• şənbə, 20 Aprel, 04:10
  • Baku Bakı 15°C

ABŞ səfirindən Ermənistan hakimiyyətini aşağılayan növbəti açıqlama

08.03.18 09:30 903
ABŞ səfirindən Ermənistan hakimiyyətini aşağılayan növbəti açıqlama
Artıq bir müddətdir ki, Birləşmiş Ştatlar tərəfindən Ermənistanın ünvanına sərt ittihamlar, bəyanatlar səslənməkdədir. Əvvəlcə bu ölkə Rusiya ilə hərbi əməkdaşlıq üzündən sanksiyalarla üzləşəcəyi barədə xəbərdarlıq aldı. Sonra isə ABŞ-ın bu ölkədəki səfiri Riçard Millz 1 mart qətliamına görə Ermənistanın hakimiyyətinin məsuliyyət daşımalı olduğunu dilə gətirdi. Diplomat bu dəfə problemləri "Birinci İnformasiya” - 1in.am” saytına geniş müsahibəsində qabardıb. Onun sözlərinə görə, ABŞ-ın Ermənistan qarşısında əsas tələbi korrupsiyaya qarşı mübarizənin prioritet məsələyə çevrilməsidir. Əlavə edib ki, Ermənistanda dövlət institutları mövcud olsa da, onlar yaxşı işləmirlər. Qeyd edək ki, səfir Ermənistanda diplomatik fəaliyyətə başlayan zaman bəyan etmişdi ki, korrupsiya bu ölkənin əsas problemlərindən biridir. "Amerikalı investorları ən çox narahat edən məsələ korrupsiyadır. Korrupsiya zamanı bazarlar bağlanır, qeyri-rəqabət sistemi formalaşdırılır. Belə bir sistemdə iqtisadi və siyasi təsir imkanlarına malik nüfuzlu insanlar öz maraqlarını təmin etmək üçün rıçaqları işə salırlar. Nəticədə də ədalətsiz mühit formalaşdırılır və hamı üçün bərabər olmayan oyun qaydaları qurulur. Hesab edirəm ki, korrupsiyanın bu növü və hakimiyyətdən sui-istifadə Ermənistan üçün ən böyük bir çağırış olaraq qalır. Bu, həm də Ermənistanın ticarət və investisiyalara açılması yolunda ən başlıca maneədir”.
Daha sonra ölkəsinin Ermənistanla xarici siyasət əlaqələrinə yer ayıran səfir hesab edir ki, ABŞ və Rusiya arasında münasibətlər ən əhəmiyyətli beynəlxalq məsələlərdən biri olub birbaşa Ermənistana da təsir edir. "Prezident Tramp dekabr ayında açıqladığı milli təhlükəsizlik strategiyasında Rusiyaya dəqiq qiymət verib. Bildirib ki, bu ölkəni işğalçı kimi nəzərdən keçirir. Ən əsası, Rusiya Amerikanın dünyada nüfuzunu azaltmağa çalışır. Bu ölkə tək Suriyada deyil, Avropada da aqressiv, sabitliyə təhlükə ola biləcək addımlar atıb. Rusiyanın Gürcüstan ərazisinə müdaxiləsi, Ukrayna torpaqlarını işğalı Avropada ikinci dünya müharibəsindən sonra təhlükəsizliyə olan ciddi zərbədir. Tramp bununla yanaşı, onu da deyib ki, Rusiya ilə ümumi maraqlar və hədəflər ətrafında əməkdaşlıq etməyə hazırdır. Belə istiqamətlərdən biri də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlik Minsk qrupudur. Minsk qrupunun həmsədrləri öz aralarında çox yaxşı çalışırlar, hər ölkə bu məsələ ətrafında əməkdaşlıq edə bilər”, - deyə səfir bildirib. Maraqlıdır ki, səfir Rusiyanın işğalçılıq siyasəti haqqında danışarkən, nədənsə Ermənistanın işğalından danışmağı "unudub”. Səfir daha sonra forpost ölkə ilə Rusiya arasında olan mövcud münasibətlərdən danışıb. Onun sözlərinə görə, Rusiya ilə ABŞ arasında gərginliklərə baxmayaraq, ölkəsi başa düşür ki, Yerevan Moskva ilə yaxşı münasibətlər saxlamalıdır. "Biz Ermənistan qarşısında dilemma qoymuruq. Biz demirik ki, bizimlə Rusiya arasında seçim edin. Biz deyirik ki, Birləşmiş Ştatlar, Rusiya, Çin və Avropa İttifaqı ilə münasibətlər bir-birinə zidd deyil. ABŞ-ın məramı odur ki, Ermənistan suveren qərarlar qəbul etmək iqtidarında olsun, siyasi cəhətdən inkişaf etsin. Biz istəyirik ki, siz o qədər müstəqil olasınız ki, özünüz qərar qəbul edə biləsiniz. Nəhayət, mən Birləşmiş Ştatlar Konqresinin Rusiyanın hərəkətləri ilə bağlı qəbul etdiyi sanksiya qərarlarına, Rusiyanın Ukraynadakı hərəkətləri, ABŞ-da prezident seçkilərinə müdaxiləsi və Avropadakı müttəfiqlərimizin işlərinə qarışmaq siyasətinə toxunmaq istəyirəm. Konqres müəyyən qrup insanlara qarşı sanksiyalar tətbiq edib, onların ABŞ-a daxil olmasına qadağa qoyub. Onlar Vladimir Putinin yaxın ətrafına daxil olan insanlardır. Bu, həm də Rusiya hökuməti və Rusiya təşkilatları ilə əməkdaşlıq edən təşkilatlara qarşı xəbərdarlıqdır. Təbii ki, mən təminat verə bilmərəm ki, bu qurumlardan birinə qarşı gələcəkdə hansısa bir sanksiya tətbiq olunmasın”, - deyə səfir bildirib.
Diplomat hesab edir ki, Azərbaycan və Ermənistan arasındakı münaqişədə ABŞ-ın siyasəti və çağırışı bundan ibarətdir ki, yaxşı olardı ki, münaqişə tərəflərindən heç birinə silah satılmasın: "Region ölkələrinə silah satılması gərginliyin azaldılmasına xidmət etmir. Sanksiyalar olsa da, olmasa da – bizim mövqeyimiz əvvəlki tək dəyişməz qalır”.
Qeyd edək ki, bu yaxınlarda ABŞ milli kəşfiyyat xidmətinin direktoru Daniel Kouts "dünya təhlükələrinin qiymətləndirilməsi” hesabatında bildirib ki, Dağlıq Qarabağ münaqişəsi bu il irimiqyaslı hərbi münaqişəyə çevrilə bilər. Diplomat bununla bağlı bildirib ki, Minsk qrupu çərçivəsində intensiv danışıqlar prosesi gedir və Birləşmiş Ştatlar da Minsk prosesinə sadiqdir. "Ötən ayın sonunda həmsədrlər regiona səfər etdilər. Onların Yerevan, Xankəndi və Bakıda görüşləri keçirildi. Bundan əvvəl nazilər görüşdü və bu səbəbdən də danışıqlar prosesinə maraq qalmaqdadır. O ki qaldı kəşfiyyat xidmətinin hesabatına, bu, sadəcə hesabatdır. Çox təəssüf ki, son 20 ildə Dağlıq Qarabağ hər zaman zorakılıq və müharibənin potensial mənbəyi kimi qalıb. Bu səbəbdən də bu hesabat heç də müharibənin yenidən başlanma ehtimalı üçün yeni faktorların olmasına işarə deyil. Sadəcə bu bir daha göstərir ki, Qarabağ münaqişəsi diqqət mərkəzində olmalı olan əhəmiyyətli məsələdir”, - deyə diplomat bildirib.
ABŞ səfiri sonda Türkiyə ilə Ermənistan arasındakı münasibətlərə və protokolların ermənilər tərəfindən ləğvinə toxunub. "Biz erməni tərəfinin addımı ilə tanışıq. Lakin Ermənistan prezidenti bizimlə söhbətlərində bir dəfə deyib ki, əgər Türkiyə təşəbbüs göstərsə, Ermənistan da barışıq şərtlərini hər hansı bir əlavə şərt irəli sürmədən qəbul etməyə hazır və açıq olacaq. Biz gələcəkdə də hər iki tərəfi bir-biri ilə anlaşma əldə etmələri istiqamətində dəstəkləyəcəyik. Bu, həm Ermənistanın, həm də Türkiyənin, eləcə də bütövlükdə Qafqaz regionun maraqlarına uyğundur”, - deyə diplomat fikirlərini tamamlayıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər