ABŞ sanksiya tətbiqində Ermənistana yenə göz yumacaq?
Rusiya ilə Birləşmiş Ştatlar arasında yaşanan gərginlik postsovet
məkanına daxil olan ölkələrə də təsirsiz ötüşməyə bilər. Bu xüsusda Rusiyanın
Cənubi Qafqazda özünün forpostu elan etdiyi Ermənistan daha çox ziyan çəkə
bilər. Məsələ ondadır ki, Ermənistan Rusiyanın tək siyasi deyil, iqtisadi,
hərbi asılılığındadır. Bu günlərdə də qeyd edildiyi kimi, artıq Birləşmiş
Ştatlardan Yerevana xəbərdarlıq məktubu daxil olub. "EurasiaNet” saytı yazır
ki, ABŞ Ermənistan və digər ölkələri xəbərdar edib ki, Rusiya hərbi texnikasını
alacağı təqdirdə, sanksiyalar tətbiq oluna bilər.
Bəlli olduğu kimi, yanvarın
sonunda Birləşmiş Ştatların yeni sanksiyaları qüvvəyə minib. Yeni sanksiyalar Rusiya
Federasiyası ilə hərbi və yaxud kəşfiyyat əlaqələrinə malik olan ölkələrə tətbiq
ediləcək. "Rusiya dünyada silah ixracına
görə ikinci yerdə qərarlaşıb. Bu səbəbdən də nəzəri cəhətdən bu sanksiyaların
təsiri altına düşən ölkələrin sayı xeyli çox ola bilər. Lakin sanksiya
təhlükəsinə düşmək xüsusən Ermənistanda ciddi narahatçılıqla qarşılanıb. Səbəb də
odur ki, bu ölkə tam şəkildə Rusiya silah-sursatı ilə təchiz olunub.
Narahatçılıq həm də ondan ibarətdir ki, Ermənistan Birləşmiş Ştatlarla sıx
əməkdaşlıq etmək siyasəti də yürüdür. ABŞ mütəmadi olaraq bu ölkəyə maliyyə
yardımı göstərir, erməni lobbisinin ən güclü qanadı da məhz bu ölkədədir.
Sanksiyaların tətbiqi isə iqtisadiyyatı onsuz da ağır olan ölkə üçün ciddi
fəsadlara gətirib çıxara bilər. Ermənistanın "Aykakan jamanak” qəzeti yazır ki,
ABŞ-ın Ermənistandakı səfirliyi ölkə hökumətini xəbərdar edib ki, Yerevan
sanksiyaların təsiri altına düşə bilər. "Azatyuyun” radiosu, PCE/PS erməni
xidməti artıq məsələ ilə bağlı əlavə təhqiqat aparıb və ona məlumat veriblər
ki, xəbərdarlıq tək Ermənistana aid deyil. "Biz Konqresin qəbul etdiyi "ABŞ
düşmənlərinin hərəkətlərinə adekvat qərarlar haqqında qanuna” müvafiq olaraq
sanksiyalar tətbiq edirik. Bu qanunla məqsəd Rusiyanı Ukraynaya qarşı tol
verdiyi aqresiyaya, eləcə də, digər dövlətlərin daxili işlərinə qarışmasına, insan
haqlarını pozmasına son qoymasına nail olmaqdır. Dövlətlər və özəl şirkətlər
atıq bununla bağlı xəbərdarlıq alıblar. Onlara bildirilib ki, Rusiya şirkətləri
ilə əməkdaşlıq, sanksiyaların onlara qarşı tətbiq edilməsinə gətirib çıxara
bilər”, - deyə Birləşmiş Ştatların Ermənistandakı səfirliyindən "Azatutyun”a
göndərilən məlumatda bildirilib.
Daha kimlərin belə bir xəbərdarlıq aldıqları
bəlli deyil. ABŞ-ın mümkün sanksiya qərarının tətbiq olunmasını şərh edən
Ermənistan xarici işlər naziri Şavarş Köçəryan bildirib ki, bu məsələ ətrafında
spekulyasiyalara yol vermək hələ ki, tezdir. "Gəlin hadisələri qabaqlamayaq.
Biz vəziyyəti nəzarətdə saxlayırıq. Eyni zamanda Rusiya ilə bu sahədə
əməkdaşlıqda maraqlıyıq. Çünki, bu, bizim təhlükəsizliyimizin əsas və
əhəmiyyətli hissəsini təşkil edir”, - deyə nazir müavini bildirib. Saytda dərc
olunan məqalədə daha sonra vurğulanır ki, Ermənistan Birləşmiş Ştatların
sanksiyaları altına düşə biləcək yeganə ölkə deyil. Demək olar ki, əksər
postsovet ölkələrinin Rusiyadan silah aldıqları bəllidir. Sayt bu sırada
Azərbaycanın da adını çəkib. Lakin məsələ ondadır ki, Azərbaycan Ermənistandan
fərqli olaraq tək Rusiyadan silah almır. Bu sırada Belarus, İsrail, Türkiyə və
Pakistan kimi ölkələrin adlarını çəkmək olar. Ermənistanın maliyyə imkanlarının
məhdud olması, digər ölkələrdən silah almasına imkan vermir. Stokholm Beynəlxalq
Sülh ProblemləriTədqiqatı İnstitutunun baş elmi işçisi Saymon Veyzeman
hesab edir ki, Rusiyadan silah alan ölkələrin sayı həddən artıq çoxdur. Bu da
sanksiya tətbiq etmək məsələsində problem yarada bilər. "Mən ümid etmirəm ki,
hər şey reallaşsın. Lakin qadağa tətbiqetmə, obyektiv və konkret hallar üçün
həyata keçirilməlidir. ABŞ Rusiya silahı aldığına görə, hər bir ölkəyə
ayrı-ayrılıqda sanksiya tətbiq edə bilər. Çox böyük ehtimalla, bu, ABŞ-ın
əvvəllər problemləri olan ölkələr olacaq. Bu sırada daha çox İranın adı
çəkilir”, - deyə ekspert Eurasianet.org-a müsahibəsində bildirib.
Bu sarıdan da
o hesab edir ki, ola bilsin, bu sanksiyalar Birləşmiş Ştatların strateji
müttəfiqi olan ölkələrə tətbiq olunmasın. Lakin məsələ ondadır ki, Ermənistan
ABŞ-dan çox Rusiyanın strateji müttəfiqi hesab edilir, onunla hərbi ittifaqda
təmsil olunur. Bu ölkədə hərbi bazasını quran Rusiya, hətta Ermənistana müstəqil şəkildə hərbi parad da keçirməyə
imkan vermir. Parad keçirilərsə, orada Rusiya bayrağının olması mütləqdir. Erməni
ekspertlər isə bu məsələdə daha optimist bəyanat verirlər. Onlar hesab edirlər
ki, ABŞ-da Ermənistanın necə bir mürəkkəb geosiyasi yerdə yerləşdiyini
bilirlər. Xarici siyasi məsələləri üzrə erməni analitiki Suren Sarkisyan
bildirir ki, məsələn, ABŞ vaxtilə sanksiya tətbiq etdiyi İranla Ermənistan
arasında əməkdaşlığa göz yumub. "Vaşinqton gözəl anlayırdı ki, İran
Ermənistanın ətraf aləmə çıxmaq üçün istifadə etdiyi iki dəhlizdən biridir”, -
deyə o bildirib.
Bütün bunlarla yanaşı, saytda dərc olunan məqalədə göstərilir ki,
müttəfiqlər bundan sonra Rusiya ilə sövdələşmə imzalamamışdan əvvəl
sanksiyaları düşünməli olacaqlar. "Prezident Rusiyadan silah alan istənilən
dövlət və yaxud şirkət üzərinə sanksiya tətbiq edə bilər”, - deyə Pensilvaniya
universitetinin xarici siyasi məsələlər üzrə eksperti Mitçell Orenşteyn
postsovet respublikalarını, xüsusən də Ermənistanı nəzərdə tutaraq bildirib.
Onun sözlərinə görə, Tramp hələ ki, bu sanksiyaları tətbiq etməyib, bu səbəbdən
də ABŞ-ın müttəfiqlərə və digər tərəflərə qarşı siyasətinin necə olacağını
anlamaq mümkün deyil. "Baş çıxarmaq çox çətindir”, - deyə ekspert
Eurasianet.org-a bildirib. Dövlət Departamenti bəyan edib ki, sanksiyaların tez
bir zamanda tətbiqi nəzərdə tutulmur. Əlavə edilib ki, sanksiya öz-özlüyündə
fəaliyyətə keçmək deməkdir. "Biz Konqresi sadəcə, məlumatlandırmışıq ki, qanun
və onun reallaşması Rusiyanı silah satışından çəkindirir”, - deyə Departamentin
mətbuat xidmətinin rəhbəri Hizer Nauert bildirib. O, əlavə edib ki, sanksiyalar
haqqında qanun qəbul olunduqdan sonra bir sıra ölkələr Rusiyadan bir neçə
milyardlıq silah alınması barədə sənədlərin imzalanmasını dayandırıblar.
Azər