• cümə axşamı, 28 mart, 13:15
  • Baku Bakı 16°C

ABŞ ölkəmizdəki qanun dəyişikliyi ilə bağlı qərəzli mövqe nümayiş etdirir

25.02.14 08:38 1257
ABŞ ölkəmizdəki qanun dəyişikliyi ilə bağlı qərəzli mövqe nümayiş etdirir
Fevralın 20-də ABŞ-ın ATƏT-dəki səfiri Deniel Bayer ATƏT Daimi Şurasının iclasında ölkə konstitusiyasında QHT-lər haqqında qanuna edilən əlavə və dəyişikliklər barədə tənqidi fikirlər səsləndirib. Bəyanata Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tərəfindən dərhal cavab verilib. Nazirlik ABŞ-ın mövqeyini qərəzli yanaşma və siyasi təzyiq cəhdi kimi qiymətləndirib. XİN mətbuat katibi Elman Abdullayev deyib ki, Azərbaycan Respublikasının Konstitusiyası və İnsan hüquqları haqqında Avropa Konvensiyası, ATƏT və Avropa Şurası çərçivəsindəki öhdəliklərə uyğun olaraq hazırlanmış qeyri-hökumət təşkilatları haqqında qanuna son əlavə və dəyişikliklər QHT-lər, Azərbaycan Respublikasının Milli Məclisi, Ədliyyə Nazirliyi və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirəyə çıxarılıb: “Əlavə və dəyişikliklərin əsas məqsədi QHT-lərin fəaliyyətində, xüsusilə onların maliyyələşməsində şəffaflığın artırılması, korrupsiya elementlərinin aradan qaldırılması və QHT-lərin vətəndaş cəmiyyətinin inkişafına xidmət edən təsisat kimi rolunun gücləndirilməsindən ibarətdir”.
Münasibətini öyrəndiyimiz ekspertlər də bu məsələdə XİN-in haqlı olduğunu, düzgün mövqe ortaya qoyduğunu düşünürlər.
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc qəzetimizə açıqlamasında Azərbaycanın ehtiyac olan bütün beynəlxalq təşkilatlara, Birləşmiş Ştatlar təmsilçilərinə yetərli açıqlamalar, izahatlar təqdim edə biləcəyini söylədi: “Bu durumun həssas olduğu bəllidir və çoxtərəfli məsələ kimi dəyərləndirilir. Demək istəyirəm ki, Azərbaycan dövləti xarici maraqları təhdid etmək kimi bir məqsədi qarşısına qoymayıb. Niyyət odur ki, sözügedən sektorun şəffaflığı təmin edilsin və Qeyri Hökumət Təşkilatları institutu Azərbaycan maraqları çərçivəsində fəaliyyət göstərsin. Hökumət istəyir ki, ölkədə hamının fəaliyyətini müşahidə və monitorinq altında saxlayan qurumların özlərinin də fəaliyyətinin tam şəffaflığına nail olsun. Vurğulayım ki, parlamentdə müzakirələr aparan zaman müxtəlif maraqlardan irəli gələrək bu məsələni ölkə üçün antireklam çarxına çevirənlərin olacağını proqnozlaşdırmışdıq. Burada məqsəd heç də «xaricdən maliyyələşən qurumlar agentura şəbəkələridir» kimi verdikt çıxartmaq deyil”.
Millət vəkili nəzərə çatdırdı ki, parlament bu məsələdə dəqiq hüquqi çərçivələr yaratmaq üçün qanuna əlavə və dəyişikliklər edib: “Şəffaflıq mütləq şərtdir. Xatırladım, Leyla Yunus son illər ərzində yüz minlərlə avronu, külli miqdar vəsaiti qrantlar şəklində xarici ölkələrdən əldə edib. Onun haradasa bir hesabı varmı? Həmin pulların təyinatı üzrə xərcləndiyi barədə kimdəsə məlumat varmı? Bundan əlavə, demokratiya çətiri altına sığınmış bir çox milli QHT var. Onlar kaspiroloq kimi hərəkət edirlər. Elə bil gizli dərnəkdirlər. Bəs onlar cəmiyyətdə üçüncü sektorun aşkarlığına kömək etmək istəmirdilər ki? O zaman niyə özləri qapalı institutlara çevrilmək marağındadırlar? Bu məsələdə Azərbaycanın deməyə sözü, təqdim etməyə mövqeyi var. Zəncirin bir elementinə toxunduqda digəri də silkələnir. Ona görə də bu cür mövqelər səsləndirilir”.
Millət vəkili Çingiz Qənizadə də XİN-in mövqeyi ilə üst-üstə düşən fikirlərini bölüşdü: “QHT-lər haqqında” qanunda dəyişikliklər Milli Məclisdə müzakirə olunan zaman da, Beynəlxalq Mətbuat Mərkəzindəki ictimai dinləmələr zamanı da mən bu mövqedə olmuşam. Hesab edirəm ki. bu, həqiqətən də QHT-lərin fəaliyyətində şəffaflığı təmin edəcək. İndiyə qədər nəzarəti həyata keçirilməsi mümkün olmayan mənbələrdən gələn pulların haradan gəlməsi və hara xərclənməsindən məlumatlı olmaqda pis nə var? Dövlətin bundan sonra onlara nəzarət etməsini istəməyənləri anlamıram. Hökumət sadəcə olaraq, şəffaflığın təmin olunmasında maraqlıdır. Qeyd edim ki, başqa ölkələrdə bu cür QHT-lər vasitəsilə edilən ödəmələr sonralar radikal dindarların həyata keçirdiyi terror aktlarında istifadə olunur. Yəni, QHT-lərin onlara dəstək olduğu meydana çıxır. Pulların bu cür xərclənməsi qəbuledilməzdir. Ona görə də dövlət haqlı olaraq ölkəyə daxil olan maliyyəyə, onların fəaliyyətinə, rəhbərlikdə kimlərin təmsil olunmasına şəffaflığı təmin etmək məqsədilə nəzarət edəcək”.
Ç.Qənizadə hesab edir ki, burada narazı qalası heç bir məqam yoxdur: “ATƏT Azərbaycan xalqının hüquqlarının pozulduğunu etiraf etsə və ölkəmizin işğal olunan 20 faiz torpaqlarının düşmən tapdağından azad olunması üçün üzərinə düşən öhdəlik və vəzifələri yerinə yetirsə, yaxşı olar. Əlbəttə ki, ölkəmizdə baş verənlərdən ABŞ dərhal xəbər tutur. Çünki informasiyalar onlara qısa zamanda ötürülür. ABŞ müəyyən dövlətlərdə QHT-ləri dəstəkləməkdə maraqlıdır. Lazım gəldikdə, siyasi proseslərə təsir etmək üçün bu kimi vasitələrdən istifadə edir. Onların Azərbaycanda qanunlara dəyişiklik edilməsilə bağlı narahatlığını heç cür başa düşə bilmirəm. Ölkədə demokratiya və şəffaflığın təmin olunmasına yönələn bir addımın nə üçün şübhə doğurduğunu anlamaq çətindir. Çox güman, bu məsələdə də hansısa maraqlar var”.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrətin fikrincə, istənilən bir addım atılarkən, qanun və qərar qəbul edilərkən Azərbaycan dövləti məsələni hərtərəfli götür-qoy edir, dəfələrlə ölçüb-biçir: “Bu qanun ölkədəki durum, QHT-lərin fəaliyyət dairəsi, faydalı və zərərli tərəfləri müzakirə olunduqdan sonra qəbul olundu. Bu baxımdan, Azərbaycanın spesifikasını nəzərə almadan xarici dövlətlərin bəyanatlarla çıxış etməsi, yaxud da təzyiq dilində danışması yolverilməzdir. Düşünürəm ki, Azərbaycanda faciəli bir şey baş verməyib. Ölkəmizdə bu sektorda edilən dəyişikliklərdən və qanunların qəbul olunmasından sonra pis heç nə baş verməyibsə, nəyə əsasən narazılıq ifadə olunduğunu bilmirəm. Düzdür, bir az bürokratiya arta bilər, amma məncə, bu da şəffaflığa, qanunçuluğa xidmət edən məqam olacaq”.
CASCFEN sədri ABŞ-ın dünya üzərində jandarm roluna iddialı bir ölkə olduğunu xatırlatdı: “O dövlət istənilən yerdə özü üçün təzyiq rıçaqları yaratmaqda maraqlıdır. Bu baxımdan düşünürəm ki, ABŞ-ın belə yanaşması qərəzli dəyərləndirilə bilər. ABŞ-ın özündə daha dəhşətli faktlara rast gəlmək olur. Texas ştatında ATƏT-in seçki müşahidə missiyası üzvlərinin seçki məntəqələrinə yüz metr addımdan yaxına getməsi yasaqlanmışdı. Halbuki Azərbaycanda seçki məntəqələrinə bütün beynəlxalq müşahidəçilər rahat şəkildə daxil ola bilirlər”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər