• çərşənbə axşamı, 23 aprel, 20:37
  • Baku Bakı 20°C

ABŞ-ın Qarabağ münaqişəsi ilə bağlı passiv mövqeyi təəssüf doğurur

30.04.14 09:03 1331
ABŞ-ın Qarabağ münaqişəsi ilə bağlı passiv mövqeyi təəssüf doğurur
İkili standartlar ucbatından həllini tapmayan Dağlıq Qarabağ problemi yenidən gündəmə gəlib. Azərbaycan bu problemin həlli üçün diplomatik fəaliyyətini bir an belə dayandırmasa da, münaqişənin həlli üzrə vasitəçilik missiyasını həyata keçirdiyini bəyan edən həmsədrlər üzərlərinə düşən işi yerinə yetirməkdə heç də həmişə aktivlik göstərmirlər. Hətta bəzən onların bu işin həllində maraqlı olmadıqları da sezilir. Bu günlərdə Prezident Administrasiyasının ictimai-siyasi əlaqələr şöbəsinin rəhbəri Əli Həsənov müsahibəsində ölkə prezidentinin də həmsədrlərdən narazı qaldığını vurğulamışdı. Hələ ki, ortada nəticə olmadığını, buna görə də ölkə başçısının həm danışıqların nəticəsindən, həm də bütünlükdə Minsk qrupunun fəaliyyətindən narazı qaldığını deyən Ə.Həsənov Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini xatırlatmışdı. Ən təəssüfedici məqam isə odur ki, Minsk qrupu həmsədrlərinin heç bir ciddi təzyiq siyasəti müşahidə olunmur: “Düşünürük ki, danışıqlar Ermənistana heç bir təzyiq olmadan davam edəcəksə, nəticə də olmayacaq. Amma buna baxmayaraq, danışıqların alternativini də görmürük. Bunun alternativi müharibədir. Hesab edirik ki, hələ də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll olunma imkanları tükənməyib. Ona görə ki, hələ beynəlxalq aləm öz münasibətini tam olaraq ortaya qoymayıb. Beynəlxalq birlik Ermənistana ciddi təzyiq göstərəndən sonra bu məsələ dinc yolla həll olunacaq və işğalçı dövlət geri çəkiləcək. Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həlli prinsipləri mövcuddur. Bu prinsiplər ilk növbədə Azərbaycanın ərazi bütövlüyü, eyni zamanda Dağlıq Qarabağda yaşayan ermənilərin öz müqəddəratını müəyyən etməsi hüququndan ibarətdir. Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağda yaşayan erməni əhalinin öz müqəddəratını təyin etmək hüququ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində reallaşdırıla bilər. Ona görə də biz beynəlxalq aləmdən ciddi iradə, Ermənistana təzyiq gözləyirik”.
Bəs bu təzyiqi kim həyata keçirməlidir? Təbii ki, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar və ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlər. Azərbaycan ictimaiyyəti bu istiqamətdə əsas fəallığı ABŞ-dan gözləyir. Amma təəssüf ki, ABŞ-ın münaqişənin həlli prosesindəki passiv mövqeyini heç cür danmaq olmaz. ABŞ-ın gözlə görünən passivliyini normal hal kimi qəbul etmək də olmur. Özlərini bir növ, dünya hakimi kimi hiss edən amerikalı prezidentlər münaqişənin həlli istiqamətində konkret addımlar atmaqdansa, daha doğrusu, illərdir söylənilənlərə əməl etməkdənsə, həmsədr postuna indiyə qədər ən çox tənqid və gülüş obyektinə çevrilmiş şəxsi təyin edirlər. Həmin şəxs (söhbət amerikalı yeni həmsədr Ceyms Uorlikdın gedir – Ş.T.) isə nəinki ölkəsinin münaqişənin həlli üçün səylərini artırır, əksinə özünü “tvitter” ulduzu kimi təqdim edərək sanki məsələni qeyri-ciddiyə aldığını nümayiş etdirir. ABŞ hökuməti münaqişəli tərəflər arasında guya körpü salmaq məqsədilə indi də “xalq diplomatiyası” siyasətini dəstəkləyir. Bunun ölkəmizdə birmənalı qarşılanmadığını bilən amerikalı həmsədr Ceyms Uorlik “tvitter” səhifəsində bu barədə fikirlərini paylaşıb. Qeyd edib ki, ABŞ Azərbaycan və Ermənistan xalqları arasında etimad və qarşılıqlı anlaşmanın qurulması üçün proqramı dəstəkləyir.
Hamıya məlumdur ki, belə “sülh” diplomatiyası yalnız Ermənistana sərf edir. Çünki onların itirəcəkləri bir şey yoxdur. Ermənilər hər zaman vaxt udmaq üçün müxtəlif bəhanələr axtarıblar.
Qeyd edək ki, xarici işlər naziri Araz Əzimov “xalq diplomatiyası”nın heç bir önəm daşımadığını, öz-özünə həlledici rol oynaya bilməyəcəyini bildirib: “Nəticədə Ermənistan rəhbərliyindən çox şey asılıdır. Ermənistan ölçü götürməli, ciddi qərarların qəbul edilməsinə hazır olduğunu bildirməlidir. “Xalq diplomatiyası” populyar bir termindir. Bu diplomatiyanın tərkibində müxtəlif metodlar və mexanizmlər var. İnformasiya mühitinin inkişafı ilə “xalq diplomatiyası”nın yeni imkanları əmələ gəlir. Çox təəssüf ki, Ermənistanda Qarabağ problemi ilə bağlı plüralizm müşahidə olunmur”.
Azərbaycan parlamentinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də mətbuata açıqlamasında “xalq diplomatiyası” adı ilə Qərbin, ABŞ-ın həyata keçirdiyi layihələrin nəinki əhəmiyyətsiz, hətta çox təhlükəli olduğunu diqqətə çatdırıb. Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prezidentlər və xarici işlər nazirləri səviyyəsində danışıqlar olur. Ancaq müstəsna hallarda, müəyyən bir mandatla Azərbaycan parlamentariləri beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı səfərlərdə iştirak edirlər: ““Xalq diplomatiyası” yalnız Azərbaycanın Ermənistan tərəfdən işğal olunmuş torpaqlarının azad olunmasından, sülh müqaviləsi imzalandıqdan sonra Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə, o cümlədən Xocalı soyqırımına görə rəsmən üzr istəməsindən sonra mümkün ola bilər. Jurnalistlərin, QHT nümayəndələrinin, yaxud digər vətəndaş cəmiyyəti təmsilçilərinin “xalq diplomatiyası” adı altındakı təmasları effekt verə bilməz”.
Ümumilikdə Azərbaycan ictimaiyyətinin rəyi bundan ibarətdir ki, “xalq diplomatiyası” həqiqətən də ölkəmizin xeyrinə deyil, ilk baxışdan xoş görünsə də əslində, Azərbaycana qarşı törədilən işğal faktını unutdurmaq məqsədi daşıyır. Bu siyasət bizə vurulan zərbə, status-kvonun saxlanmasına yönəlik xidmət kimi qiymətləndirilir.
İndiyə qədər “xalq diplomatiyası”nın heç bir nəticəsinin müşahidə olunmamağı bu siyasəti qəbul etməyənlərin haqlı olduğunu təsdiqləyir. Tarixdən xəbərdar erməni siyasətçiləri, diplomatları hələ də həqiqəti etiraf etmirlər. Belə vəziyyətdə sıravi vətəndaşlar dediklərimizi qəbul etsələr belə, bunun siyasi müstəvidə bizim üçün hər hansı fayda verəcəyi böyük şübhə doğurur. O da olsun ki, həmsöhbətlərimiz ermənilərdir. Məlum məsələdir ki, onlarla danışdığımız elə özümüzə qalır. Qarabağdan köçmüş həmyerlisini qəbul etməyən Ermənistan haylarından bizim həqiqətləri qəbul etmələrini gözləmək ən azı indiki şəraitdə real deyil. Təəssüf ki, ermənipərəst həmsədrlər də onlara olan ümidləri doğrultmamaqda davam edirlər. Ona görə də münaqişənin həlli üçün regiondakı geopolitik balans dəyişilməli və Azərbaycan mövqelərini bundan sonra da gücləndirməkdə davam etməlidir. Çünki münaqişə sülh yolu ilə həllini tapmadıqca, alternativ variantın tətbiq olunması qaçılmaz olmağa başlayır.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər