• cümə axşamı, 28 mart, 19:16
  • Baku Bakı 13°C

ABŞ Konqresində Azərbaycanın TAP qərarını bəyəndilər

18.07.13 07:39 1384
ABŞ Konqresində Azərbaycanın TAP qərarını bəyəndilər
APA-nın məlumatına görə, brifinqdə layihənin iştirakçı dövlətlərinin səfirləri ilə yanaşı, ARDNŞ-ın vitse-prezidenti Elşad Nəsirov və BP-nın Beynəlxalq Əməkdaşlıq üzrə baş direktoru Qreq Saunders natiq qismində çıxış edib. Böyük marağa səbəb olmuş tədbirdə Konqres üzvləri və əməkdaşları, müxtəlif analitik mərkəzlərin mütəxəssisləri, ABŞ Dövlət Departamentinin rəsmiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
İlk olaraq, tədbirin moderatoru səfir Elin Süleymanov Azərbaycan hökuməti tərəfindən “Cənub dəhlizi” ilə bağlı verilmiş qərarın perspektivlərindən bəhs etmiş, bu xüsusda layihənin reallaşmasının yeni geosiyasi reallıqlar yaratması ilə yanaşı, həmçinin iştirakçı dövlətlərin iqtisadi sosial rifahının yüksəlməsinə xidmət edəcəyini diqqətə çatdırıb.
Albaniyanın ABŞ-dakı səfiri Gilbert Galanxhi öz çıxışında TAP layihəsi ilə bağlı verilmiş qərarın ölkəsi üçün çox önəmli və əlamətdar xəbər olduğunu bildirərək, bu strateji qərarın böyük perspektivlər vəd etdiyini vurğulayıb. Ölkəsində qaz infrastrukturunun mövcud olmadığını bildirən səfir bu sahədə yeni obyektlərin yaradılması yolu ilə inkişafa nail olunacağına böyük ümidlər bəsləndiyini deyib. O, layihənin reallaşmasının yalnız region üçün enerji təhlükəsizliyinin təmini deyil, həmçinin bütün Avropa üçün strateji təhlükəsizliyinin bərqərar olunması mənasını ifadə etdiyini bildirib. G. Galanxhi TAP layihəsinin iştirakçı dövlətlərlə yanaşı, digər qonşu dövlətlərin cəlb olunması yolu ilə əlavə birləşdirici kəmərlər çəkilməsi imkanını stimul kimi dəyərləndirib. Səfir Azərbaycan hökumətinin bu layihədə liderliyi öz üzərinə götürməsini xüsusi qeyd edərək, Azərbaycan hökumətinə öz təşəkkürünü bildirib.
Daha sonra çıxış edən Yunanıstanın səfiri Christos Panagopoulos Azərbaycanı Avropanın enerji sahəsində ən etibarlı müttəfiqi kimi xarakterizə etmişdir. TAP layihəsinin gündəlikdə olan digər layihələrlə müqayisəli şəkildə üstünlüklərindən bəhs edib, bu xüsusda layihənin daha çox sərmayə cəlb etmə imkanını xüsusi qeyd edib. TAP layihəsinin Yunanıstan üçün prioritet məsələ olduğunu bildirən səfir layihənin reallaşması nəticəsində iqtisadi böhranın fəsadlarından əziyyət çəkən ölkəsinin iqtisadi inkişafına təkan verəcəyini bildirib.
Tədbirdə iştirak edən İtaliya səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Lorenzo Galanti Xəzər qazını Avropa sərhədlərinə qədər daşıyacaq TAP layihəsinin ölkəsinin milli enerji təhlükəsizliyi konsepsiyasına daxil edildiyini və layihə sayəsində İtaliyanın enerji mərkəzi mövqeyini qazanacağını diqqətə çatdırıb.
Hər üç dövlətin nümayəndələri təmsil etdikləri dövlətlərin “Cənub Dəhlizi” layihəsinə tam siyasi dəstəyini ifadə edib.
Daha sonra çıxış edən ARDNŞ-ın vitse-prezidenti Elşad Nəsirov Azərbaycanın enerji tarixindən bəhs edərək, neft sahəsinə aid əksər “ilk”lərin Azərbaycanda həyata keçirildiyini diqqətə çatdırıb. TAP layihəsinin yalnız başlanğıc olduğunu və gələcəkdə digər Balkan dövlətlərinin cəlb edilməsi yolu ilə birləşdirici boru kəmərlərinin çəkilməsinin nəzərdə tutulduğunu qeyd edib. İlk addım kimi Yunanıstan-Bolqarıstan birləşdirici xəttinin çəkilməsi və digər qaz yataqlarının istismarına başlanacağını diqqətə çatdırıb.
Sonda çıxış edən Q. Saunders Azərbaycanı dünyanın ən etibarlı və əməkdaşlığa açıq enerji tərəfdaşlarından biri kimi dəyərləndirib. Q. Saunders “Əsrin müqaviləsi”nin imzalanması və reallaşdırılması ilə Azərbaycanın enerji siyasətinin birinci hissəsinin uğurla başa çatdırıldığını, ikinci hissə olan TAP layihəsinin isə böyük perspektiv və imkanlar vəd etdiyini bildirib, layihə ilə bağlı qərarda iştirakçı dövlətlərin cəsarətli addımını xüsusilə qeyd edib. “Cənub dəhlizi” layihəsindən faydalanacaq dövlətlərdən biri kimi Gürcüstanı qeyd edən Saunders layihənin Gürcüstan üçün yeni birbaşa xarici investisiya mənbəyi olacağını bildirib.
Qeyd edək ki, natiqlər TAP layihəsi ilə bağlı verilmiş qərarın birbaşa Azərbaycan hökumətinin siyasi iradəsinin və liderliyinin göstəricisi olduğunu qeyd edib.
Vaşinqtonda bu səpkidə ilk dəfə keçirilən və regional əməkdaşlığın parlaq göstəricisi olan tədbirin məhz Konqresdə baş tutması böyük siyasi önəm daşıyır. Tədbirdə eyni zamanda, Milli Məclisin Azərbaycan-ABŞ Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun sədri Səməd Seyidovun rəhbərlik etdiyi, millət vəkilləri Sevinc Fətəliyeva və Asim Mollazadənin daxil olduğu, həmçinin ARDNŞ-ın prezidenti Rövnəq Abdullayevin başçılığı ilə nümayəndə heyətləri iştirak edib.
banner

Oxşar Xəbərlər