• cümə axşamı, 28 mart, 17:24
  • Baku Bakı 16°C

ABŞ nəşri: Azərbaycanda yəhudilər Yeni ili qeyd edir

10.09.18 15:56 569
ABŞ nəşri: Azərbaycanda yəhudilər Yeni ili qeyd edir
JEWISH JOURNAL,ABŞ
10.09.2018
Müəllif: Milix Yevdayev

Roş-Ha-Şana – yəhudi xalqının Yeni ili ötən həftənin bazar günü axşamı başlayıb. Bu bayram dünyada yaşayan digər yəhudilər kimi bizim, yəni Azərbaycan yəhudiləri üçün də xeyirxahlıq, düzgünlük, təmiz başlanğıc və birlik deməkdir. Biz bayram günlərində özümüzə il ərzində etdiklərimiz haqda sual verir, onu cavablandırmağa çalışarıq. Bununla yanaşı, qarşıda daha yaxşı işlər görə biləcəyimiz haqda da düşünərik. Bayramda dualar edir, hər şeyə yenidən başlayarıq.
Biz – Azərbaycanda yaşayan dağ yəhudiləri hər il bayram vaxtı sinaqoqda ibadət edir, şofar (musiqi aləti – WM) səsləndirir, xüsusi ayinlər yerinə yetirir, yardıma ehtiyacı olan şəxslərə kömək göstərir, bir masa ətrafına toplaşaraq günahlarımızın bağışlanması üçün dualar edirik.
Azərbaycanda qeyd olunan Roş-Ha-Şana və digər yəhudi bayramlarının unikal cəhəti həmvətənlərimiz olan müsəlmanlarla xristianların yəhudi bacı-qardaşlarının sevincini, xoşbəxtliyini bölüşməsidir. Əhalisinin əksəriyyəti müsəlman olan bu ölkədə müxtəlif etnik və dini qruplar əsrlərdir sülh, qardaşlıq və qarşılıq hörmət şəraitində yaşayır. Azərbaycanda yaşayan etnik və dini icmalar arasında hər zaman sıx münasibətlər olub və bu əlaqələr bu gün də davam edir.
Azərbaycanda yəhudilər arzuladıqları şəraitdə – sülh və sabitlik şəraitində yaşayır, gündən-günə çiçəklənirik. Azərbaycan yəhudilərinin sinaqoqları, məktəbləri, bağçaları və müxtəlif mədəni mərkəzləri var. Bizi dinlərarası harmoniyanın, qarşılıqlı anlaşmanın və sülhün qorunub saxlanmasına ciddi səy göstərən Azərbaycan hökuməti də dəstəkləyir. Azərbaycan prezidenti İlham Əliyev hər il Roş-Ha-Şana bayramında ölkəsində yaşayan yəhudi icmasına təbrik ünvanlayır. Bu il də istisna olmayıb.
Azərbaycan prezidentinin builki təbrik məktubunda deyilir:
"Hörmətli həmvətənlər!
Yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.
Biz xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın və multikultural dəyərlərin mövcud olduğu müasir Azərbaycan cəmiyyətində etnik-mədəni müxtəlifliyi milli dövlətçiliyimizin əvəzsiz nailiyyəti kimi qiymətləndiririk. Ölkəmizin bütün xalqları, o cümlədən yəhudi icması Azərbaycanda həmişə əmin-amanlıq şəraitində yaşamış, heç bir ayrı-seçkiliyə məruz qalmadan dil və mədəniyyətini, adət-ənənələrini qoruyub saxlamışdır.
Müstəqil Azərbaycan dövləti bu gün də öz mütərəqqi tarixi ənənələrinə sadiqdir. Müasir demokratik prinsiplərə uyğun olaraq ölkədə insan haqlarının təminatı, milli azlıqların etnik-mədəni dəyərlərinin qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Yüz illərdir Azərbaycanda məskunlaşıb yaşayan yəhudi icması bu gün cəmiyyətimizin ayrılmaz hissəsinə və bərabərhüquqlu üzvünə çevrilmişdir. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, yəhudi əsilli vətəndaşlarımız hazırda böyük inkişaf və tərəqqi mərhələsini yaşayan ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir, demokratik dövlət quruculuğu prosesinə öz layiqli töhfələrini verirlər.
Əziz dostlar!
Hər il təntənə ilə qeyd etdiyiniz Roş-Ha-Şana yeniliyin, mənəvi saflığın, xoş müjdələrin və həmrəyliyin təcəssümüdür. Bu əziz gün münasibətilə bir daha hamınıza səmimi təbriklərimi çatdırır, ailələrinizə səadət, süfrələrinizə ruzi-bərəkət arzulayıram.
Bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 7 sentyabr, 2018-ci il”.
Azərbaycan yəhudiləri müsəlman və xristian həmvətənlərimizlə birlikdə mənəvi birlik, həmrəylik və harmoniyanın daha da güclənməsi uğrunda çalışmalıdır. Bu unikal model regionumuzdakı və onun hüdudlarından kənardakı ölkələri də ilhamlandırır. Bu, mənim bu ilki Roş-Ha-Şana duamdır. Sizə uğurlu il arzu edirəm!
İngilis dilindən tərcümə - WorldMedia.Az
banner

Oxşar Xəbərlər