə işlərin aparılması zəruridir”. Əlavə edib ki, "Şimal axını-2” layihəsinin inşası Rusiyanın enerji silahlarından biridir: "Rusiya bu qaz kəmərini Avropakı tərəfdaşları təsir etmək üçün istifadə edir. Ukrayna qəti şəkildə inşa işlərinə qarşı çıxır”.
Xatırladaq ki, fevralda Paris və Berlin Avropa İttifaqının qaz direktivasına düzəlişlərlə bağlı kompromis işləyib hazırlayıblar. Bu düzəlişlər onu təsdiq etmək yolunda problemləri aradan qaldıra bilər. Berlinə isə "Şimal axını-2” layihəsini reallaşdırmaq üçün əlavə imkanlar verə bilər. Fevralın 13-də Avropa İttifaqının Şurası və Avropa Parlamenti qaz direktivasını qəbul edib. Məhz bu düzəlişdən Ukraynadan yan keçən Rusiya qaz kəmərinin taleyi asılıdır. "Şimal axını-2” layihəsinin nümayəndəsi Yens Müller isə "Anadolu” agentliyinə bildirib ki, layihə tam şəkildə qanun uyğundur. "Biz tam şəkildə sakitik və hər şey plana uyğun şəkildə gedir.” Onun sözlərinə görə, ABŞ-ın aktiv mövqeyi özünün sıxılmış qazının Avropaya daşınması həcmini artırmağa hesablanıb. Türkiyənin "Sözçü” qəzeti isə yazır ki, Rusiya qazı ilə bağlı ABŞ və Avropa arasında münasibətlər gərginləşmək üzrədir. ABŞ hər vəchlə bu layihəni dayandırmağa çalışır. Avropa isə buna getmir.
Yeri gəlmişkən, "Forbes” dərgisinin saytında Paul Qregori yazır ki,"indiki məqamda Rusiyanın Avropadakı qaz bazarında hərəkətə keçməsi üçün ən pis vaxtdır. Ancaq prezidentVladimir Putinin gözlənilməz gedişlər etdiyini nəzərə alanda ehtiyatlı olmaq gərəkdir”. Əlavə edir ki, Rusiyanın "Qazprom” şirkəti Avropanın demək olar ki, yekdilliklə qarşı çıxdığı "Şimal axını-2” layihəsini xilas edə bilib: "Bu kəmər birbaşa Almaniyaya gedir. Di gəl, "Qazprom” yeni qeyri-əlverişli qaydalarla üzləşib. 2019-cu il aprelin 5-də Avropa Parlamenti və Avropa Komissiyasının qəbul etdiyi yeni qaydaya görə, "Qazprom” çatdırılma xərcini istehsaldan ayırmalıdır. Digər tərəfdən, Almaniya kansleriAngela MerkelUkraynaya söz verib ki, "Şimal axını-2” olsa da, olmasa, da Rusiya qazı Ukraynadan axacaq. Hələ bu, hamısı deyil: Amerikanın maye qazı (LNG) ilə rəqabəti nəzərə alanda Rusiya nəhəng Avropa bazarına çatdırmalarının etibarlılığını təmin etməlidir. "Qazprom”un öz məlumatlarında deyilir ki, "Şimal axını-2” planlaşdırıldığı kimi, 2020-ci ilin əvvəlində hazır olmayacaq. Danimarka tikintiyə icazə verməyib, marşrutun dəyişməsini istəyib”. Müəllif yazır ki, bu layihə gecikərsə, Rusiyanın Ukrayna kəmərlərindən istifadə etməkdən başqa yolu qalmır. Ancaq Ukraynanın "Naftogaz” şirkətində hesab edirlər ki, Putin "aşırı qaz variantına” əl atmağa hazırlaşır, bu halda Ukrayna iqtisadiyyatında azalma yaranar, Avropada isə qaz kəsintiləri. Onların fikrincə, Rusiya bu addımı 2020-ci il yanvarın 1-dən ata bilər. Ukraynanın qaz ekspertləri "Qazprom”un Avropadakı anbarlarda qaz yığmasına diqqət çəkirlər. Onlar dolunca "Qazprom” icarəyə yeni obyektlər götürür. Ukraynalılar fikirləşirlər ki, bu qaz Rusiyanın Avropaya minimum kontrakt öhdəliklərini ödəməsi üçün yığılır, yəni Rusiya bu halda Ukrayna kəmərlərindən heç istifadə etməyə də bilər.
Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, "Şimal axını-2” layihəsinin reallaşması ilk növbədə Ukrayna üçün ciddi zərbədir. Bu Ukraynaya həm iqtisadi, həm də siyasi zərbə vurmuş olacaq. Kiyev il ərzində tranzitdən milyardlar əldə etməkdən məhrum olacaq, siyasi mənada isə işğal altında olan torpaqları məsələsini gündəmə gətirmək imkanı məhdudlaşacaq.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər