• çərşənbə, 24 Aprel, 19:30
  • Baku Bakı 23°C

“ABŞ ölkəmizə qarşı münasibətində ermənipərəst mövqeyindən əl çəkmir”

29.04.15 05:49 842
“ABŞ ölkəmizə qarşı münasibətində ermənipərəst mövqeyindən əl çəkmir”
“Mənim özümə də maraqlıdır ki, nəyə görə Qərb ölkəmizə qarşı bu qədər məkrli fəaliyyət qurmaq planından əl çəkmir və hər fürsətdə bu mövqeyini nümayiş etdirir. Xüsusən də, son günlər, Avropa Oyunlarına sayılı günlər qaldıqca, xırda məsələləri qabardaraq ölkəmizin üzərinə gəlirlər. Azərbaycan ciddi siyasi gücə çevrildikcə, onun düşmənləri də durmadan artır və onlar güddükləri maraqları gizlətmirlər. Artıq neçə illərdir ki, ABŞ ölkəmizdə “5-ci kalon”un fəaliyyətini gücləndirməklə məşğuldur. Bir sıra faktları nəzərə aldıqda, onların son kampaniyalarına təəccüblənmirəm”. Bu sözləri bizimlə söhbətində millət vəkili Fərəc Quliyev Con Kerrinin ofisindən idarə olunan antiazərbaycan kampaniyasının ifşa olunmasına münasibət bildirərkən dedi və daha heç nəyə təəccüblənmədiyini diqqətə çatdırdı: “Həyata keçirdikləri qərəzli antiazərbaycan planı gözlənilən idi. Artıq hamıya məlumdur ki, onlar Azərbaycanın inkişaf etmiş dövlətə çevrilməsini istəmirlər və bu yolda ölkəmiz əleyhinə mümkün olan bütün vasitələrə əl atırlar. Məlumdur ki, avropalıların böyük bir qismi ölkəmizə gələcək və Azərbaycan həqiqətlərindən xəbər tutacaq. Bu, onların maraqlarına ziddir. Görün, nə qədər ölkədən Azərbaycana nümayəndə heyətləri, xeyli sayda idmançılar gələcək. Onlar ölkəmizin hansı sürətlə inkişaf etdiyinə də şahid olacaqlar. Bundan əlavə, Avropa Oyunları müxtəlif ölkələrdə televiziya vasitəsilə canlı yayımlanacaq. Hər kəs ölkəmiz haqda müxtəlif məlumatları əldə edəcək, Azərbaycandakı idman arenalarını görəcək. Qərb həm ölkə həqiqətlərinin hamı tərəfindən bilinməsinə görə narahat olur, həm də Azərbaycanın ədalətsiz müharibəyə məruz qalmasının dünyanın diqqətinə çatdırılmasından qorxur”.
F.Quliyev bildirdi ki, ABŞ Azərbaycanın inkişafına, qüdrətinə görə qıcıqlanır və buna görə həyata keçirilən bütün layihələrə, görülən işlərə kölgə salmaq istəyir: “Elə görüntü yaratmaq istəyirlər ki, sanki bunlardan başqa heç kimdə inkişaf gedə bilməz. Avropa Oyunları sayəsində hər kəs Azərbaycanın tolerant ölkə olduğunu biləcək. Ölkədəki vəziyyəti, getdikcə daha da yaxşılaşan yaşayış səviyyəsini görəcəklər. Təbii ki, bütün bunlar düşmənlərimizi və onların ətrafını narahat edir. Güclü dövlətlər Azərbaycanın inkişaf etməsini heç cür həzm edə bilmirlər. Çünki heç bir kiçik dövlətin onlara rəqib olmasını istəmirlər. İşğalçı düşmənlərimizin də antiazərbaycan fəaliyyəti hər kəsə məlumdur. Onlar da bir tərəfdən ölkəmizin beynəlxalq imicinə zərbə vurmağa çalışır, nüfuzumuzun aşağı düşməsi üçün əllərindən gələni edirlər. Amma məncə, bu qədər məkrli davranmaq lazım deyil. Çünki biz heç kimin torpağını işğal etməmişik, işğala məruz qalmış dövlət Azərbaycandır. Hesab edirəm ki, ölkəmiz öz dostlarının, müttəfiqlərinin sayını davamlı olaraq artırmaqla, bizə qarşı yönəlmiş belə məkrli kampaniyaların sayını azalda bilər”.
Millət vəkili Fəzail Ağamalı da düşünür ki, burada təəccüblənəsi nəsə yoxdur. Çünki ABŞ-ın neçə illərdir ki, ölkəmiz əleyhinə iş apardığı hamıya məlumdur: “Dövlət katibi Con Kerrinin ermənipərəstliyini sübut edən faktlardan xəbərdarsınız. Ona görə də o adamdan başqa fəaliyyət gözləmirəm. Ümumilikdə ABŞ 90-cı illərin əvvəllərindən başlayaraq ölkəmiz əleyhinə davranışları, antiazərbaycan mövqeyi ilə seçilir. Xatırladım ki, Qorbaçova müraciət edib, erməniləri müdafiə edən, Azərbaycana qoşun yeritməsinə çağıran məktubun müəlliflərindən biri də məhz Con Kerri idi. Məncə, onun erməni diasporunun pulu ilə yaşadığı heç kimə sirr deyil”.
F.Ağamalının fikrincə, C.Kerri bütün mövzularda antiazərbaycan mövqeyi sərgiləməkdən çəkinməyib və bu gün də ölkəmizə qarşı aparılan kampaniyaların hamısı onun rəhbərliyi ilə həyata keçirilir: “ABŞ kimi nəhəng bir dövlət Kerrinin istəyinə uyğun davranırsa, onun dedikləri ilə oturub-durursa, siyasətini onun vasitəsilə reallaşdırırsa, bu, onun imicinə böyük zərbədir. Çünki belə gedişat ABŞ-ın deyildiyi qədər qüdrətli və ədalətli olmadığını ortaya qoyur, ona olan etimadı azaldır. Çox təəssüf ki, ABŞ xarici siyasətində və Azərbaycana münasibətində ermənipərəst mövqeyindən uzaqlaşmır, onların maraqlarını müdafiə etməkdən yorulmur. Ona görə də belə görünür ki, Con Kerri ABŞ-ın xarici siyasətində aparıcı mövqedə dayandıqca, bu hökumətin antiazərbaycan siyasəti davam edəcək. Biz faktlara, arqumentlərə söykənərək Con Kerrinin ifşa olunmasında iradəmizi ortaya qoymalıyıq. Hazırda bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyi bir vaxtda, diqqətli davranmalıyıq. Heç kimə Azərbaycanın uğurlarına kölgə salmağa imkan verməməliyik. Azərbaycanda keçiriləcək ilk Avropa oyunlarına mane olmağa və ölkəmizin nüfuzuna xələl gətirməyə çalışanlar məkrli məqsədlərinə nail olmayacaqlar. Heç kimin şübhəsi olmasın ki, bu yarışlar da digər mötəbər tədbirlər kimi yüksək səviyyədə keçiriləcək”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər