• şənbə, 20 Aprel, 00:13
  • Baku Bakı 15°C

ABŞ-ın terrorla mübarizəsinin pərdəarxası

08.11.18 19:43 634
ABŞ-ın terrorla mübarizəsinin pərdəarxası
Türkiyə uzun müddətdir ki, PKK terror təşkilatı ilə mübarizə aparır və bu məsələdə müttəfiq olduğu dövlətlərin də məsələyə münasibət bildirməsini dəfələrlə dilə gətirib. Bundan sonra ABŞ hökuməti bu məsələdə addım atmaq qərarına gəlib və PKK-nın 3 yüksək rütbəli şəxsinin yaxalanmasına yardımçı olacaq şəxslərə pul mükafatının veriləcəyini bildirib. "Ədalət üçün mükafat” proqramı çərçivəsində elan edilən bəyanata əsasən, Murad Qarailan (5 milyon), Cəmil Bayık (4 milyon) və Duran Qalxanın (3 milyon dollar) tutulmasına yardım edəcək şəxslərə mükafat veriləcək.
Türkiyə Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin PKK terror qruplaşmasının rəhbərliyinə daxil olan 3 nəfərin başına pul qoymasına münasibət bildirib. XİN sözçüsü Hami Aksoy qeyd edib ki, rəsmi Ankara qərarı müsbət qiymətləndirir: "ABŞ Dövlət Departamentinin PKK terror qruplaşmasının 3 dəstəbaşının kimliklərini və yerlərini təsbit edəcək məlumatların verilməsi qarşılığında pul mükafatı ayırmasını alqışlayırıq. Bu addımın terrorçu PKK, onun İraq və Suriyadakı qollarına qarşı mübarizə ilə dəstəklənməsini də gözləyirik”.
Əslində ABŞ-ın belə bir addım atması həqiqətən Türkiyənin terrorla apardığı mübarizəyə dəstəkdir, yoxsa gözdən pərdə asmaq?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Natiq Miri bildirdi ki, ABŞ-ın PKK terror təşkilatının liderlərinin başına 12 milyon dollar qiymət qoyması qərarı taktiki gedişdən başqa bir şey deyil: "Diqqətdən qaçırmaq lazım deyil ki, əgər bu gün ABŞ PKK-nın Suriya qolu YPG terrorçularına 5 min yük maşını və təyyarələrlə dolu silahlar verib, onları gücləndirirsə və Suriyanın şimalında terror dövləti yaratmaq istəyirsə, necə ola bilər ki, PKK-nın bitirilməsi yönündə səmimi qərarı olsun? Bu baxımdan atılan addım inandırıcı deyil. Çünki YPG müstəqil şəkildə mövcud olan bir təşkilat deyil. Eyni zamanda bir məqamı diqqətdən qaçırmayaq. Çox maraqlıdır ki, PKK-nın liderləri arasında siyahıda olan 3 nəfərin başına qiymət qoyularkən, nədənsə, PKK-nın 4-cü lideri olan suriyalı Fəhman Hüseyn yaddan çıxıb. Halbuki, bu şəxs bilavasitə terror yuvası olan Kandildən Öcalan tərəfindən Suriyaya göndərilib və YPG-ni yaradıb. Məhz o, bu terror təşkilatını yaratdığı üçün ABŞ-ın terrorçular siyahısına salınmayıb. Bu faktın özü də göstərir ki, ABŞ-ın niyyəti həqiqətən də PKK-nı bitirmək deyil. Sadəcə bu istiqamətdə Türkiyənin Suriyadakı YPG təşkilatı ilə bağlı mövqeyini yumşaltmaqdan ibarətdir. Bunun arxasında YPG terror təşkilatını tədricən legitimləşdirmək və gələcəkdə Suriyanın idarəetməsində bilavasitə söz sahibi etmək istəyi dayanır”.
N.Miri qeyd etdi ki, həqiqətən istəsə, PKK liderlərini tapmaq rəsmi Vaşinqton üçün o qədər də problem deyil: "Çünki bu gün ABŞ Kandildən göndərilən birini Suriyanın şimalında döyüşən YPG silahlılarına rəhbər təyin etdi. Həmin terrorçu ABŞ-ın generalları ilə birgə helikopterdə münaqişə bölgəsini gəzərək ərazi ilə tanış olub. Kandili idarə edən liderlərin göndərdiyi şəxsi Amerika YPG ordusuna rəhbər təyin edirsə, digər tərəfdən necə olur ki, PKK-nın rəhbərliyi haqqında ABŞ-ın xəbəri olmasın? Yaxud da onların tapılması üçün 12 milyon dollar pul versin? Əslində ABŞ-ın atdığı addım inandırıcı deyil. Onu da qeyd edim ki, başqa amillər də var. Son zamanlar PKK-nın İran qolu olan PJAK nədənsə İranda terror hadisələri törətmək məsələlərinə məhdudiyyət qoyub. Bu da PKK liderlərinin artıq İrana yönəlik bir siyasət yürütməsi haqqında ABŞ xüsusi xidmət orqanlarında müəyyən şübhələr yaradıb. Məhz bu baxımdan da Vaşinqton İrana yönəlik liderlərin aradan götürülməsini istəyə bilər. Bir növ PKK-nı yeniləmək üçün İranla anlaşan terror təşkilatı liderlərini aradan götürməklə yeni bir təşkilat qurmaq və onu təşkilatlandırmaq niyyəti də ola bilər. Artıq Türkiyə kəşfiyyatında konkret informasiyalar var ki, PKK-nın məhz 3 lideri İran ərazisində gizlənir. Belə bir informasiyanın ABŞ-da olmaması mümkün deyil. Düşünürəm ki, Amerika məhz buna görə PKK liderlərini aradan götürmək istəyə bilər. Ancaq mahiyyət etibarı ilə bütün bu hiylənin, taktiki gedişin arxasında Suriyadakı YPG-nin legitimləşdirilməsi durur. Bu da ABŞ-ın Yaxın Şərqdə, o cümlədən Suriyada geosiyasi maraqları ilə əlaqəlidir. ABŞ-ın Suriyadakı əli məhz YPG terrorçularıdır. Ona görə də "terrorçularla əməkdaşlıq edir” ittihamından qaçmaq və həmçinin gələcəkdə Suriyada bu təşkilatı söz sahibi etmək üçün mütləq şəkildə bu təşkilatı hüquqi cəhətdən legitimləşdirməyə ehtiyac var. Bu səbəbdən ABŞ belə bir taktiki gediş etməklə həm Türkiyəni yumşaltmaq, həm də YPG terror təşkilatını dünya miqyasında legitimləşdirmək istəyir”.

Politoloq Qabil Hüseynli bildirdi ki, həm dünyanı, həm də Türkiyəni inandırmaq üçün Amerika PKK-ya qarşı münasibətdə daha çox addım atmalıdır: "Çünki ABŞ bu günlərdə elan etdi ki, PKK-nın Suriyadakı silahlı dəstəsi olan YPG terrorçu təşkilat deyil. Halbuki, PKK ilə YPG birlikdə Türkiyə sərhədlərini pozaraq terror aktları həyata keçiriblər. Bu nöqteyi-nəzərdən görünür ki, Türkiyə ilə Amerika arasında terrorçu məsələsinin müəyyənləşməsində danışıqlara və ortaq fikrə gəlməyə böyük ehtiyac var. İndiyədək ABŞ yalnız PKK-nı terror təşkilatı elan edib, amma PYD, YPG, PJAK və digər kürd terrorçu dəstələri siyahıya əlavə edilməyib. Amerikanın belə bir addım atması müsbət olsa da, bütövlükdə terrora qarşı mübarizədə mövqeyinin prinsipiallığını axıradək sübut edə bilmir. Hesab edirəm ki, ABŞ bu məsələdə bir qədər də prinsipial olmalıdır”.
Q.Hüseynli əlavə etdi ki, YPG-nin terror təşkilatı kimi tanınması ilə bağlı Amerika addım atmayacaq: "Çünki ABŞ-ın Xarici İşlər Nazirliyi bəyan etdi ki, YPG terrorçu təşkilat deyil. ABŞ Suriyadakı müxtəlif silahlı qruplaşmaları birləşdirərək "Demokratik Qüvvələr Birliyi” adlanan bir təşkilat yaradıb və onları demokratiya uğrunda mübarizə aparanlar hesab edir. Eyni zamanda bu təşkilatın Türkiyəyə hər hansı ziyanı olmayacağı vurğulanır”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər