ABŞ səfirindən Ermənistan hakimiyyətini aşağılayan növbəti açıqlama
Artıq bir müddətdir ki, Birləşmiş Ştatlar tərəfindən Ermənistanın
ünvanına sərt ittihamlar, bəyanatlar səslənməkdədir. Əvvəlcə bu ölkə Rusiya ilə
hərbi əməkdaşlıq üzündən sanksiyalarla üzləşəcəyi barədə xəbərdarlıq aldı.
Sonra isə ABŞ-ın bu ölkədəki səfiri Riçard Millz 1 mart qətliamına görə Ermənistanın
hakimiyyətinin məsuliyyət daşımalı olduğunu dilə gətirdi. Diplomat bu dəfə problemləri
"Birinci İnformasiya” - 1in.am” saytına geniş müsahibəsində qabardıb. Onun
sözlərinə görə, ABŞ-ın Ermənistan qarşısında əsas tələbi korrupsiyaya qarşı
mübarizənin prioritet məsələyə çevrilməsidir. Əlavə edib ki, Ermənistanda
dövlət institutları mövcud olsa da, onlar yaxşı işləmirlər. Qeyd edək ki, səfir
Ermənistanda diplomatik fəaliyyətə başlayan zaman bəyan etmişdi ki, korrupsiya
bu ölkənin əsas problemlərindən biridir. "Amerikalı investorları ən çox narahat
edən məsələ korrupsiyadır. Korrupsiya zamanı bazarlar bağlanır, qeyri-rəqabət
sistemi formalaşdırılır. Belə bir sistemdə iqtisadi və siyasi təsir imkanlarına
malik nüfuzlu insanlar öz maraqlarını təmin etmək üçün rıçaqları işə salırlar.
Nəticədə də ədalətsiz mühit formalaşdırılır və hamı üçün bərabər olmayan oyun
qaydaları qurulur. Hesab edirəm ki, korrupsiyanın bu növü və hakimiyyətdən
sui-istifadə Ermənistan üçün ən böyük bir çağırış olaraq qalır. Bu, həm də
Ermənistanın ticarət və investisiyalara açılması yolunda ən başlıca maneədir”.
Daha sonra ölkəsinin Ermənistanla xarici siyasət əlaqələrinə yer
ayıran səfir hesab edir ki, ABŞ və Rusiya arasında münasibətlər ən əhəmiyyətli
beynəlxalq məsələlərdən biri olub birbaşa Ermənistana da təsir edir. "Prezident
Tramp dekabr ayında açıqladığı milli təhlükəsizlik strategiyasında Rusiyaya
dəqiq qiymət verib. Bildirib ki, bu ölkəni işğalçı kimi nəzərdən keçirir. Ən
əsası, Rusiya Amerikanın dünyada nüfuzunu azaltmağa çalışır. Bu ölkə tək
Suriyada deyil, Avropada da aqressiv, sabitliyə təhlükə ola biləcək addımlar
atıb. Rusiyanın Gürcüstan ərazisinə müdaxiləsi, Ukrayna torpaqlarını işğalı
Avropada ikinci dünya müharibəsindən sonra təhlükəsizliyə olan ciddi zərbədir.
Tramp bununla yanaşı, onu da deyib ki, Rusiya ilə ümumi maraqlar və hədəflər
ətrafında əməkdaşlıq etməyə hazırdır. Belə istiqamətlərdən biri də Dağlıq
Qarabağ münaqişəsinin nizamlanmasına yönəlik Minsk qrupudur. Minsk qrupunun
həmsədrləri öz aralarında çox yaxşı çalışırlar, hər ölkə bu məsələ ətrafında
əməkdaşlıq edə bilər”, - deyə səfir bildirib. Maraqlıdır ki, səfir Rusiyanın
işğalçılıq siyasəti haqqında danışarkən, nədənsə Ermənistanın işğalından danışmağı
"unudub”. Səfir daha sonra forpost ölkə ilə Rusiya arasında olan mövcud
münasibətlərdən danışıb. Onun sözlərinə görə, Rusiya ilə ABŞ arasında
gərginliklərə baxmayaraq, ölkəsi başa düşür ki, Yerevan Moskva ilə yaxşı
münasibətlər saxlamalıdır. "Biz Ermənistan qarşısında dilemma qoymuruq. Biz
demirik ki, bizimlə Rusiya arasında seçim edin. Biz deyirik ki, Birləşmiş
Ştatlar, Rusiya, Çin və Avropa İttifaqı ilə münasibətlər bir-birinə zidd deyil.
ABŞ-ın məramı odur ki, Ermənistan suveren qərarlar qəbul etmək iqtidarında
olsun, siyasi cəhətdən inkişaf etsin. Biz istəyirik ki, siz o qədər müstəqil
olasınız ki, özünüz qərar qəbul edə biləsiniz. Nəhayət, mən Birləşmiş Ştatlar
Konqresinin Rusiyanın hərəkətləri ilə bağlı qəbul etdiyi sanksiya qərarlarına,
Rusiyanın Ukraynadakı hərəkətləri, ABŞ-da prezident seçkilərinə müdaxiləsi və
Avropadakı müttəfiqlərimizin işlərinə qarışmaq siyasətinə toxunmaq istəyirəm. Konqres
müəyyən qrup insanlara qarşı sanksiyalar tətbiq edib, onların ABŞ-a daxil
olmasına qadağa qoyub. Onlar Vladimir Putinin yaxın ətrafına daxil olan
insanlardır. Bu, həm də Rusiya hökuməti və Rusiya təşkilatları ilə əməkdaşlıq
edən təşkilatlara qarşı xəbərdarlıqdır. Təbii ki, mən təminat verə bilmərəm ki,
bu qurumlardan birinə qarşı gələcəkdə hansısa bir sanksiya tətbiq olunmasın”, -
deyə səfir bildirib.
Diplomat hesab edir ki, Azərbaycan və Ermənistan arasındakı münaqişədə
ABŞ-ın siyasəti və çağırışı bundan ibarətdir ki, yaxşı olardı ki, münaqişə
tərəflərindən heç birinə silah satılmasın: "Region ölkələrinə silah satılması
gərginliyin azaldılmasına xidmət etmir. Sanksiyalar olsa da, olmasa da – bizim
mövqeyimiz əvvəlki tək dəyişməz qalır”.
Qeyd edək ki, bu yaxınlarda ABŞ milli kəşfiyyat xidmətinin direktoru
Daniel Kouts "dünya təhlükələrinin qiymətləndirilməsi” hesabatında bildirib ki,
Dağlıq Qarabağ münaqişəsi bu il irimiqyaslı hərbi münaqişəyə çevrilə bilər.
Diplomat bununla bağlı bildirib ki, Minsk qrupu çərçivəsində intensiv
danışıqlar prosesi gedir və Birləşmiş Ştatlar da Minsk prosesinə sadiqdir. "Ötən
ayın sonunda həmsədrlər regiona səfər etdilər. Onların Yerevan, Xankəndi və
Bakıda görüşləri keçirildi. Bundan əvvəl nazilər görüşdü və bu səbəbdən də
danışıqlar prosesinə maraq qalmaqdadır. O ki qaldı kəşfiyyat xidmətinin
hesabatına, bu, sadəcə hesabatdır. Çox təəssüf ki, son 20 ildə Dağlıq Qarabağ
hər zaman zorakılıq və müharibənin potensial mənbəyi kimi qalıb. Bu səbəbdən də
bu hesabat heç də müharibənin yenidən başlanma ehtimalı üçün yeni faktorların
olmasına işarə deyil. Sadəcə bu bir daha göstərir ki, Qarabağ münaqişəsi diqqət
mərkəzində olmalı olan əhəmiyyətli məsələdir”, - deyə diplomat bildirib.
ABŞ səfiri sonda Türkiyə ilə Ermənistan arasındakı münasibətlərə və
protokolların ermənilər tərəfindən ləğvinə toxunub. "Biz erməni tərəfinin
addımı ilə tanışıq. Lakin Ermənistan prezidenti bizimlə söhbətlərində bir dəfə
deyib ki, əgər Türkiyə təşəbbüs göstərsə, Ermənistan da barışıq şərtlərini hər
hansı bir əlavə şərt irəli sürmədən qəbul etməyə hazır və açıq olacaq. Biz
gələcəkdə də hər iki tərəfi bir-biri ilə anlaşma əldə etmələri istiqamətində
dəstəkləyəcəyik. Bu, həm Ermənistanın, həm də Türkiyənin, eləcə də bütövlükdə
Qafqaz regionun maraqlarına uyğundur”, - deyə diplomat fikirlərini tamamlayıb.
Azər NURİYEV