• cümə, 26 Aprel, 09:47
  • Baku Bakı 12°C

ABŞ silahı ilə çəkilən qanlı mənzərə

28.04.15 07:14 1077
ABŞ silahı ilə çəkilən qanlı mənzərə
Xarici siyasətinin əsas mahiyyəti dünya ağalığı istəyi olan Birləşmiş Ştatlar bu siyasəti reallaşdırmaq üçün əlindən gələni edir. SSRİ-nin dağılması ilə fövqəldövlət statusunu bir qədər də artıran ABŞ bu gün dünyanın siyasi nizamının müəyyən edilməsində rol oynamaq üçün bütün siyasi və hərbi vasitələrdən yararlanır. Son illərin siyasi mənzərəsinin təhlili isə ABŞ-ın bu siyasətinin böyük fəsadlar yaratdığını üzə çıxarır. Bunu son illərdə Yaxın Şərq və ərəb ölkələrində baş verən olaylar əyani surətdə təsdiq edir. İraqda nüvə silahı axtarmaq adı altında həyata keçirilən müharibə ilə güclənən bu siyasət sonrakı illərdə özünü daha sərt formada büruzə verməyə başladı. Təəssüfedici hal ondan ibarətdir ki, terror birləşmələrinə qarşı mübarizə adı altında həyata keçirilən bu döyüşlərin qurbanları daha çox dinc sakinlər olurlar. Keçən 12 il ərzində NATO və onun əsas özəyini təşkil edən Birləşmiş Ştatlar dəfələrlə dinc sakinləri bombardman edib və bütün bunlardan ancaq üzrxahlıq etməklə canını qurtarır. Bəs görəsən, ABŞ-ı etdiyi səhvlərə görə kim cəzalandıracaq? Dəfələrlə bu və buna bənzər hadisələrin şahidi olmuşuq ki, ABŞ hərbçiləri işğal etdikləri ölkələrdə zorakılıqlara yol verir. Bu kimi faktlar saysız-hesabsızdır. Onların bəzilərinə nəzər salaq. ABŞ hərbçilərinin Əfqanıstanın Lahor əyalətində xəstəxanaya atdığı mərmi xeyli insanın ölümünə səbəb olub. Eləcə də ABŞ ordusunun keçmiş qulluqçusu Bredli Menninq 2010-cu ildə İraqda Amerika hərbi helikopterinin dinc insanları güllələməsi ilə bağlı videonu internetə yerləşdirməklə əsl qalmaqal yaratmış oldu. Həmin güllələmə əməliyyatında nüfuzlu media orqanlarının jurnalistləri də həlak olmuşdular. ABŞ hökuməti məsələnin araşdırılacağını bəyan etsə də, bütün səylərini informasiyanı ictimailəşdirən şəxsin tapılmasına yönəltdi. Daha sonra B.Menninq jurnalist Adriano Lamo ilə əlaqə quraraq, ABŞ hərbçilərinin vəhşilikləri barədə materialları ona ötürdü və həmin məlumatlar ardıcıl şəkildə Wikileaks saytında verildi. 2010-cu ildə elə həmin A.Lamo tərəfindən verilmiş məlumat əsasında həbs olunan B.Menninq əvvəlcə iki ay Küveytdəki Kemp-Arifcan ABŞ hərbi bazasında saxlandı, iyulda isə ABŞ-a gətirildi. B.Menninqə qarşı irəli sürülmüş ittihamlara əsasən, onu 52 il azadlıqdan məhrumetmə cəzası gözləyirdi. B.Menninqə qarşı irəli sürülmüş ittihamlara daha 22-si əlavə olundu və buna görə də o, ölüm hökmünə məhkum oluna bilərdi. Psixoloji problemləri olan B.Menninq vəkili Devid Kumbas vasitəsilə ictimailəşdirdiyi məktubda bildirmişdi ki, onu bütün gün ərzində birnəfərlik kamerada saxlayırlar, gözətçilər müntəzəm qaydada əsassız yoxlamalar təşkil edir, bütün gecə və səhər baxışlarında paltarsız olur. Bundan əlavə, Amerika ictimaiyyətinin, “Amnestey İnternational” təşkilatı başda olmaqla hüquq-müdafiə təşkilatlarının, müxtəlif ölkələrin tanınmış ictimaiyyət nümayəndələrinin B.Menninqi azad etmək və ona dəstək xarakterli müraciətləri heç bir nəticə vermədi. 2013-cü ilin avqustunda o, 35 il müddətinə azadlıqdan məhrum edildi. Bundan əlavə, İraqda mülki vətəndaşları öldürməkdə günahlandırılan dörd sabiq Blackvater təhlükəsizlik işçisinin məhkəmə işi Vaşinqtonda federal münsiflər heyəti qarşısına çıxarılıb. Hər iki tərəf son iddialarını federal andlılar heyətinə təqdim edib. İddiaya görə, müttəhimlər 2007-ci ildə Bağdadda 14 nəfəri öldürüb və 18-ni yaralayıb. Onlar üsyançıların atəş açması nəticəsində özlərini qorumaq məqsədilə atəş açdıqlarını bildirirlər. Əməkdaşlar atəşə məruz qaldıqlarını təsdiqləyəcək şahidlərin qəsdən hadisə yerindən İraq polisi tərəfindən uzaqlaşdırıldığını deyiblər. İttihamçılar ABŞ Dövlət Departamentinin rəsmisini hədəf alan avtomobilə yerləşdirilmiş bombadan yayınmağa can atan mülki vətəndaşlara təhlükəsizlik işçilərinin qəsdən atəş açdığını deyirlər. Blackvater işçilərindən biri birinci dərəcəli qətl maddəsi ilə ömürlük, digər üç işçi isə qəsdən adam öldürmə maddəsi ilə 30 ilədək həbs hökmü ilə üzləşə bilər.
Yeri gəlmişkən, ABŞ ordusunun Əfqanıstandakı hərbi cinayətlərini üzə çıxaran “Amnesty İnternational” “Qaranlıqda qalmışlar” adlı hesabat yayaraq, ABŞ ordusunun Əfqanıstanda dinc əhaliyə qarşı törətdiyi müharibə cinayətlərinin hərbi rəhbərlik tərəfindən gizlədildiyini, günahkarların məsuliyyətdən yayındığını bildirib. Hesabatda xüsusən də son beş ildə ABŞ hərbçilərinin yüzdən artıq mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən insidentlərdəki roluna diqqət yetirilib, hadisə qurbanlarının və onların yaxınlarının pozulan hüquqlarından bəhs olunub. Hesabatda qeyd olunur ki, ABŞ qüvvələri Əfqanıstandakı cinayətlərinin davamında bir kəndə hücum edərək qadınlara qarşı hörmətsizlik edib, onları hədələyiblər ki, bu cinayətlə əlaqədar əhali şikayət etdiyi və yaxud xəbər yaydığı halda onlar təkrar cinayətlərlə üzləşəcəklər. Əfqanıstanın informasiya agentliyinin məlumatına görə, ABŞ-ın xüsusi qüvvələri Bəlx vilayətinin Çahar Bulk məntəqəsinin kəndlərindən birinə gecə hücum edərək dəhşətli cinayətə əl atıblar. ABŞ ordusunun xüsusi qüvvələri kəndlilərin mənzillərinə soxularaq axtarış apardıqdan sonra, bu kənddə yaşayan 15 ailənin kişi və qadınlarını bir-birindən ayırıb və bu kəndin bir qrup qadınına təcavüz ediblər. ABŞ hərbçilərinin komandanı bu cinayətdən sonra qeyd olunan kəndin əhalisinə xəbərdarlıq edib ki, əlaqədar orqanlara istənilən şikayət olunduğu təqdirdə bu cinayətlə yenidən üzləşəcəklər. Qəndəharın Pəncvayi kəndində amerikalı hərbçilərdən biri Robert Bils kəndlilərə hücum edərək onlardan 16 nəfəri qanına qəltan etdi. Bu azmış kimi onların cəsədlərini də yandırdı. Bu hücum Əfqanıstanın 11 il işğalı ərzində amerikalı hərbçilərin ən dəhşətli hücumu adlandırılıb.
Əfqanıstan xalqının milli və dini adət-ənənələrinə hörmətsizlik, özbaşına həbslər, əyləncə üçün əhalini kütləvi şəkildə qətlə yetirmək və cəsədləri saymaq üçün onların barmaqlarını kəsmək, partlayışdan həzz almaq üçün əhalinin mənzillərini partlatmaq və Quran-Kərimi yandırmaq Əfqanıstanda yerləşən ABŞ və NATO qüvvələrinin cinayətlərinin bir hissəsidir. Bu da Əfqanıstan xalqı və rəsmilərinin kəskin qəzəbinə səbəb olub.
Beləliklə, özünü “demokratiya beşiyi” sayan ABŞ əsasən müsəlman dünyasına qarşı düşmənçilik siyasətini davam etdirir. Ekspertlər isə bunu təsadüfi saymır və hesab edilir ki, əslində ABŞ rəhbərliyi hələ də dünya imperiyası qurmaq niyyətindən əl çəkmədiyi üçün meydana belə bir dağıdıcı mənzərə çıxıb. Özü də ABŞ istəyinə çatmaq üçün beynəlxalq hüquq normalarını da yeri gələndə çox asanlıqla poza bilir.
Kamran
banner

Oxşar Xəbərlər