AZE | RUS | ENG |

ABŞ-ın Qarabağda hərbi baza yaratması realdırmı?

ABŞ-ın Qarabağda hərbi baza yaratması realdırmı?
Politoloqların fikrincə, Ermənistan çox gözəl anlayır ki, ölkəsində nə qədər qərbpərəst əhval-ruhiyyə genişlənsə də, Rusiyadan uzaqlaşması qeyri-mümkündür

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ötən müddət ərzində müxtəlif həll planları, təkliflər, təşəbbüslər irəli sürülüb. Lakin Ermənistanın status-kvonu dəyişməmək niyyəti bütün cəhdləri nəticəsiz qoyub. Bir müddət əvvəl Cənubi Qafqaz regionuna səfər edən ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun səfər çərçivəsində Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirləri ciddi maraq doğurdu. Lakin rusiyalı ekspertlər Boltonun səfərində bir çox məsələlərin mediaya açıqlanmadığı fikrini irəli sürdülər.
Onlardan biri, Rusiyanın Xəzər Əməkdaşlığı İnstitutunun direktoru Sergey Mixiyev Rusiya telekanallarından birinə açıqlamasında qeyd edib ki, ABŞ-a Ermənistanda müəyyən dərəcədə idarəolunan hakimiyyət ona görə gərəkdir ki, İrana təzyiq üçün platsdarm qazansın və məhz bu səbəbdən Amerika indi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair öz fəaliyyətini artırıb: "Onların Qarabağ məsələsini necə həll etməklə bağlı öz planı var - işğal edilmiş rayonları təhvil vermək, bundan sonra ora sülhməramlılar qismində Amerika qoşunlarını yeritmək və beləliklə də İrana təzyiq üçün mövqe qazanmaq. Yerevan buna gedəcəkmi - məlum deyil, amma Boltonun Ermənistana səfəri zamanı belə planın təqdim edildiyi doğrudur”.
Rusiyalı ekspertin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bu dedikləri nə dərəcədə realdır?
 

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, ola bilsin belə bir söhbət var, amma bu, təklif yox, ideya kimi ortalığa atılıb: "Çünki prinsip etibarı ilə Ermənistan bütün baxış bucaqlarından bölgənin ən zəif və problem törədən subyektdir. Bu baxımdan da onun zəifliyindən istifadə etmək istəyən qüvvələr, o cümlədən ABŞ var. Biz bilirik ki, ABŞ dünyada fəal şəkildə bazalarının sayını artırmağa can atır. Amerikanın qlobal siyasətdə yeri və missiyası ondan ibarətdir ki, bütün dünya nizamına nəzarəti əlində saxlasın. Təsadüfi deyil ki, bu ölkənin milli sərhədlərindən kənarda təxminən 800-ə yaxın hərbi bazası var. Bu bazaların hansı missiyanı özündə daşıdığı, bir növ Amerikanın istənilən nöqtəyə əlinin çatması kimi izah edilə bilər. Çünki həmin bazalarda ilk olaraq hava qüvvələri, böyük dağıdıcı potensial yerləşdirilir. Yəni, söhbət yüksək texnoloji silah-sursatdan gedir. Eləcə də Amerika harada özü üçün təhlükə hiss edirsə, orada gücünü artırmağa qərar verir. Ola bilsin ki, ABŞ Ermənistan kimi zəif ölkə ilə alverə gedir və çalışır ki, həmin bu ideyalarını səsləndirsin. Ermənistanın hələ də eksperimentlər mərhələsində olan siyasi rəhbərliyinə çeşidli variantlar təklif etsin və onların hansı rəsmi Yerevanın ürəyincə olarsa, onu reallaşdırsın. Bu fikri səsləndirən Sergey Mixiyev çox praqmatik ekspertdir. Eləcə də onun məlumatları əksər hallarda özünü doğruldur. O həqiqətən də məlumatlılıq baxımından hər zaman çox üstün və inamlı görünüb. Əgər o bunu deyirsə, ola bilsin ki, hansısa kanallarla Yerevanda olan söhbətlərin təfərrüatları artıq Rusiya dairələrinə sızdırılıb və Mixiyev ondan istifadə edir. Amma bu, qeyri-mümkün məsələdir. Çünki Ermənistanın açarı Rusiyanın əlindədir. Rusiyanın orada hərbi bazadan əlavə, çox güclü rıçaqları var ki, vəziyyətə nəzarət etsin. Ermənistan çox gözəl anlayır ki, ölkəsində nə qədər qərbpərəst əhval-ruhiyyə çiçəklənsə də, Rusiyadan uzaqlaşması və digər tərəfə istiqamət götürməsi qeyri-mümkündür”.
T.Abbasov qeyd etdi ki, Bolton və eləcə də Ağ Evin komandası həm mühafizəkar, həm də radikal mövqedə olan qüvvəni təmsil edirlər: "Bu gedişlər, təkliflər və ABŞ-ın sərasər beynəlxalq qanunvericilik aktlarına məhəl qoymaması, eləcə də imzası olduğu müqavilələrdən kobud şəkildə çıxması artıq dünyada çox böyük narazılıq və narahatlıq doğurur. O səbəbdən də inanmıram ki, Ermənistanın yeni rəhbərliyi o dərəcədə başısoyuqluq edib, belə cəfəng ideyalara "hə” desin. Prinsip etibarı ilə bu, Azərbaycanın da marağında olan bir məsələ deyil. Rusiyanın Ermənistanda hərbi bazası olmasına baxmayaraq, o, Cənubi Qafqaz ərazisində daha praqmatik şəkildə davranır. Amma xaricdən gələn qüvvələr hər zaman özləri ilə hərbi potensial da gətirirlər. Çünki onların hərbi vasitələrinin yerləşdirilməsi yeni risklərin identifikasiyasını vəd edir. İndi inanmıram ki, Ermənistan bu məsələyə müsbət yanaşsın”.
 
 
Politoloq Elşad Mirbəşiroğlu bildirdi ki, Boltonun özünün qeyd etdiyi kimi, məqsədi regionda Amerikanın maraqlarının təmin olunmasına çalışmaqdan ibarət idi: "Bu baxımdan ABŞ-ın regionda geosiyasətinin həyata keçirilməsinə uyğun addımların atılması ilə bağlı Cənubi Qafqaz  dövlətlərinin liderləri ilə müəyyən müzakirələrin aparılması güman oluna bilər. Amma Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı konkret olaraq ABŞ-ın yeni nə isə təklif etməsinə inanmıram. Çünki burada bir paradoksallıq yaranır. Birincisi, Dağlıq Qarabağ ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənə bilər. ABŞ da həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir. Əgər bu münaqişə Amerika tərəfindən təklif olunmuş hər hansı bir layihə üzrə tənzimlənərsə, hesab edirəm ki, gələcəkdə Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən ABŞ-ın özünün rəqiblərinə qarşı istifadə etməsi ehtimalları və imkanları olmayacaq. Bir daha qeyd edim ki, heç də hər şey ABŞ-ın istəyindən asılı deyil”.
E.Mirbəşiroğlu vurğuladı ki, əgər ABŞ münaqişəni Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında qalması şərti ilə tənzimləməyə çalışarsa, bu açıq şəkildə regionda separatizmə dəstək kimi qiymətləndirilə bilər: "Bu baxımdan hesab edirəm ki, Con Bolton bütövlükdə Amerikanın regiondakı maraqlarına ciddi zərbə vuracaq belə bir təklif irəli sürməz. Münaqişənin tənzimlənməsinin qəbul olunmuş beynəlxalq prinsipləri var. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olaraq, ABŞ-da məhz həmin o prinsiplər üzrə münaqişənin həlli istiqamətində fəallıq nümayiş etdirə bilər. Amerikanın bundan kənar hər hansı bir fərqli təşəbbüslə çıxış edəcəyini sanmıram. Hətta belə bir təşəbbüs olacağı təqdirdə, onun hər hansı bir uğurunu istisna edirəm”.
 
Bəxtiyar MƏMMƏDLİ               

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163