• çərşənbə axşamı, 16 aprel, 18:41
  • Baku Bakı 18°C

ABŞ qondarma rejimi tanımadığını bir daha vurğuladı

06.05.16 10:57 1153
ABŞ qondarma rejimi tanımadığını bir daha vurğuladı
ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner mayın 5-də keçirilən brifinqdə ABŞ administrasiyasının Ermənistan parlamentinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin müstəqilliyini tanınması haqqında qanun layihəsinə dair münasibət bildirib. "Azərtac"ın məlumatına görə,Mark Toner deyib ki, Amerika Birləşmiş Ştatları bütün dünya ictimaiyyəti kimi, Dağlıq Qarabağın müstəqilliyini tanımır. O, qeyd edib ki, Dağlıq Qarabağın yekun statusu yalnız münaqişənin hərtərəfli nizamlanması kontekstində həll olunmalıdır və ABŞ bu məqsədlərə nail olmaq üçün tərəfləri danışıqlar masasına çağırır.
Xatırladaq ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Ermənistan silahlı qüvvələri tərəfindən 1992-1994-cü illərdə işğal edilib. Ermənistanın işğalçı siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı öz torpaqlarından didərgin düşüb. 1993-cü ilin aprel-noyabr aylarında BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyən, erməni silahlı qüvvələrinin bu ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını, azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün şərait yaradılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. 2008-ci ilin martında BMT Baş Məclisində beynəlxalq birliyin Təhlükəsizlik Şurasının sənədlərində ifadə edilmiş mövqeyini bir daha təsdiqləyən 62/243 nömrəli qətnamə qəbul olunub. Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların qanunverici orqanları BMT Təhlükəsizlik Şurasının bu qətnamələrini əsas götürərək, erməni işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən sənədlər qəbul ediblər.
banner

Oxşar Xəbərlər