• cümə, 19 Aprel, 08:26
  • Baku Bakı 13°C

ABŞ-ın xarici siyasətini dəyişməyinin zamanı yetişib

08.10.16 09:15 1997
ABŞ-ın xarici siyasətini dəyişməyinin zamanı yetişib
Nüfuzlu "The American Conservative” jurnalı Birləşmiş Ştatların son illər ərzində yürütdüyü xarici siyasət doktrinası, onun prioritetləri barədə diqqət çəkən məqamları araşdırmağa çalışıb. Məqalənin müəllifi Deniel Devis fikirlərini ritorik bir sualla başlayır: "Maraqlıdır, Amerika xalqı Birləşmiş Ştatların xarici siyasətinin mütəmadi olaraq həm nəzəri, həm də praktiki baxımdan iflasla nəticələnməsinə hələ nə qədər dözəcək?” Ardınca da müəllif bu siyasətin uğursuzluğunun ağırlıq miqyasını araşdırmağa çalışıb. O, milli təhlükəsizlik və iqtisadi çiçəklənmənin təminatı üçün ABŞ-a dəyişikliklərin gərək olduğunu vurğulayaraq, mətbuat başlıqlarının bu iflası dolğun əks etdirdiyini göstərib. "Əfqanıstana müdaxilədən 15 il sonra Əfqanıstanın yenidən qurulması üzrə Xüsusi baş inspektorun ofisi – SİGAR bəyan edib ki, korrupsiya bu ölkədə Amerika missiyasının uğuruna, onun başlatdığı sülhyaratma əməliyyatına kölgə salmış oldu. Biz hesab edirik ki, proqramın effektiv başa çatdırmamağımız ən yaxşı halda o deməkdir ki, bərpa yenidənqurma işləri bundan sonra da korrupsiya burulğanına düçar olacaq. Ən pis halda isə tam iflasla nəticələnəcək”, - deyə müəllif vurğulayıb.
Onun sözlərinə görə, bu ay Böyük Britaniya parlamentində hazırlanan hesabat göstərdi ki, Liviyaya Qərb müdaxiləsi siyasi və iqtisadi kollapsa, qəbilə və tayfalararası qarşıdurmalara, insan hüquq və azadlıqlarının pozulmasına miqrant və humanitar böhrana, Qəddafi rejiminin silahlarının bütün region üzrə yayılmasına, ən əsası İŞİD-in güclənməsinə gətirib çıxardı. "Pilotsuz təyyarələr tərəfindən bombardmanlar və zərbələr minlərlə dinc insanın ölümünə səbəb olub. Hətta döyüşmədiyimiz ölkələrin hərbçiləri, humanitar təşkilatların işçiləri də bu hücumların qurbanlarına çevrildilər. Bu səhvlər son 15 il ərzində yüz dəfələrlə təkrar olundu və bu da öz növbəsində ABŞ-a qarşı nifrət və düşmənçilik hisslərini gücləndirmiş oldu. Bu zərbələr nə qədər taktiki mənfəətlər versə də, strateji mənada onların nəticələri yalnız ziyan gətirdi”, - deyə müəllif yazıb. Ən əsası, 2001-ci ildən bəri hərbi gücün tətbiqi aşağıdakı nəticələrə səbəb oldu:
1) Regional planda bir vaxtlar İranla eyni çəkiyə malik olan bütöv İraq terrorçu istehsal edən dövlətə çevrildi.
2) İki tərəfin öz sərhədləri çərçivəsində öz aralarında döyüşdüyü Əfqanıstan terrorçuların cəm olduğu qeyri-funksional dövlətə çevrildi
3) Daxili sabitsizlik halları olsa da, qonşuları üçün təhlükə mənbəyi olmayan və terrorçulara sığınacaq verməyən Liviya fəlakət zonasına, sonsuz davam edən vətəndaş müharibəsi, terrorçuların yetişməsi üçün məhsuldar yerə, eləcə də İŞİD üçün meydana çevrildi.
4) "Əl-Qaidə”nin yeni forma və markada - İŞİD şəklində yaranmasına səbəb oldu. Bundan sonra dünya boyu terror təhlükəsinin sürətlə artmasına səbəb oldu.
Bundan əlavə, müəllif yazır ki, yarıtmaz siyasət ABŞ-ın Pakistan, Yəmən, Somali və Afrikanın digər ölkələrində qarşıdurmalara cəlb olunmasına gətirib çıxardı. "Bu uğursuz siyasət hər il sayı bilinməyən insan itkisinə, insanların ABŞ-a qarşı nifrət və kininin artmasına, eləcə də, bizim milli təhlükəsizliyimizin zəifləməsinə səbəb olur”, - deyən müəllif ardınca əlavə edir ki, hərbi uğursuzluqların bir aspekti var. Və bu aspekt diqqəti cəlb etməsə də, ciddi təhlükədir: "Sonsuz müharibələr Silahlı Qüvvələrimizin döyüş qabiliyyətini zəiflədir. Fasiləsiz hava uçuşları, bombardmanlar 15 il bundan əvvəllə müqayisədə daha çox həyata keçirilir. Nəticədə, təyyarələrin istismar müddətinin vaxtı azalır, eləcə də, raket və mərmi ehtiyatı azalır. ABŞ ordusu, dəniz piyadaları öz döyüş maşınlarında min kilometrlərlə məsafə qət edir, xeyli döyüş sursatı sərf edir - onlara həddən artıq çox vəsait xərclənir”.
Müəllif yazır ki, hərbi xərclərlə yanaşı, şəxsi heyətin təlimi, öyrənilməsinə həddən artıq çox vəsait sərf olunur. "Bütün bunlar müəyyən ehtiyatlanmalara səbəb olmalıdır. Ordunun əvvəlki tempinə qaytarılması üçün həddən artıq vaxt gərəkdir. Ağır texnikanın iştirakı ilə aparılan irimiqyaslı və məhdud əməliyyatlarda iştirak edən biri kimi qeyd etməliyəm ki, ənənəvi döyüşlərin effektiv şəkildə aparılması üçün ordunun hazırlanması xeyli vaxt və səy tələb edir. Bizim Hərbi Hava Qüvvələri müasir aviasiya döyüşlərində effektiv qırıcılar, Hava Hücumundan Müdafiə Sistemlərinin iştirakı ilə keçirilən hərbi əməliyyatlara qatılmayıblar. Belə hava döyüşləri yerdə yaraqlılara endirilən zərbələrdən daha mürəkkəbdir. Anlamaq gərəkdir ki, heç bir üsyançı və yaxud terrorçu qruplaşma Birləşmiş Ştatların mövcudluğuna təhlükə yaratmır. Lakin hər hansı bir fövqəldövlətlə ənənəvi hərbi toqquşma ölkəni dağıda bilər. Ağ ev administrasiyası, Konqres və Müdafiə Nazirliyinin kiçik hədəflərə israrla zərbə endirmələrini görmək acı təsir bağışlayır. Terrorizm əlbəttə Birləşmiş Ştatlar üçün təhlükə yaradır və biz ondan müdafiə olunmalıyıq. Lakin belə kiçik təhlükə mənbələrinə qarşı böyük hərbi resursların cəlb edilməsi, nəinki təhlükələrin qarşısını aldı, əksinə onların miqyasının artmasına səbəb olur. Bundan əlavə, kiçik təhlükələrə qarşı qeyri-sağlam mübarizə bizi zəiflədir. Mövcudluğumuza qarşı təhlükə olan qüvvələri daha da gücləndirir. Əgər yeni administrasiya bizim hərbi qüvvənin zəiflədiyini başa düşmürsə və onun bərpası üçün zəruri addımlar atmırsa - onda bizim zəifliyimiz iri hərbi qarşıdurmada məğlub olmaq təhlükəsi ilə üzləşəcək. Halbuki, əvvəlki hal olsaydı, biz qalib gələrdik. Bundan yüksək nəticəni təsəvvür etmək mümkün deyil”.
D.Devis sonda maraqlı bir nəticəyə gəlib. O, hesab edir ki, xarici siyasəti dəyişməyin zamanı yetişib: "Ya biz bu dəyişikliyi öz seçimimiz üzrə, ya da ki, fəlakətli hərbi məğlubiyyətlə müəyyən etməliyik. Mən ümid edirəm ki, birinci variant üzərində dayanacağıq”.
Xatırladaq ki, Deniel Devis ABŞ ordusunda 21 il xidmət edib. Defense Priorities-də xarici siyasət sahəsində hərbi ekspert kimi çalışıb. Dörd dəfə münaqişə zonalarında - 1991-ci il və 2009-cu ildə İraqda, iki dəfə isə Əfqanıstanda (2005-2011) olub.
Azər
banner

Oxşar Xəbərlər