• cümə axşamı, 28 mart, 15:04
  • Baku Bakı 16°C

ABŞ “Şimal axını-2” layihəsinin qarşısını ala biləcəkmi?

10.09.16 10:44 1248
ABŞ “Şimal axını-2” layihəsinin qarşısını ala biləcəkmi?
Rusiyanın hər vəchlə "Şimal axını-2” layihəsini reallaşdırmaq cəhdi səngimək bilmir. Layihəni reallaşdırmaq istiqamətində getdikcə təklənən "Qazprom” hər tərəfdən təzyiqlərlə üzləşir. ABŞ-ın Rusiyanın Ukrayna torpaqlarını işğal etdiyinə görə tətbiq etdiyi sanksiyalar öz gücünü göstərməkdədir. Düzdür, "Qazprom” rəhbəri Aleksey Miller bəyan edib ki, bu, layihənin reallaşmasında heç bir problem yaratmayacaq.

Məlumata görə, ABŞ Maliyyə Nazirliyi 100-dən artıq rus şirkətini "qara siyahı”ya daxil edib. Onların sırasında "Qazprom”un törəmə müəssisələri də var. Qərb mediası iddia edir ki, sanksiyalar "Qazprom”un planlarına – o cümlədən Rusiyadan Almaniyaya Baltik dənizinin dibi ilə gedəcək qaz nəqlini nəzərdə tutan "Şimal axını-2” layihəsinə mane ola bilər. Sanksiyalar Sibirdə qaz yataqlarında iş aparan "Açim development” şirkətinə də aid edilib. Bu isə "Qazprom”un törəmə müəssisəsidir. Onun səhmlərinin 51 faizi "Qazprom”a aiddir. Bir qisim isə Avstriyanın "OMW” şirkətinə aiddir. "Qazprom” və "OMW” arasında müvafiq sazişlər var. Sanksiyalar isə onların əməkdaşlığını təhlükə altına alır. Çox güman ki, Avstriya şirkəti əməkdaşlığı dayandırmalı olacaq. Bir məsələni də qeyd edək ki, Birləşmiş Ştatlar əvvəldən "Şimal axını-2” layihəsinə qarşı olub. Dəfələrlə layihənin Avropanın milli təhlükəsizliyini təhdid etdiyini, enerji birliyinə zidd olduğunu və bölgənin enerji təhlükəsizliyinə töhfə vermədiyini vurğulanıb. ABŞ bu layihəni həyata keçirmək əvəzinə, "Trans-Adriatik” (TAP)və Türkiyədən keçən "Trans-Anadolu” (TANAP) kəmərlərindən ibarət olan "Cənub Qaz Dəhlizi”nin icrasının sürətləndirilməsini daha məntiqli hesab etdiyini bəyan edib. Ancaq Almaniya layihənin əsas dəstəkçisi qismində çıxış edir. Və layihəyə qarşı olan dövlətlərin mövqelərini zəiflətmək üçün əlindən gələni edir. Bütün bunlara baxmayaraq, rəsmi Berlinin səyləri bir nəticə vermir. Avropa ölkələri əsas şərt kimi, Rusiyanın Ukrayna torpaqlarının işğalına son qoymasını irəli sürürlər.

Yeri gəlmişkən, "Şimal axını-2” layihəsinin reallaşması istiqamətində ciddi problemlər avqustda reallaşıb. Ötən ayın ortalarında layihə ilə bağlı beynəlxalq konsorsiumun yaradılması barədə planlar pozuldu. Polşanın UOKiK antimonopoliya nizamlayıcı şirkəti bəyan etdi ki, "Şimal axını-2” layihəsi reallaşarsa, bu, Polşada Rusiyanın monopolist mövqeyini daha da gücləndirmiş olacaq. Bundan sonra Rusiya Polşa şirkəti ilə sazişi dayandırdı. Polşanın çağırışına birdən-birə altı Qərb şirkəti reaksiya verdi. Lakin Rusiya rəsmiləri bəyan edirlər ki, bu heç də konsorsiumun sonu demək deyil və layihənin reallaşmasına heç nə mane ola bilməz. Qərb analitikləri bu qənaətdədirlər ki, Rusiyanın əlində əvəzsiz bir qüdrətli silah var. Əsas arqumentləri də odur ki, "Şimal axını-2” layihəsi ən böyük həcmdə və bir mənbədən Rusiya qazının Avropaya nəqlini nəzərdə tutur.

Hazırda Rusiya və Avropa İttifaqını, daha dəqiq ifadə etsək, Rusiya ilə Almaniyanı "Şimal axını-1” kəməri bağlayır. Onun iki paralel xətləri fəaliyyətdədir. Birinci xətt 2011-ci ildə işə salınıb. İkinci isə bir il sonra açılıb. Dünyanın ən bahalı boru xətti hesab edilən bu kəmərin uzunluğu 1222 km-dir. Kəmər reallaşan zaman onu Avropa İttifaqına üzv dövlətlərin, Avropa Parlamentinin deputatları və digər Avropa strukturları tənqid etmişdilər. Onların gətirdiyi arqument də bu idi ki, Rusiya və Almaniya növbəti iri monopoliya və yeni rıçaq yaratmış olublar. Bununla da Moskva Avropa İttifaqı ölkələrinə təsirini gücləndirə biləcək. Polşanın o zamankı müdafiə naziri, Rusiya siyasətini kəskin tənqid edən Yaroslav Sikorski bu layihəni hətta yeni Molotov-Ribbentrop paktı adlandırmışdı. Lakin layihə reallaşdı və Rusiyanın ambisiyaları tək bununla kifayətlənmədi. Kreml Almaniya istiqamətində yeni bir layihə reallaşdırmağa çalışdı. Və bəyan etdi ki, yeni və daha güclü layihə reallaşdırmağa çalışacaq. Ekspertlər bu layihəni birincidən də güclü manipulyasiya silahı adlandırırlar. Baltik dənizinin dibi ilə keçəcək layihə il ərzində 55 mlrd. kub metr qazın nəqlini nəzərdə tutur və daha tez müddətə - 2019-cu ildə işə salınmalıdır.

Bu dəfə də Polşa həyəcan təbili çalmağa başlayıb. Polşa ilə birlikdə Avstriyanın "OMW”, Fransanın "Egnie”, Almaniyanın "Uniper” və"Winterstall”, eləcə də Britaniya və Niderlandın birgə müəssisəsi olan "Shell” konsorsiumu da imtina ediblər. Əvvəlki planlara görə, Qərb kompaniyaları "Şimal axını-2” layihəsinin xərclərinin bir qismini örtməli idilər. İndi isə bu kəmərin gələcəyi sual altındadır. İndi "Qazprom” təklikdə 8 milyard avroluq irimiqyaslı layihəni reallaşdırmalıdır. Amma indi Rusiyanın qaz monopolisti "Qazprom”un ambisiyalarını reallaşdırması üçün elə də yaxşı vaxt deyil. Bir tərəfdən ABŞ, digər tərəfdən isə Avropa İttifaqının sanksiyaları qüvvədədir. Bu da Rusiyanın imkanlarını məhdudlaşdırır. "Qazprom”un vəziyyəti də indi ürəkaçan deyil. Şirkətin bazar qiyməti 350-dən 50 mlrd. dollara enib. Bütün bunları isə tək enerji resurslarının aşağı düşməsi ilə bağlı deyil, həm də düzgün idarəetmənin olmaması ilə əlaqələndirilər. Lakin hələ ki "Şimal axını-2” layihəsinə ümidlər qalır. Belə ki, kəmərin milli nizamlayıcıları – Danimarka, Finlandiya və İsveç öz sözlərini deməyiblər. Çünki kəmər onların da ərazisindən keçir. O ki qaldı Avropa Komissiyasının mövqeyinə, adıçəkilən qurum bəyan edib ki, "Şimal axını-2” layihəsinin dənizin dibi ilə keçən hissəsi Avropa İttifaqının hüquqi sənədlərinə uyğun olmalıdır.

O da qeyd edilir ki, "Şimal axını-2” layihəsi ətrafında baş verənlər Rusiyanın diqqətini başqa bir istiqamətə - Türkiyə tərəfə yönəldə bilər. Kreml bu ölkənin enerji sistemi ilə yaxınlaşma xətti götürə bilər. Moskva və Ankara təyyarə vurulması ilə gərginləşən münasibətləri nəinki bərpa, hətta xeyli gücləndirməyə müvəffəq olublar. İki ölkə prezidenti - Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında keçən görüşdə "Qazprom” və Türkiyənin "Botas Petroleum”u arasında əməkdaşlığın gücləndirilməsi barədə razılıq əldə olunub. "Qazprom”un icraçı direktoru Aleksey Miller bildirib ki, "Türk axını”Rusiyadan Türkiyəyə Qara dənizdən uzanacaq qaz boru xəttilayihəsiolaraq hazırlanıb. O, layihədə öncədən planlaşdırılan bütün detalların yenilənəcəyini bildirib: "Türk axını”layihəsi ilə Türkiyə tərəfi Yunanıstan sərhədindən Avropaya yeni qaz tədarükünü həyata keçirə bilər”. Lakin analitiklər hesab edirlər ki, Suriyada baş verən hadisələr fonunda Rusiya-Türkiyə münasibətlərini stabil saymaq olmaz.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər