• cümə axşamı, 25 aprel, 08:50
  • Baku Bakı 14°C

ABŞ səfirindən qalmaqallı açıqlama

01.09.16 12:30 773
ABŞ səfirindən qalmaqallı açıqlama
Amerika Birləşmiş Ştatlarının Moldovadakı səfiri Ceyms Pettit qalmaqallı açıqlaması ilə tək Moldovada deyil, qonşu Rumıniyada da aləmi bir-birinə vurub. Səfir ölkənin İctimai Televiziyasında çıxışı zamanı bəyan edib ki, Moldova müstəqil olmalıdır. O, Moldova ilə Rumıniyanın birləşməsini mümkünsüz sayıb. Onun sözlərinə görə, rəsmi Kişinyov birləşmə ilə ölkənin Avropa İttifaqına üzv olacağına ümid edir. Lakin onun qənaətincə, bu, problemləri həll etməyəcək. "Bizim siyasətimiz ondan ibarətdir ki, Moldova sərhədləri müdafiə olunan suveren və müstəqil dövlət kimi qalmalıdır. Avropa İttifaqına düşmək üçün Rumıniya ilə birləşmək və yaxud buna bənzər başqa bir ideya praktiki məsələ deyil. Bu, Moldovanı yaxşı vəziyyətə gətirib çıxaracaq hal deyil”. Diplomatik missiyanın rəhbəri daha sonra Dnestryanı problemi xatırladıb. Onun sözlərinə görə, öz müstəqilliyini elan etmiş qurum hətta mərkəzi hökumət tərəfindən idarə olunmur. Və bu səbəbdən də ona xüsusi status verilməsini təklif edib. Səfir C.Pettit "Moldova 1” telekanalına müsahibəsində onu da bildirib ki, Moldovanın Rumıniya ilə birləşməsi ideyası gündəmdən çıxarılmalıdır. Səfir sonda bəyan edib ki, Moldova Rumıniya deyil. O, əlavə edib ki, Moldova üçün əsas məsələ Avropa və Rusiya ilə bərabər münasibətlər saxlamaqdır.
Birləşmiş Ştatlar diplomatının bəyanatı Moldova və rumın siyasətçilərinin qızğın reaksiyasına səbəb olub. Kişinyovda və Buxarestdə unionizm (birləşmə) tərəfdarları amerikalı diplomatı kifayət qədər məlumatlı olmamaqda ittiham edərək onu ölkələrin daxili işlərinə qarışmamağa çağırıblar. Onlar hətta səfirin geri çağırılması ilə bağlı internetdə imzatoplama kampaniyasına başlayıblar. Leyboristlər Partiyasının rəhbəri Mixail Qimpu ABŞ səfirliyinin siyasətini Rusiyanın imperiya siyasəti ilə eyniləşdirib. Onun sözlərinə görə, belə bir çıxışı 2007-2012-ci illərdə Rusiyanın Moldovadakı səfiri olmuş Valeri Kuzmin də edib. Həmin diplomat Moldovanın işlərinə qarışır, yersiz bəyanatlar səsləndirirdi. Liberal-Demokratik Partiyadan olan diplomat Mariya Çobanu da C.Pettitin fikirlərinə sərt reaksiya verib. "Siz bağışlanılması mümkün olmayan bir səhvə yol vermisiniz. Ölkənin bir millətini, rumınları incitmisiniz. Eləcə də zorla Rumıniyadan qoparılan bir xalqın qəlbinə toxunmusunuz” - deyə Moldovanın "Ziarul de Garda” qəzeti deputatın sözlərini sitat kimi verib. Rumın siyasətçiləri isə öz növbəsində səfirin açıqlamalarını Stalin dövrünün nəzəriyyələri ilə eyniləşdiriblər. Məsələn, keçmiş baş nazir və hazırda Senatın spikeri Kelin Popesku-Teriçanu bu qənaətə gəlib ki, səfirin sözləri Stalinin 1939-cu ildə səsləndirdiyi tezisləri təkrarlayır və ona bənzəyir. Məhz həmin tezislər əsasında da bədnam Molotov-Ribbentrop sazişi imzalanıb. O əlavə edib ki, öz müqəddəratını müəyyən etmək hüququnu diplomatlar deyil, vətəndaşlar müəyyən edirlər. Və bu səbəbdən də ABŞ səfirinin bəyanatları ilə bağlı Milli Liberal Partiya və digər parlament fraksiyalarının rəhbərlərinin iştirakı ilə məsləhətləşmələr keçirilməsini və rəsmi bəyannamə qəbul edilməsini təklif edib.
Maraqlısı odur ki, səfirin fikirlərini dəstəkləyənlər də tapılıb. Sosialist Partiyasının sədri İqor Dodon Moldova və Rumıniyanın birləşdirilməsi barədə çağırışlara qadağa qoyulmasını tələb edib. Hətta bu məqsədlə qanun layihəsi hazırlanmasını təklif edib. Onun qənaətincə, əks təqdirdə bu, moldovan identikliyinin yox olmasına gətirib çıxara bilər. "Əgər bizi suveren, müstəqil və digər dövlətlərdən asılı olmadığımızı bəyan etdiyimizə görə tənqid edirlərsə, onda biz çox irəli getmişik” - deyə "Ziarul de Garda” qəzeti yazır. Xalq Sosialist Partiyasının lideri Viktor Stepanyuk hesab edir ki, Moldovada vətəndaşların 80 faizi moldovan dövlətçiliyinin qorunub saxlanılmasının tərəfdarıdır. Bu səbəbdən də çoxları səfirin sözlərini müdafiə ediblər. V.Stepanyuk xatırladıb ki, ABŞ 1918-ci ildə də Bessarabiyanın Rumıniyaya birləşdirilməsinə razı olmayıb.
Xatırladaq ki, bu ilin martında Moldovada Rumıniya ilə birləşmək barədə plan qəbul olunub. Unionistlərin qənaətincə, bu plan 2018-ci ildə reallaşa bilər. Lakin elə həmin tarixdə də Moldova parlamenti suverenliyin toxunulmazlığı, müstəqillik və neytrallıq haqqında bəyannaməni təsdiq edib ki, bununla da unionist təşkilatların qadağan olunması üçün əsas yaratmış olub. İyul ayında "Magenta consulting” sosioloji şirkətinin keçirdiyi sosioloji sorğuların nəticələrinə görə, Moldova vətəndaşlarının 47 faizi birləşmənin əleyhinə qarşı çıxır. 20 faiz isə ideyanı təhlükəli hesab edir.
Öz növbəsində NATO baş katibinin müavini Aleksandr Verşbou da C.Pettitin fikirlərini dəstəkləyib. A.Verşbounun qənaətincə, Moldova və Rumıniya suveren dövlətlərdir: "Biz Avropada hər bir suveren dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşmalıyıq. Rumıniya və Moldova tarixi əlaqələrə malikdirlər və hər biri öz taleyini müstəqil şəraitdə müəyyən etməlidir”. Almaniya-Rusiya forumunun elmi direktoru Aleksandr Rar bildirib ki, ABŞ səfirinin bəyanatı Suriya hadisələrinin və Ukraynada baş verənlərin fonunda Ağ evin siyasətinin dəyişməsi deməkdir: "ABŞ sadəcə postsovet məkanında yeni bir qaynar nöqtənin yaranmasında maraqlı deyil”.
Qeyd edilir ki, birləşmə tərəfdarlarının rəhbəri qismində prezident Nikolae Timofti çıxış edir. Bu səbəbdən də ekspertlər hesab edirlər ki, səfirin bəyanatı vətəndaş cəmiyyətinə deyil, hakimiyyətə qarşı yönəlib. Ekspertlərin gəldiyi yekun rəy budur ki, səfirin bəyanatı elə-belə səslənmir. Yaddan çıxarmaq lazım deyil ki, Moldova və Ukrayna kimi ölkələrdə ABŞ səfirləri bir növ qubernator rolunu oynayırlar. Onların yanına məsləhət almağa gedirlər və onlar özləri də məsləhət verirlər. Və indiki halda da səfirin bəyanatı ya ABŞ-ın Suriyada baş verənlərdən sonra Rusiyaya qarşı mövqeyinin dəyişməsi, ya da Ukraynada baş verən gərgin daxili siyasi proseslərlə bağlıdır.
Son məlumatlara görə, artıq ABŞ-ın Moldovadakı səfirliyi önündə birləşmə tərəfdarlarının piketi də keçirilib. Analoji aksiya Buxarestdə də baş tutub. Burada da ABŞ səfiri tənqidlərə tuş gəlib. Ölkənin keçmiş prezidenti Trayan Besesku aksiyada bəyan edib ki, səfirin açıqlaması Buxarestin Vaşinqtonla münasibətlərinə zərbə vura bilər.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər