• şənbə, 20 Aprel, 04:56
  • Baku Bakı 15°C

ABŞ-İran yaxınlaşmasının Azərbaycana heç bir mənfi təsiri olmayacaq

12.06.14 12:10 1619
ABŞ-İran yaxınlaşmasının Azərbaycana heç bir mənfi təsiri olmayacaq
İranın nüvə məsələsi ilə bağlı ABŞ-İran danışıqlarının ikinci mərhələsi Cenevrədə davam etdirilib. Beş saatdan artıq davam edən danışıqların “müsbət və konstruktiv” mühitdə keçməsi barədə mətbuata məlumat verilib. Həmçinin bildirilib ki, hər iki ölkə İran və 6 güc dövləti arasında keçiriləcək danışıqlara qədər fikir ayrılıqlarını aradan qaldırmağa çalışır. Belə bir vaxtda 18 illik fasilədən sonra İran prezidentinin Türkiyəyə səfəri də diqqət çəkib. İki gün davam edən səfər çərçivəsində prezidentlər və nümayəndələr səviyyəsində müxtəlif görüşlər keçirilib. Hər iki ölkə arasında əlaqələrin daha da artırılması, regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsi qənaətinə gəlinib. ABŞ-İran danışıqlarının növbəti mərhələsi, mümkün olacaq yaxınlaşmanın regiona təsiri, İran prezidentinin Türkiyə səfəri, tərəflər arasında iqtisadi-siyasi gərginlik, İranla bağlı proseslərin müsbət yekununun Azərbaycan üçün əhəmiyyəti və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu cavablandırır.
- Ərəstun bəy, İranın nüvə məsələsi ilə bağlı ABŞ-İran danışıqlarının növbəti mərhələsi keçirilib. Hər iki ölkə İran və 6 güc dövləti arasında keçiriləcək danışıqlara qədər fikir ayrılıqlarını aradan qaldırmağa çalışır. Sizcə, bu danışıqlardan müsbət nəticə gözləmək olarmı?
- Əslində, perspektivdə nəticə görünür. Hər iki tərəfdən müəyyən iradə ortaya qoyulub. Hiss olunur ki, anlaşma əldə etmək istəyir var. Ona görə də bu məsələyə optimist yanaşıram. Ötən müddətdə iqtisadi sanksiyalar İrana ciddi təsir göstərib, bu baxımdan ortada müxtəlif dəyərləndirmələr var. Bugünkü İran siyasətini iki il əvvəlki ilə müqayisə etmək qeyri mümkündür. Bu, İranın yeni seçilmiş prezidentinin mövqeyi ilə bağlı deyil. Çünki prosesləri diqqətlə izləsək Ali dini liderin də mövqeyində xeyli yumşalmanı müşahidə edə bilərik. Ona görə də hesab edirəm ki, ya nüvə problemi olduğundan çox qabardılırdı, ya da İran bu məsələdə bir qədər geri çəkilib.
- İran xarici işlər nazirinin müavini Abbas Araqçı da təsdiq edir ki, danışıqlar “müsbət və konstruktiv” mühitdə keçir. Əgər danışıqlar gələcəkdə hər iki ölkə arasında yaxınlaşma ilə nəticələnərsə, geosiyasi mənzərə necə ola bilər?
- Geopolitik anlamda bu yaxınlaşma ilk növbədə ABŞ və ərəb ölkələri arasındakı münasibətlərə öz təsirini göstərəcək. Ən əsas da körfəzdəki ərəb ölkələri ilə münasibətlərə. Çünki həmin ölkələrin İrana münasibəti aydındır. Həmin dövlətlər İranı özlərinin əbədi rəqibi kimi qəbul edirlər. ABŞ-İran münasibətləri yaxşılaşacağı təqdirdə Vaşinqtonun Səudiyyə Ərəbistanı, Qətərlə əlaqələr də əvvəlki səviyyədə olmayacaq. Bununla yanaşı, İran-ABŞ yaxınlaşmasına ən böyük etiraz edən dövlət İsraildir. Hələ ötən ilin sonlarında İsrailin baş naziri Rusiya telekanallarından birinə müsahibəsində açıq şəkildə bildirib ki, İran aparılan danışıqlardan ancaq udacaq. Onun qiymətləndirməsinə görə, İranın nüvə sənayesi imkan verir ki, bu dövlət lazım olduğu təqdirdə çox qısa vaxtda nüvə silahı əldə edə bilsin. Mənim yanaşmama görə, israilli baş nazir o zaman məsələni bir qədər şişirtmişdi. Əgər İranın cəmi bir neçə ay ərzində nüvə silahı əldə etmək imkanı olsaydı, rəsmi Tehran bunu hətta danışıqlar gedə-gedə də edə bilərdi. Sonra da hər kəsi fakt qarşısında qoyar, böyük dövlətləri özü ilə hesablaşmağa məcbur edərdi. Beynəlxalq təcrübədə belə faktlar az deyil. Pakistan, Şimali Koreya, Hindistan nüvə silahına sahib olduqlarını bəyan edəndən sonra onlara münasibət dəyişib. Bu baxımdan, ABŞ-İran yaxınlaşması Vaşinqton-TelƏviv münasibətlərinə də təsirsiz ötüşməyəcək. İsrailin xarici işlər naziri Libermanın bu barədə bəyanatları deyilənlərə sübutdur. O bir neçə dəfə bildirib ki, İsrail özünə yeni müttəfiqlər axtarmalıdır və sair. ABŞ-İran arasında əməkdaşlıq, o cümlədən enerji sahəsində əməkdaşlıq inkişaf edəcəksə, bu həm də İran-Rusiya və Qərb-Rusiya münasibətlərinə təsir göstərəcək. Bütün geosiyasi mənzərə də bundan alınacaq. Göründüyü kimi indiki konstruksiya hüdudlarından kənara çıxan bir sıra yeniliklərin olması mümkündür. Əgər belə olsa, bölgədə tamamilə yeni bir geosiyasi mənzərə olacaq.
- Bəs, bu yaxınlaşma regiona, o cümlədən Xəzərin hüquqi statusu məsələsinin həllinə necə təsir edər?
- Əgər Xəzərin hüquqi statusunun müəyyənləşməsində İranın mövqeyində yumşalma olarsa, Rusiyanın mövqeyində kəskinləşməni müşahidə edə bilərik. Çünki Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün TANAP və TAP-ın, yaxud gələcəkdə daha yeni layihələrin işə salınacağı halda Vaşinqton-Tehran yaxınlaşmasının nəticəsi olaraq İranın, Türkmənistanın da bura qoşulacağı istisna olunmur. Belə vəziyyət faktiki olaraq Rusiyanı Xəzər hövzəsində təklənmiş duruma salacaq. Bu vəziyyət Xəzərin hüquqi statusunun müəyyənləşməsində də özünü göstərəcək. Bu halda öz iradəsini yeritmək üçün Rusiyanın Xəzər hövzəsində siyasəti kəskinləşə bilər. Avropaya enerji satışı baxımından Türkmənistan, İran və Azərbaycanın birgə, müştərək marağı olarsa, ilk növbədə bu, Rusiyaya qarşıdır. Çünki Rusiya hər zaman Avropanı öz monopoliyasında saxlamağa çalışır. İran-ABŞ yaxınlaşmasının konkret Azərbaycana təsirinə gəlincə, bütün hallarda neqativ heç nə görmürəm. Fikrimcə, qonşu dövlətlərin hamısı ilə münasibətlərdən yararlanmaq gərəkdir. İranla Türkiyə arasında münasibətlər yaxşılaşırsa, xüsusən də İranla münasibətlərdən yararlanmaq lazımdır. Bundan Azərbaycan heç nə itirməyəcək.
- İranla bağlı proseslərin müsbət yekunu neftin qiymətinə də təsir göstərə bilərmi?
- Hesab edirəm ki, istənilən halda yaxın illərdə neftin qiymətinin aşağı düşməsini müşahidə edəcəyik. Çünki artıq Amerika şit neft və qazı yavaş-yavaş bazara gəlir. Şimali Afrika qazı yeni həcmlərlə bazara girir. İstisna olunmur ki, bütün bunlar bazardakı qiymətlərə təsir göstərəcək, o cümlədən də neftin qiymətinə.
- 18 illik fasilədən sonra ilk dəfə srağagün İrandan prezident səviyyəsində Türkiyəyə səfər edilib. İran prezidenti H.Ruhaninin başçılıq etdiyi böyük nümayəndə heyəti iki gün ərzində Türkiyədə müxtəlif görüşlər keçirib, birgə bəyanat verilib. Bu səfəri necə qiymətləndirirsiniz?
- Ümumilikdə Ruhaninin Türkiyə səfərini pozitiv qiymətləndirirəm. Görünür İran prezidentinə də bu səfər lazımdır. Çünki Türkiyə özü də diversifikasiya mərhələsindədir. Yəni, Türkiyənin əvvəlki müttəfiqləri ilə, ilk növbədə Qərb ölkələri, İsraillə münasibətləri ideal deyil. Digər tərəfdən Türkiyə Misir kimi bir sıra ərəb ölkələri ilə də münasibətlərini korlayıb. Amma əvəzində rəsmi Ankaranın Moskva ilə münasibətlərində yeni çalarlar özünü göstərməkdədir. Belə olan halda Türkiyənin xarici tərəfdaşlığında müəyyən boşluqlar yaranıb. İndi həmin boşluqları qismən və ya tam doldurmağa çalışır. Ona görə də İran prezidentinin Türkiyə səfərini normal qarşılayıram. Hər iki ölkə bir-biri üçün vacib ticarət tərəfdaşı, qonşu ölkədır. Ruhaninin səfəri həm də ölkələr arasında mövcud olan siyasi, iqtisadi sahələrdəki müəyyən fikir ayrılıqlarını da aradan qaldırmağa hesablanmışdı. Türkiyənin NATO ölkəsi olmasına gəlincə, hazırkı İran üçün bu o qədər də əhəmiyyət kəsb eləmir. Çünki İran bu gün ən böyük NATO ölkələri ilə də danışıqlar aparır. Hətta rəsmi Tehran Qərb şirkətlərini İranda birgə layihələrdə iştirak etməyə çağırıb. Belə olan halda niyə Türkiyə bu proseslərdən kənarda qalmalı, təhlükə mənbəyi sayılmalıdır ki? Bunun üçün heç bir əsas yoxdur. Onu da unutmaq olmaz ki, Türkiyə NATO üzvü olmasına rəğmən kifayət qədər müstəqil xarici siyasət yürüdür.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər