• cümə, 29 Mart, 10:32
  • Baku Bakı 5°C

ABŞ-Qərb birliyi və Rusiyanın güvəndiyi məkan

07.02.20 16:26 3851
ABŞ-Qərb birliyi və Rusiyanın güvəndiyi məkan
Bakı növbəti dəfə dünyanın super güclərinin dialoq mərkəzinə çevrilib. Belə ki, bir neçə gün əvvəl Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi-Müdafiə nazirinin birinci müavini Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Volters Bakıda strateji sabitlik və böhran bölgələrindəki vəziyyət barədə fikir mübadiləsi aparıblar. Hərbi rəhbərlər strateji sabitlik, dünyanın böhranlı bölgələrindəki vəziyyət barədə fikir mübadiləsi aparmaqla yanaşı, həmçinin tərəflərin hərbi fəaliyyəti nəticəsində yaranan insidentlərin qarşısını almaq üçün atılan addımları müzakirə ediblər.
Onu da qeyd edək ki, hər iki komandan görüşdən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüblər və müəyyən məsələlər ətrafında fikir mübadiləsi aparıblar. "Kaspi”yə danışan politoloqlar Bakı görüşünün ölkəmiz üçün əhəmiyyətini açıqladılar.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, Azərbaycan və onun paytaxtı stabil və təhlükəsizlik baxımından çox münasib bir meydandır: "Ona görə də, iki super qüvvənin yüksək hərbi nümayəndələri burada görüşlər keçirirlər. Bu görüşlər artıq ənənə halını alıb. Bilirsiniz ki, dünyada belə yüksək rütbəli hərbiçilər harada olurlarsa, əvvəldən onların görüşləri ilə bağlı məlumat yayılırsa, bu prosesə xeyli sayda insan qoşulur. Onlar həm təhlükəsizliyi təmin etməli olurlar, həm informasiya kanallarını təmin edirlər və bir sözlə, çoxlu sayda təşkilati-texniki məsələlər həll edilir. Adətən belə işlərdən ötrü, münasib təhlükəsiz yerlər əvvəlcədən müəyyən edilir ki, orada risklər, təhdidlər az olsun. Bu baxımdan, Azərbaycanın sivilizasiyalararası siyasi dialoq və müxtəlif formatlarda keçirilən tədbirlər, konfranslar üçün münasib olduğu təsdiqlənib. Digər tərəfdən, Azərbaycanın siyasi rəhbərliyi, Prezident İlham Əliyevin özünün şəxsi nüfuzu, onun proseslərə münasibəti, irəli sürdüyü siyasi, iqtisadi, humanitar təşəbbüslər də rol oynayır. Bilirik ki, Bakı Prosesi var və onun təşəbbüskarı, müəllifi məhz İlham Əliyevdir və bu format artıq 12-ci ilə qədəm qoyur. Payız aylarında Bakı Prosesi çərçivəsində dialoqlar baş tutur, konfranslar keçirilir və dünyanın say-seçmə personaları Azərbaycana gəlir. Bunların içərisində "Nobel” mükafatı laureatları, sabiq dövlət başçıları, baş nazirlər və sair olur. Bu baxımdan da dövlət başçısının özünün şəxsi nüfuzu, ölkəmizin beynəlxalq problematik məsələlərdə tutduğu mövqe bəyənilir. Bilirsiniz ki, Azərbaycan bir qayda olaraq təhlükəsizliyi də istehsal edir. Misal üçün, bunun əksi olaraq qonşu Ermənistan təhlükə və təhdidlər istehsal edir. Yəni onların dəsti-xətti bilinir, çünki Ermənistanın bütün dövlətlərə, ətraf ölkələrə ərazi iddiası var. Eləcə də, tarixdən gələn məqamlara ermənilərin son dərəcə əyri baxışı var və sair”.
T.Abbasov qeyd etdi ki, Bakıda NATO və Rusiya hərbi komandanlarının görüşü onun göstərir ki, həqiqətən də Azərbaycan dövləti çox sağlam və praqmatik mövqedən çıxış edir və onun dünya proseslərinə verdiyi pay da təqdirəlayiqdir, pozitiv nəticələr gətirəndir: "Azərbaycanda tale yüklü məsələlərin müzakirəsi baş tutur. Bu özü də bir göstəricidir və yenə də ondan xəbər verir ki, Azərbaycan Xəzər, Qafqaz bölgəsində ən sabit və özünü müsbət yöndən təsdiqləmiş bir ölkədir. Bu baxımdan, belə bir görüş bizim üçün şərəf gətirir, digər yandan isə Azərbaycanın beynəlxalq aləmdəki reytinqlərinə müsbət təsir göstərir. Çünki hər bir ölkəyə belə bir imkan verilmir. Bu ondan xəbər verir ki, həm ABŞ-Qərb birliyi, həm də Rusiya super qüvvələr kimi məhz Azərbaycanı və onun paytaxtı Bakını seçirlər ki, öz ağrılı problemlərini həll etsinlər, tale yüklü məsələlərlə bağlı fikir mübadiləsi aparsınlar. Onu da qeyd edək ki, onların hər biri Prezident İlham Əliyevlə əlahiddə görüşür, danışıqlar, məsləhətləşmələr aparırlar. Əlbəttə ki, bunun Azərbaycan siyasəti üçün çox böyük əhəmiyyəti var. İlk növbədə təhlükəsizlik məsələləri müzakirəyə çıxarılırsa, burada Azərbaycanın da baxışları dünya tərəfindən əks olunur və Prezident İlham Əliyevdən aldıqları mesajları öz siyasi rəhbərlərinə çatdırırlar. Bunun özü böyük əhəmiyyətli məsələdir”.
Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, generalların Bakı görüşü ABŞ-Rusiya gərginliyi fonunda keçirilir: "Azərbaycanın bu görüşə ev sahibliyi etməsi ölkəmizin müstəqil, heç bir bloka qoşulmamaq siyasəti və regionda nüfuzunun artmasından irəli gəlir. Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov ilə NATO-nun Avropa komandanlığının rəhbəri Tod Uoltersin Bakı görüşü Amerikanın Avropada keçirəcəyi təlimlərə həsr ediləcək. ABŞ "Avropanın müdafiəsi-2020” təlimləri keçirəcək. Bu təlimlərdə 19 NATO ölkəsinin 37 min hərbiçisi iştirak edəcək. NATO-nun bu təlimləri Avropada son 20 ildə ən böyük genişmiqyaslı hərbi təlimlərdir. Hərbi alyans 20 min kontingenti Polşaya, digər qüvvələri Baltikyanı ölkələrə və Gürcüstana yerləşdirəcək. Göründüyü kimi, ABŞ-ın NATO çətiri altında keçirəcəyi təlimlər əsasən Rusiyaya qarşı əzələ nümayişidir. Hazırda Rusiya NATO ilə Şərqi Avropada ciddi qarşı-qarşıyadır və tərəflər maksimum təxribatlardan çəkinmək üçün belə bir görüşlərə ehtiyac duyurlar”.
Politoloq vurğuladı ki, generalların görüşündə Şərqi Avropada vəziyyət, Ukrayna böhranı və NATO-nun Gürcüstanda fəaliyyəti müzakirə ediləcək: "Avropada ümumi təhlükəsizlik problemləri var. Rusiya Qərb cəbhəsində öz hərbi qüvvələrini cəmləşdirir. Təbii ki, Kremlin bu demarşları Avropanın müdafiəsini zəruri edir. Məhz bu təhlükəsizlik risklərini önləmək üçün ABŞ-ın keçirdiyi təlimlər Avropanın müdafiəsini təmin etməyə hesablanıb. Generalların Bakı görüşündə Şərqi Avropada vəziyyət, Ukrayna böhranı və NATO-nun Gürcüstanda fəaliyyəti müzakirə ediləcək. Tərəflər bir-birlərinə qarşı təhdid yaradan manevrlərə yol verməməklə bağlı razılığa gələcəklər. Bu görüşlərin mütəmadi keçirilməsinə baxmayaraq, tərəflər arasında münasibətlər gərgin qalsa da, sadəcə açıq qarşıdurmanın qarşısını alır”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər