• cümə, 29 Mart, 05:22
  • Baku Bakı 7°C

ABŞ “Şimal axını-2”nin tikintisində iştirak edən şirkətləri sanksiya ilə hədələdi

14.01.19 17:21 540
ABŞ “Şimal axını-2”nin tikintisində iştirak edən şirkətləri sanksiya ilə hədələdi
Birləşmiş Ştatların Almaniyadakı səfiri Riçard Qrenellin "Şimal axını-2” layihəsinin inşası ilə məşğul olan konkret firmalara qarşı sanksiya hədəsi iki ölkə arasında diplomatik qalmaqala səbəb olub. Almaniyanın Xarici İşlər Nazirliyi bu bəyanatdan dərhal sonra amerikalı diplomatı etik qaydaları pozmaqda günahlandırıb. Hətta XİN amerikalı diplomatın məktubunu təxribat kimi dəyərləndirib. Bu barədə "Handelsblatt” nəşri öz mənbələrinə istinadən yazıb. Səfir Riçard Qrenell isə Berlinin söylədiyi fikirləri qulaqardına vurub. Bu qarşıdurma fonunda alman biznesinin nümayəndələri etiraf ediblər ki, qaz kəmərinin inşası dayandırıla bilər. Alman siyasətçiləri isə israrla bildirirlər ki, bu, praktiki cəhətdən mümkün deyil. Lakin ABŞ sanksiyalarının "Şimal axını-2” layihəsinin inşasını dayandıra biləcəyini alman iqtisadiyyatının Şərq Komitəsinin icraçı direktoru Mixael Xarms etiraf edib. O bildirib ki, "Şimal axını-2 layihəsinin reallaşmasında dünyanın müxtəlif ölkələrindən olan 627 podratçı firma iştirak edir. Onların arasında çox dar formada ixtisaslaşmış müəssisələr var, məsələn boru qoyanlar. Belə firmalar unikal texnologiyalara malikdirlər. Onlara qarşı sanksiyalar minimum olaraq bütün layihənin reallaşmasını ləngidə bilərdi. Ən pis halda isə layihənin icrası tam şəkildə dayanmış olardı”, - deyə icraçı direktor Xarms Deutsche Welle (DW) nəşri üçün müsahibəsində bildirib. Buna qədər avropalı siyasətçilər iddia edirdilər ki, "Şimal axını-2” layihəsini dayandırmaq praktiki cəhətdən mümkünsüzdür. Bu barədə Danimarkanın baş naziri Lars Lekke Rasmussen də israrla bildirirdi. O qeyd edirdi ki, öz ərazi sularında boru xəttinin inşasına icazə verməməklə, Danimarka layihəni gecikdirə bilər, amma işlərin tam dayandırılması mümkün deyil. Almaniyanın Kiyevdəki səfiri Ernst Rayxel isə bu qənaətdədir ki, "Şimal axını-2” layihəsindən imtina üçün qanuni əsas yoxdur. O, ukraynalı jurnalistlərə müsahibəsində o bildirib ki, "Şimal axını-2” layihəsini dövlət strukturları deyil, kommersiya müəssisələri inşa edir. Bu səbəbdən də rəsmi Berlin bütün icazələrin alındığı layihə ilə bağlı qanunsuz və necə gəldi qadağalar tətbiq edə bilməz.
Almaniyanın xarici işlər naziriHeiko Maasisə deyib ki, ABŞ-ın Moskvanın dəstəklədiyi "Şimal axını-2” təbii qaz layihəsinə qarşı sanksiyaları enerji təchizatı mübahisəsini həll etməyin yanlış yoludur: "Avropanın enerji siyasətinə dair suallar Birləşmiş Ştatlarda deyil, Avropada həll olunmalıdır”. Nazir əlavə edib ki, "Şimal axını-2 kəmərinə birtərəfli sanksiya tətbiqi "düzgün yol deyil”.
Almaniya kansleriAngela Merkelisə deyib ki, Rusiya prezidentiVladimir Putindən Ukrayna ərazisindən qaz nəqlinə icazə verəcəyinə dair vəd alıb. Moskva 11 milyard dollarlıq bu layihəni sırf iqtisadi adlandırır, başqa ölkələrə qarşı yönəlmədiyini deyir. Moskva 2014-cü ildə Ukraynanın Krım regionunun qanunsuz ilhaq edəndən Rusiyanın Qərblə münasibətləri pisləşib. Moskva həm də Ukraynanın şərqində hökumət qüvvələrinə qarşı savaşan separatçıları dəstəkləyir. 2014-cü ilin aprelindən bu müharibədə 10 min 300-dən çox ölən olub.
Öz növbəsində Çexiyanın enerji təhlükəsizliyi üzrə səlahiyyətli nümayəndəsi Vaçlav Bartuşka RİA "Novosti”yə bildirib ki, Avropa qanunvericiliyində "Şimal axını-2” layihəsinin dayandırılması üçün hər hansı bir leqal vasitə mövcud deyil. Donald Tramp administrasiyası da "Şimal axını-2” layihəsini Avropanın qanuni prosedurları çərçivəsində deyil, alman şirkətlərinə qarşı özbaşına qadağalar tətbiq etməklə dayandırılmasına çalışır. Sirr deyil ki, Almaniyanın İkinci Dünya Müharibəsində təslim olmasından sonra ABŞ bu ölkənin məhdud suverenliyini nəzarətdə saxlayır. Bu səbəbdən də amerikalı səfir birbaşa və konkret olaraq almanların şirkətlərini sanksiyalarla hədələyir. Hətta səfir Almaniya XİN-nin onu sanksiya hədəsinə qarşı çıxmasından təəccübünü gizlətmir. Ötən gün Qrenellin nümayəndəsi bəyan edib ki, səfirin açıqlamasını birbaşa hədə kimi deyil, sadəcə, Amerika siyasətinin aydın müraciəti kimi nəzərdən keçirmək gərəkdir.
Rusiyanın mövqeyinə gəldikdə, ekspertlər Amerika administrasiyasının konkret hərəkəti ilə siyasi bəyanatları fərqləndirməyi məsləhət görürlər. Məsələn, Milli Energetika İnstitutunun direktoru Sergey Pravosudov bildirir ki, " bir var Vaşinqtonun mövqeyi və səsləndirdiyi fikirlər, bir də var Amerika administrasiyasının fəaliyyəti. Hələ ki, bunlar "Şimal axını-2” layihəsinə təsir etməyib. Tikinti işləri davam edir və 2019-cu ildə başa çatacaq”. O xatırladır ki, Amerikanın SSRİ-nin, sonra isə Rusiyanın qaz ixracına qarşı çıxmasının 50 illik tarixi mövcuddur. Buna baxmayaraq, Rusiya qazının Avropa ölkələrinə ixracı nəinki azalır, əksinə artır. Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Problemləri Mərkəzinin aparıcı elmi işçisi Konstantin Bloxin isə Amerikanın alman şirkətlərinə qarşı hədə-qorxularını psixoloji təzyiq vasitəsi hesab edir: "Lakin amerikalılar Almaniyanın mövqeyinə təsir edə bilməyiblər”.
"Şimal axını-2” layihəsi ilə yanaşı, Avropada amerikalılarla başqa bir məsələ ətrafında da fikir ayrılıqları yaranıb. Söhbət ABŞ-ın Rusiyanın alüminium istehsalçılarına qarşı sanksiyaları zəiflətməsindən gedir.
Xatırladaq ki, il ərzində 55 mlrd. kub metr qazın ixracını nəzərdə tutan "Şimal axını-2” layihəsi Rusiya qazının Baltik dənizinin dibi ilə Almaniyaya çatdırılmasını nəzərdə tutur. ABŞ qəti şəkildə bu layihəyə qarşı çıxır. Rusiya prezidenti Vladimir Putin bununla bağlı bildirib ki, ABŞ prezidenti Donald Tramp sıxılmış qazın Avropaya çatdırılmasında ABŞ biznesinin maraqlarını ifadə edir. Almaniya kansleri Angela Merkel də dəfələrlə bəyan edib ki, Berlin "Şimal axını-2”ni kommersiya layihəsi kimi nəzərdən keçirir. Lakin eyni zamanda bildirir ki, onun reallaşması ilə yanaşı, Ukraynadan qazın tranziti də saxlanılmalıdır.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər