AZE | RUS | ENG |

ABŞ-ın Qafqazda revanş istəyi

ABŞ-ın Qafqazda revanş istəyi
Vaşinqton Gürcüstanın NATO-ya üzvlüyünə çalışır

"Gürcüstanı NATO-nun növbəti sammitinə çağırmaq gərəkdir”. Birləşmiş Ştatların yüksək rütbəli hərbçisi Ben Hodcesin bu günlərdə səsləndirdiyi gözlənilməz bəyanat geniş müzakirə və narahatçılıqlara yol açıb. Bir vaxtlar ABŞ-ın Avropadakı hərbi qruplaşmasına rəhbərlik etmiş Hodces kimi titullu şəxs, təbii ki, boşuna fikir səsləndirmir. Və onun bu fikri dərhal da Rusiya mediası və siyasiləri tərəfindən sensasiyalı bəyanat kimi qəbul edilib. Mövcud vəziyyət belədir ki, hazırda Gürcüstan sərhədləri yaxınlığında abxaz və osetinlər deyil, rus əsgərləri keşik çəkir. Bu da Tbilisi üçün silahlı münaqişə başlanan vaxt, yaxşı heç nə vəd etmir. Rusiyanın "RenTV” telekanalının saytında yerləşdirilən məqalədə vurğulanır ki, amerikalı hərbçi generalıın fikirləri təxribat xarakterlidir: "Generalın sözlərindən belə çıxır ki, ərazi bütövlüyünün pozulması və münaqişəyə baxmayaraq Gürcüstanı quruma dəvət etmək olar. Amerikalı hərbçi tarixi bir presedent də gətirir - Qərbi Almaniya şərq hissə üzərində nəzarət olmadığı halda, NATO-nun üzvü olub”. Beləliklə də, iddia olunur ki, prosedurun dəyişməsi üçün tarixi platforma mövcuddur. Müəllif adıçəkilən amerikalı generalı "müharibə qırğıları” sırasında görür və istisna etmir ki, ABŞ-da bu bəyanat ciddi qəbul edilə bilər. Əlavə edir ki, informasiya müharibələri dövründə Qərbin liderliyi göz önündədir və bu mənada generalın bəyanatı ətrafında müvafiq mediafon yaratmaq elə də böyük zəhmət tələb etməyəcək.  İkinci intriqa – gözlənilməzlikdir. Həqiqətən də çoxları üçün elə görünə bilər ki, artıq Avropa, xüsusən də ABŞ Gürcüstanı bir növ unudub. Sanki Qafqazın bu ölkəsinin taleyi dünyanın siyasi gündəliyindən çıxarılıb. Mütəmadi olaraq bu ölkədə NATO bazalarının yerləşdiriləcəyi barədə xəbərlər yayılsa da, heç kim onları ciddi qəbul etmir. Müəllifin gəldiyi qənaət budur ki, Saakaşvilinin hakimiyyətdən getməsindən sonra rusofob ritorika gürcü kütləvi məkanından tədricən çıxmağa başlayır. Rus turistləri artıq Batumini  bürüyüblər, iki ölkə arasında Cenevrədə münasibətlərin normallaşması istiqamətində danışıqlar aparılır, aviaəlaqələr bərpa olunur. Bundan əlavə gürcü şərablarına Rusiya piştaxtalarında rast gəlmək mümkündür. Müəllifin qənaətincə, bu kimi hallar Birləşmiş Ştatlar tərəfindən diqqətlə izlənilir və yumşaq desək, müəyyən mənada onu ehtiyatlanmağa da vadar edir. Axı ABŞ Gürcüstanı özünün Qafqazda yeganə və yüz faizli platsdarmı, müttəfiqi hesab edirdi. Yerdə qalan dövlətlər Rusiya ilə sırf sülh dialoqu aparılmasının tərəfdarı qismində çıxış edirlər. Görünən odur ki, Ukrayna layihəsinə daha çox diqqət ayıran amerikalılar regionda təşəbbüsü əldən verməyə başlayıblar. Moskva artıq regionun ən mürəkkəb dövləti olan Gürcüstanla sosial-iqtisadi münasibətləri möhkəmləndirməyə müvəffəq olub. Konkret olaraq isə qeyd edildiyi kimi,  turizm sahəsində ciddi uğurlar hiss olunur. Amerikalılar isə Gürcüstanı itirmək riski ilə üz-üzə qalıblar. Artıq Rusiya mediası və siyasiləri də Moskva və Tbilisinin intensiv şəkildə yaxınlaşdığını vurğulayırlar. Bu kontekstdə amerikalı general Hodcesin gözlənilməz bəyanatı ABŞ-ın Qafqazda tamşəkilli revanş üçün əsas hesab edilə bilər. Birləşmiş Ştatlar da nəyin bahasına olursa-olsun, bu revanşı Rusiyadan almağa çalışır. Lakin əsas olan odur ki, amerikalı yüksək rütbəli hərbçinin bəyanatının hansı tempdə inkişaf edəcəyini diqqətlə izləmək gərəkdir. Əgər bu təklif elə təklif kimi qalacaqsa, onda Hodcesin bəyanatı gürcü elitasına bir dostluq siqnalı kimi başa düşüləcək. Yəni bir növ "sizi yaddan çıxarmamışıq - möhkəm durun dostlar” demək istədiyi başa düşüləcək. Rusiyalı müəllifin qənaətincə, əgər amerikalı hərbçini digər strateqlər də dəstəkləsələr, onda bu təhlükəni regionda növbəti gərginlik ocağının qızışdırılması cəhdi kimi qəbul etmək olar. O ki qaldı regionun digər dövləti Ermənistana - bu ölkə ilə bağlı Birləşmiş Ştatların gözləntiləri tam puç alıb. Görünən odur ki, ermənilər "forpost” damğasını öz üzərindən atmaq istəmirlər. Məsələn, ötən gün ABŞ Ermənistanın Suriyadakı Rusiya hərbi missiyasında iştirakından məmnun olmadığını bildirib. ABŞ Dövlət Departamenti bəyanatında bildirib: "Biz Suriyadakı humanitar vəziyyətdə başqa ölkələrin yardım göstərməyə can atdığını başa düşürük və Yaxın Şərqdə dini azlıqlarla bağlı narahatlıqları bölüşürük. Bununla belə, biz Suriyanın hərbi qüvvələri ilə, istər mülkilərə yardımın göstərilməsi olsun, istərsə də hərbi təyinatlı fəaliyyət - hər hansı əməkdaşlığın əleyhinəyik. Biz habelə bu missiyada Ermənistan və Rusiya arasında hər hansı əməkdaşlığı dəstəkləmirik”. Dövlət Departamenti xatırladır ki, Rusiya mülki əhalinin qətliamında və humanıtar fəlakətin yaradılmasında Bəşər Əsəd hökumətinin partnyorudur və bu rejimi qlobal səhnədə himayə etməkdə davam edir. Rusiya Suriyada 2011-ci ildən bəri davam edən münaqişədə Əsəd rejiminə həlledici hərbi dəstək verərək, qüvvələr balansını Dəməşqin xeyrinə dəyişib. Rusiya 2015-ci ildə Suriyaya hərbi müdaxilə edəndə Bəşər Əsəd faktiki olaraq devrilmək üzrə idi. Rusiya bu missiyada Ermənistana logistik dəstək verməlidir. Yerevan bildirir ki, onun heyəti Suriyada müstəsna olaraq döyüş əməliyyatlarının getmədiyi yerlərdə fəaliyyət göstərir. Lakin Ermənistanın müdafiə naziri Davit Tonoyan deyib ki, zərurət yarandığı təqdirdə Ermənistan Respublikası qanun çərçivəsində hərbi əməliyyatlarda da iştirak edə bilər. Bununla belə, baş nazir Nikol Paşinyan bildirib ki, müdafiə nazirinin qeydlərindən xəbərsizdir və Ermənistan heyətinin döyüş əməliyyatlarında iştirakına dair heç bir plan yoxdur.   Azər NURİYEV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311