ABŞ Qarabağ münaqişəsinin ədalətli həllinə dəstək verəcəkmi?
"Qarabağ münaqişəsi ilə bağlı ədalət ABŞ-ın dəstəyi ilə bərpa
olunmalıdır”. Bu sözləri Milli Məclissədrinin birinci müavini Ziyafət ƏsgərovBakıda
keçirilən V Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün ölkəmizdə səfərdə
olan ABŞ-ın qərb regionundan olan qanunvericilərdən ibarət nümayəndə heyəti ilə
görüşü zamanı səsləndirib. Bildirib ki, Azərbaycan 1991-ci ildə ikinci dəfə
müstəqillik qazandıqdan sonra ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələrdən
biri ABŞ olub və bu gün Azərbaycan və Amerika Birləşmiş Ştatları strateji
tərəfdaşdır: "ABŞ həmişə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən transmilli
layihələrə dəstək verib və bu layihələr uğurlu olub. Biz demokratik, dünyəvi,
insan hüquqlarına hörmət edən ölkə qurmuşuq. Lakin uzun illərdən bəri davam
edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bizim inkişafımıza mane
olur.BMTTəhlükəsizlik Şurasının bununla bağlı 4 qətnaməsi hələ də
Ermənistan tərəfindən yerinə yetirilməmiş qalır”.
Z.Əsgərov diqqətə çatdırıb ki, münaqişənin həlli üçün beynəlxalq
hüququn işləməsi və ABŞ-ın dəstəyi ilə ədalətin bərpa olunması vacibdir. Bu
mövzunu politoloqlarla müzakirə edib Dağlıq Qarabağ münaqişəsinin həllinə ABŞ-ın
dəstəyini nə dərəcədə real hesab etdiklərini öyrəndik.
Politoloq Elxan Şahinoğlu "Kaspi”yə
açıqlamasında dedi ki, əvvəllər bu cür fikirlər daha çox Rusiya haqqında səslənirdi.
Çünki onların Ermənistan hakimiyyətinə təsir imkanları genişdir və şimal qonşumuz
istəsə, bu münaqişə çox qısa zamanda həll oluna bilər: "Rusiya aprel
döyüşlərindən sonra münaqişənin həlli istiqamətində danışıqlarda aktivləşsə də,
onun həllini sürətləndirmədi. Əksinə, Ermənistan hakimiyyəti geri addım atmayacağını
bəyan etdi. Üstəgəl, bu günlərdə iki əməlləri ilə təxribatın miqyasını bir qədər
də genişləndirdilər. Birincisi, Rusiyadan «İsgəndər» raketləri alındı. İkincisi,
yenə də işğal altında olan torpaqlarda, xüsusilə də Ağdamda hərbi təlimlərə başlanıldı.
Qısası, Rusiyadan olan gözləntilər özünü doğrultmadı. Bunu bizim rəsmilər də qeyd
edir. Ola bilsin, Ziyafət Əsgərov da bu düşüncədə olduğu üçün belə fikirlər səsləndirib”.
E.Şahinoğlunun fikrincə, ABŞ-ın Ermənistana Rusiya qədər təsir imkanları
yoxdur: "Düzdür, ABŞ güclü dövlətdir və orada güclü erməni lobbisi var. Onlar Ermənistana
maliyyə yardımları edirlər. Amma Amerika ilə Ermənistan strateji müttəfiqlər sayılmır.
Hərbi müttəfiq deyillər və eyni hərbi blokda yer almırlar. Sadəcə, Amerika öz imkanlarından
istifadə edərək digər həmsədrlərlə təmasları genişləndirə, danışıqlar prosesini
sürətləndirə bilər. Məncə, Ziyafət Əsgərov da məhz bunu nəzərdə tutur. Təəssüf ki,
həmsədrlərin adi məsələləri belə, həll edə bilmədiklərini görmüşük. Məsələn, işğal
altındakı torpaqlarda Suriyadan gələn qaçqınları yerləşdirirlər, iaşə obyektləri
tikirlər. Sarkisyan özü bu yaxınlarda Şuşada olanda bir məkanın açılışında iştirak
etdi. Məgər onlar bilmirlər ki, bu torpaqları geri qaytarmalıdırlar? Münaqişənin
həllini kənara qoyuram. Niyə həmsədrlər heç olmasa, bu cür məsələlərdə Ermənistana
bir söz demirlər. Və yaxud, Ağdamdakı hərbi təlimlər barədə. Keçən dəfə bu təlimlər
müharibəyə gətirib çıxardı. Biz işğalçının helikopterini vurmaq məcburiyyətində
qaldıq. Həmsədrlər bu cür faktların qarşısını ala bilmirlər. Düşünmürəm ki, adi
məsələləri həll edə bilməyən həmsədr dövlətlər münaqişənin həllini sürətləndirə
biləcəklər. Məncə, belə vəziyyətdə heç prezidentlərin görüşünə ehtiyac qalmır. Həmçinin,
aprel döyüşlərinin yenidən təkrarlanması ehtimalı artır”.
Politoloq Şahin Cəfərli Z.Əsgərovun
bəyanatını hər şeydən əvvəl, ABŞ-ın Azərbaycandakı referendumun nəticələrinə
loyal yanaşmasının iki ölkə münasibətlərində yaratdığı müsbət fonun nəticəsi
kimi qiymətləndirir: "İqtidar bundan məmnundur və ABŞ-la əməkdaşlığı davam
etdirməkdə maraqlıdır. Qarabağ məsələsinə gəldikdə isə, Ziyafət Əsgərovun
bəyanatı göstərir ki, rəsmi Bakı Rusiyanın bu məsələdə mövqeyindən, irəli
sürdüyü təkliflərdən məmnun deyil, əksinə, narahatdır. Moskvanın işğalçı ölkəyə
"İsgəndər” operativ-taktiki raket kompleksi verməsi bu narahatlığı daha da
artırıb. Biz Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son
təkliflərindən xəbərdar deyilik, amma əminəm ki, həmin təkliflər Rusiyanın
regiondakı mövqelərinin möhkəmləndirilməsinə xidmət edir və Azərbaycanın gözləntilərinə
uyğun deyil. Lakin Rusiyanın təkliflərini açıq şəkildə rədd etmək
münasibətlərdə problem yarada bilər. Bu səbəblə, Azərbaycan maraqlıdır ki,
mühüm tarazlıq faktoru kimi ABŞ bu məsələdə aktivləşsin və həll prosesi
Rusiyanın inhisarında qalmasın. Son vaxtlar həll prosesi tamamilə Rusiyanın
dominantlığı şəraitində gedirdi, halbuki bu məsələdə ABŞ və Rusiyanın
maraqlarının toqquşması rəsmi Bakının manevr imkanlarını artırır. Z.Əsgərovun
sözləri göstərir ki, Azərbaycan ABŞ-ın hazırkı duruma müdaxilə etməsinin və
bunun nəticəsində Rusiyanın nizamlanma prosesindəki dominantlığının aradan
qaldırılmasının tərəfdarıdır. ABŞ-ın Qarabağ məsələsinə münasibətinə gəldikdə
isə, açıq söyləmək lazımdır ki, Dağlıq Qarabağın kimin nəzarətində qalacağı ABŞ
üçün prioritet məsələ deyil”.
Politoloq qeyd etdi ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında
sülh əldə olunmasında və münaqişənin birdəfəlik həllini tapmasında maraqlıdır:
"Əlbəttə, onlar Dağlıq Qarabağın hər iki tərəf üçün vacib olduğunu başa
düşürlər. Onlar üçün ən vacib məqam Azərbaycan və Ermənistan arasında sülh və
əməkdaşlığın bərqərar olmasıdır. Eyni zamanda, ABŞ münaqişənin elə formada
həllini istəyir ki, bunun nəticəsində Rusiyanın Cənubi Qafqazda mövqeləri
möhkəmlənməsin”.
Şəfa Tapdıq