• şənbə, 20 Aprel, 01:39
  • Baku Bakı 15°C

ABŞ İrana qarşı sanksiyaları gücləndirəcək

19.07.13 10:48 1470
ABŞ İrana qarşı sanksiyaları gücləndirəcək
Birləşmiş Ştatlar İranda prezident seçkilərinin nəticələrinə baxmayaraq, bu ölkəyə qarşı sanksiyaların gücləndirilmək niyyətindədir. Barak Obama administrasiyası dünya ictimaiyyətinə Tehranın kütləvi qırğın silahı əldə etməməsi üçün daha güclü müqavimət göstərmək çağırışı ilə çıxış edib. Bu, Ağ evin rəhbərinin islahatçı prezident Həsən Ruhani hakimiyyətə gəldikdən sonra səsləndirdiyi ilk bəyanatdır. Bundan əvvəl isə İsrailin baş naziri Benyamin Netanyahu İrana qarşı zor tətbiqinin zəruriliyini açıq şəkildə bəyan edib.
Amerika-İsrail ritorikasının sərtləşdirilməsi Moskvanın mövqeyi ilə çox sərt şəkildə ziddiyyət təşkil edir. Kreml dəfələrlə İrana qarşı BMT Təhlükəsizlik Şurasında sərt sanksiyaların qəbulunun qarşısını alıb. Beləliklə, İran mövzusu yenidən Rusiya ilə Birləşmiş Ştatlar arasındakı münasibətlərdə özünü göstərməyə başlayıb. İranda prezident seçkiləri zamanı beynəlxalq ictimaiyyətin götürdüyü pauzanı artıq başa çatmış hesab etmək olar. Dünya birliyi İranın nüvə probleminin həlli istiqamətində səylərini də artırıb. Belə ki, Brüsseldə “altılığ”ın (BMT TŞ-nın beş daimi üzvü və Almaniya) görüşü zamanı Tehranla danışıqların yenidən bərpa edilməsi məsələsi qaldırılıb. Danışıqların növbəti raundu avqustun 3-dən sonra, daha dəqiq desək, yeni prezident Həsən Ruhaninin inauqurasiya mərasimindən sonra baş tutmalıdır.
Seçkilərdə islahatçı prezidentin sensasion qələbəsindən sonra belə bir ümid var idi ki, İranın Qərblə münasibətlərində yumşalmalar başlayacaq. Lakin hadisələrin inkişafı göstərir ki, bu heç də belə deyil. Birləşmiş Ştatlar İran siyasətini yumşaltmaq niyyətində deyil. Bunu sübut edən Birləşmiş Ştatların BMT Təhlükəsizlik Şurasının ekspertlərinin hesabatını aktiv şəkildə müdafiə etməsi olub. Həmin hesabat BMT-nin sanksiyalar üzrə komitəsinə təqdim edilib. Hesabat müəllifləri belə bir nəticəyə gəliblər ki, İranın ötən il keçirilən “Böyük Peyğbəmbər -7” təlimlərində “Şahab-1” və “Şahab-2” ballistik raketləri BMT-nin müvafiq qətnaməsini kobud şəkildə pozub. Bununla bağlı ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Rozmari Di Karlo Tehranın ünvanına sərt bəyanatla çıxış edib. İranın ünvanına uzun bir iradlar siyahısı hazırlayan ABŞ nümayəndəsi bununla yanaşı, İranı uranın zənginləşdirilməsi işlərini inkişaf etdirməkdə də günahlandırıb. O bildirib ki, bütün bu işlər BMT qətnamələri ilə ziddiyyət təşkil edir. Ən əsası, İranın Suriya prezidenti Bəşər Əsədə və Livanda yerləşən radikal şiə qruplaşması - “Hizbullah”a yardım etməkdə davam etdiyini vurğulanıb. “İran “altılığ”ın bütün təkliflərinə preventiv cavab verməsə, biz onun izolyasiyası və təzyiqləri davam etdirəcəyik” - deyə xanım Di Karlo vurğulayıb. Daimi nümayəndə bu səbəbdən də dünya ictimaiyyətini daha sıx və sərt şəkildə fəaliyyət göstərməyə çağırıb.
“İran rəsmiləri ölkənin nüvə proqramının qaranlıq tərəflərinin aydınlığa çıxması üçün cəhd göstərməlidirlər”. Bunu isə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsinin mətbuat katibi Maykl Mann bildirib. Onun sözlərinə görə, “altılıq” ölkələrinin təkliflərinə baxmayaraq, İran prosesi ləngidir: “Hazırda “altılıq” ölkələri İranla necə və kiminlə danışıqlar aparacağını müzakirə edirlər”.
İsrail prezidenti Benyamin Netanyahunun isə yeni İran rəhbərinə münasibəti ənənəvi olaraq mənfidir. O, yeni prezidenti “qoyun dərisi geymiş canavar” adlandırır, Ruhanini dünya birliyinin üzünə gülə-gülə atom silahı hazırlamaqda günahlandırır: “Biz Obama ilə bir neçə dəfə İranın nüvə silahı yaratmamasına imkan verməmək barədə danışmışıq. Seçkilərdən sonra xüsusən də İrana bu mövqenin dəyişilməz olduğunu çatdırmaq zəruridir”. Netanyahu əlavə edib ki, «İranda anlamalıdırlar ki, əgər sanksiyalar işləməsə, İsrail ABŞ-ın razılığı olmadan hərbi aksiyaya başlayacaq”.
İran tərəfi də dərhal bu ittihamlara reaksiya bildirib. “İsrailin İrana hücum edə biləcək gücü yoxdur” - deyə yeni prezident Həsən Ruhani bildirib. Onun sözlərinə görə, İranın 8 illik bir müdafiə təcrübəsi var: “8 illik müqəddəs müdafiə dövründə (İran-İraq müharibəsi nəzərdə tutulur) əldə edilən bütün zəfərlər İran xalqının qələbəsidir. Müqəddəs müdafiə dövründə böyük əməliyyatlarımız oldu. Bu əməliyyatlarda hər kəsin bir cür payı vardı. Ona görə də heç kimsə “yalnız mən vardım” deyə bilməz. İsrail kimdir ki, bizi təhdid etsin? Bu işğalçı rejim bizi həqiqi mənada təhdid edə bilməz, yalnız quru səs-küy qopara bilər. İsrailin İran xalqını həqiqi təhdid edə və ölkəmizə qarşı hərbi müdaxilə edə bilməməsinin səbəbi 8 illik müqəddəs müdafiədir. Onlar bilirlər ki, əgər bu hadisə baş verərsə, İran xalqı səmimi qəlblə, qorxmazlıqla və iqtidarla dayanacaq”. Ruhani deyib ki, İranın Livan və Fələstindəki müqavimət hərəkatlarına dəstəyi davam edəcək. İran prezidenti, həmçinin Suriya xalqının ölkədəki böhrana son verəcəyini də vurğulayıb. İranın yeni prezidenti Qərb sanksiyalarının vurduğu ziyana da toxunub. Onun sözlərinə görə, hazırda İran 42 faiz səviyyəsində bir inflyasiya ilə qarşı-qarşıyadır.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər