• şənbə, 20 Aprel, 13:51
  • Baku Bakı 23°C

ABŞ səfiri Ermənistan rəhbərliyini hədələdi

03.03.18 10:00 723
ABŞ səfiri Ermənistan rəhbərliyini hədələdi
"Demokratiya və demokratikləşmə şəffaflıq tələb edir və Ermənistanda demokratiya üçün 2008-ci ilin mart hadisələrinin tam şəkildə araşdırılması və açılması ən düzgün qərar olardı. Bu hadisələr bizlərə bir faktı xatırlatdı ki, Ermənistanın hər bir vətəndaşının həyatı qorunmalıdır”. Bu sözləri "1.in.am” agentliyinə müsahibəsində ABŞ-ın bu ölkədəki səfiri Riçard Millz deyib. Onun sözlərinə görə, ABŞ hökuməti bu günə qədər 1 mart hadisələrinin tam və hərtərəfli şəkildə araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edir. "Hamımızın bu faciəvi hadisələrin ildönümünü yadda saxlaması çox əhəmiyyətlidir. Bu, tək Ermənistan üçün deyil, həm də onun dostları üçün faciə oldu. ABŞ hökuməti baş verən zorakılıq hallarından dərin narahatçılıq və həyəcan keçidi. Həmin hadisələr nəticəsində hər iki tərəfdən ölən və yaralanan oldu. Bilin ki, ABŞ bu hadisələrdən o qədər narahat oldu ki, yolların tikintisi üçün nəzərdə tutulan bir neçə yüz milyonluq yardım layihəsinin dayandırdı”.

Qeyd edək ki, ötən gün Yerevanın Azadlıq meydanında sabiq Ermənistan prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi "Erməni Milli Konqresi”nin təşəbbüsü ilə keçirilən mitinq iştirakçıları da 2008-ci il "qanlı 1 mart” cinayətini törədənlərin cəzalandırmasını tələb ediblər. Düz 10 il bundan əvvəl martın 1-i və 2-də prezident seçkilərinin saxtalaşdırılmasını iddia edən və Serj Sarkisyanın qələbəsini tanımayan müxalifətin Azadlıq meydanında fasiləsizetiraz aksiyası polis qüvvələri tərəfindən dağıdılmışdı. Etirazçılara qarşı əməliyyata həmçinin nizami ordu cəlb olunmuş, toqquşmalar nəticəsində yüzlərlə insan, o cümlədən, odlu silahdan yaralanmış, 10 nəfər isə həlak olmuşdu.

Mitinq iştirakçıları da ABŞ səfiri kimi 10 il ərzində ölüm halları ilə bağlı heç kəsin məsuliyyətə cəlb olunmadığını vurğulayaraq, mövcud hakimiyyətin 1 mart hadisələrinin araşdırılmasında maraqlı olmadığını bildiriblər. Natiqlər 1 mart cinayət işi üzrə 2008-ci ildə prezidentlik müddəti başa çatmış Robert Köçəryan və "saxtakarlıqla seçilmiş prezident Serj Sarkisyandan” ifadə almağı tələb ediblər. "Kim dinc nümayişçilərə qarşı silahdan istifadə etmək və bəzilərinin ölümünə səbəb olmuş gözyaşardıcı qazdan istifadə etmək əmrini verib? Kim bu əmrləri yerinə yetirib?", - çıxış edənlərin əksəriyyəti bu sualları veriblər.

Anım mərasimi qarşıdurmanın baş verdiyi əraziyə - yürüşlə başa çatıb.

"1in.am” saytında dərc olunan başqa bir materialda isə qeyd edilir ki, Ermənistanın müxalifət səhnəsində yeni siyasi mübarizə gündəliyə daxil olur. "Serj Sarkisyanın qanunsuz hərəkətləri, özbaşınalığının qarşısını almaq istiqamətində mübarizə start götürür. Artıq bu dəfə Serjikə qarşı mübarizə prezident kimi deyil, baş nazir kimi aparılacaq”, - deyə materialda vurğulanır. Qeyd edilir ki, indiyə bir-birini ittiham edən parlament və parlamentdənkənar müxalifət hakimiyyətə qarşı mübarizədə birləşmək ehtimallarını müzakirə edirlər. Tərəflər arasında ittiham o həddə çatırdı ki, müxalifət bir-birinin Baqramyan 27-nin (Prezident Administrasiyasının yerləşdiyi küçə) daimi müştərisi adlandırırdı.

"Çıxış” fraksiyasının rəhbəri Nikol Paşinyan elan edir ki, hələ ki, küçə mübarizəsinin başlanması ilə bağlı yekun qərar mövcud deyil. Lakin bununla yanaşı, Serj Sarkisyanın özbaşınalığına və qanunsuzluqlarını sakitcə seyr etmək niyyətində də deyillər.

"İrs” müxalifət partiyasının İdarə Heyətinin sədri Armen Martirosyan sayta açıqlamasında mübarizə vasitələrindən biri kimi müxalifətin birliyini gördüyünü bildirib. Onlarla həmfikir olanlar arasında radikal müxalifət partiyaları da var. Məsələn, sabiq xarici işlər naziri Jirayir Səfilyanın çağırışı ilə təsis edilən "Ermənistan naminə” cəbhəsi də bu mübarizəyə seyrçi qalmaq niyyətində deyil. Bu sırada Zaruhi Postancyanın lideri olduğu "Əriklər ölkəsi” partiyası da var. Sayta açıqlamasında politoloq Vigen Akopyan bildirib ki, gündəlikdəki bu məsələ birləşdirici ola bilər.

Bir faktı da qeyd edək ki, cəmiyyətə belə bir fikir hökm kəsilmişdi ki, bahalaşmaya qarşı etirazlar olacaq. Çünki qiymət artımı elə məsələdir ki, hər bir insanın cibinə təsir edir. Praktiki nöqteyi-nəzərindən bu məsələ böyük rezonans doğura bilməsə də, müxalifətin siyasi gündəliyində qala bilər. Akopyan qeyd edir ki, "müxalifət qüvvələri içində "Çıxış” bloku daha aktiv mövqe sərgiləyir. Prezident seçkiləri ərəfəsində də onlar namizədlə çıxış etmək istəyirdilər, eləcə də baş nazirliyə öz namizədlərinin olacağını bildirirdilər. Qiymət arımı olanda da tərəfdarlarını küçələrə səslədilər və bu, normal haldır”.

Politoloq Qaqik Qambaryanın sözlərinə görə, Serj Sarkisyanın baş nazirliyinin qarşısını almaq çox çətin məsələdir. "Bu gün cəmiyyət küçələrə çıxmayacaq. Birincisi, cəmiyyət ən vacib məsələ bahalaşma ilə bağlı küçələrə çıxmadı. "Çıxış” bloku qiymət artımı ilə mübarizə aparır və bizlər də gördük ki, nə qədər az insan küçələrdə göründü. Siz elə bilirsiniz ki, xalq Serj Sarkisyanla mübarizə aparmaq üçün küçələrə çıxacaq? Bu xalq onun cibinə zərbə dəyəndə küçəyə çıxmadısa, indi hansısa bir siyasi qüvvə Sarkisyanı baş nazir olmasına qarşı çıxa biləcəkmi? Mən inanmıram ki insanlar küçələrə çıxsınlar. Bir səbəb odur ki, 1991-ci ildən sonra bütün seçkilərin legitimliyini şübhə altına alır. Sarkisyan özü bir dəfə etiraf edib ki, insanlar seçkilərin nəticələri ilə razıdır. Cəmiyyət razılaşır, onlar da hər şeyi edirlər”.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər