• cümə, 29 Mart, 09:43
  • Baku Bakı 5°C

ABŞ-ın müstəsnalığı - Və onun ermənipərəst fəsadları - Məqalə

17.04.15 06:46 992
ABŞ-ın müstəsnalığı - Və onun ermənipərəst fəsadları - Məqalə
Rəsmi “Azərbaycan” qəzeti “Obama-Kerri cütlüyü: “müstəsnalığın” islamofob və ermənipərəst fəsadları” başlıqlı məqalə dərc edib. Kaspi.Az ABŞ hakimiyyətini tənqid edən həmin məqaləni təqdim edir:
“Bu gün Amerika heç vaxt olmadığı kimi qalan bütün dünyadan güclüdür. ABŞ birtərəfli qaydada hərbi gücü tətbiq etməyə hazırdır. Amerika tək əvəzolunmaz millətdir. Məsələ Amerikanın lider olub-olmamasında deyil, nəyə görə lider olmasındadır. Bu, yalnız bizim sakitliyimiz və firavanlığımız üçün deyil, bu firavanlığı həm də bütün Yer kürəsinə yaymaq üçündür. Amerika dünyada lider olmağa borcludur, bizdən başqa bunu heç kim edə bilməz. Mən bütün ruhumla Amerikanın müstəsnalığına inanıram. Bizi müstəsna edən beynəlxalq qanunları pozmaq bacarığımız deyil, onu öz hərəkətlərimizlə təsdiq etməyə hazırlığımızdır”.
ABŞ əsgərləri qarşısında çıxış edən Prezident Barak Obamanın bu fikirləri ötən əsrin 30-cu illərdə geniş yayılmış bəzi ideoloji cərəyanların ana xətti kimi də qəbul edilə bilər. Həmin dövrdə Avropada milliyyətçiliyi, şovinizmi, ekspansionizmi dövlət siyasəti səviyyəsinə ucaldanlar da öz xalqlarının müstəsnalığını belə fikirlərlə əsaslandırır və bəşəriyyət adından qərarlar vermək, bütün dünyanı idarə etmək səlahiyyətinə malik olduqlarını iddia edirdilər. Onların sələfləri kimi bu gün Fransa “Milli Cəbhə” ultrasağçı milliyyətçi partiyasının keçmiş lideri Jan Mari Le-Pen və hazırda bu quruma rəhbərlik edən onun qızı Marin Le-Pen, Hollandiyada “Azadlıq” partiyasının lideri Hert Vilders, Almaniyada millətçilər getdikcə öz mövqelərini gücləndirirlər. Həmin şəxsləri birləşdirən isə islamofobiya, antimüsəlman, antitürkçülükdür. Görünür, Qərbin bəşəriyyətin gələcəyi ilə bağlı planlarında Rusiya və Çin kimi nəhəng dövlətlərlə yanaşı, həm də bütün müsəlman dünyasına yer saxlanılmayıb.
Cənab B.Obamanın bəyan etdiyi “müstəsnalıq”, “əvəzolunmazlıq”, “liderlik” ambisiyaları və islamofob siyasəti bu gün Liviya, Misir, Tunis, Yəmən, İraq, Əfqanıstan və digər Şərq dövlətlərində çevrilişlərin, hərbi ekspansiyaların, vətəndaş qarşıdurmalarının, bu arealı bürümüş sosial və iqtisadi fəlakətin başlıca səbəbləridir. ABŞ Prezidenti hesab edir ki, bu ölkələrin xalqları müstəqil şəkildə özlərinə hakimiyyət seçə və öz qanunları, qaydaları ilə yaşaya bilməzlər. Onlar öz həyat tərzlərini Amerikanın maraqlarına, istək və arzularına uyğunlaşdırmalıdırlar. Cənab Obamanın fikrincə, bütün dünyanın etirazına baxmayaraq yalnız ABŞ Osventsim və Austerlitsi xatırladan Abu-Qreyb, Quantanamo kimi həbsxanalarda minlərlə insanı illərlə məhkəməsiz saxlaya, onlara işgəncələr verə bilər. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Cessi Lif xatirələrində yazır ki, hələ 60-cı illərdə onlar bəzi ölkələrin xüsusi xidmət orqanlarının əməkdaşlarına gestapo metodları ilə sorğu aparmaq üsullarını öyrədirdilər. Belə ki, qadın və kişi məhbuslardan informasiya almaq üçün onları qızdırılmış dəmirin üstünə otuzdurur, qətli imitasiyası edir, boğur, dərinin altına şüşə qırıqları yeridir, dişlərini və dırnaqlarını çəkir, balaca tabutu xatırladan yerdə uzun müddət qalmağa məcbur edirdilər. Daha sonra bu səhnələr videoya çəkilir və digər ölkələrdə təlimlərdə istifadə edilirdi. ABŞ Senatının xüsusi komissiyası 2002-2009-cu illərdə oğurlanmış və xüsusi təcridxanalarda saxlanan məhbuslara qarşı da analoji metodların tətbiq edildiyini müəyyənləşdirmiş və bununla bağlı müvafiq hesabat hazırlanmışdı. Amma nədənsə bu hesabat həmin hadisələrdən 5 il sonra, özü də qismən açıqlanmışdı. Ən acınacaqlısı da odur ki, cənab Obama və onun administrasiyası buna görə heç kimə hesabat verməyi özünə borc bilmir. Cənab Obamanın düşüncə tərzinə görə yalnız Amerikada ATƏT kimi nüfuzlu bir qurumun müşahidəçilərinə qarşı təzyiq göstərilə və onların seçkiləri müşahidə etmək səlahiyyəti sərt şəkildə məhdudlaşdırıla bilər. Azərbaycanda isə nəinki ATƏT müşahidəçisinin, hətta müxalifətin seçki pozuntusu adı altında təqdim etdiyi fantastik iddialar Dövlət Departamentinin seçkisonrası bəyanatları üçün arqument rolunu oynayır. Ancaq Amerikada insan hüquqları pozuntusu ölkənin daxili işi hesab olunmalıdır. Hər halda ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf 2014-cü ildə Ferqyusonda qaradərili gəncin qətlindən sonra başlamış kütləvi aksiyaların polis zorakılığı ilə dağıdılmasını, hadisələri işıqlandırmaqla öz peşə borclarını yerinə yetirən jurnalistlərin, zərər çəkmiş şəxsləri müdafiə edən hüquq müdafiəçilərinin saxlanılmasını və həbsini şərh edərkən demişdi ki, bunları dünyanın digər bölgələrində baş verən hadisələrlə qarışdırmaq lazım deyil. Bütün bunlar Amerikanın daxili işidir.
Amerikanın dövlət başçısı qəti əmindir ki, yalnız ABŞ-ın xüsusi xidmət orqanları müasir texnologiyaların imkanlarından istifadə etməklə, öz müttəfiqləri də daxil olmaqla bütün dünyanı gizlicə izləyə və dinləyə bilər. Bunu ifşa edən Culian Assanc və Edvard Snouden kimi şəxslər isə dövlətin düşməni elan olunur, onlara qarşı əsl “əcinnə ovu” təşkil edilir. Təbii ki, ABŞ-ın dövlət maraqları olduğu yerdə 3 ildir Ekvadorun Londondakı səfirliyində qeyri-insani şəraitdə yaşamağa məhkum edilmiş Assancın taleyi cənab Obamanı qayğılandıra bilməz. Bu gün o, xarici ölkələrdən birinin Bakıdakı səfirliyində gizlənərək məsuliyyətdən yayınmağa çalışan RATİ-nin sədri Emin Hüseynovun taleyini daha çox “düşünür”. Əks təqdirdə ABŞ Dövlət Departamenti, Human Rights Watch, Freedom Hause və digər bu kimi təşkilatlar E.Hüseynovun deyil, C.Assancın taleyi ilə maraqlanardılar. Belə olmasaydı, bir qrup avantürist ABŞ Dövlət katibi C.Kerriyə müraciətlərində X.İsmayıl, L.Yunusun deyil, Wikileaks saytına məlumatları ötürən Bredli Menninqin taleyini gündəmə gətirərdilər. Yaxud da ABŞ təşkilatları guya ayrı-ayrı ölkələrdəki “dözülməz vəziyyətdən baş götürüb qaçan mühacirlərlə” yanaşı, həm də dünyanın ən qüdrətli dövlətinin qisasından qaçaraq Rusiyaya sığınmış, ancaq orada da qorxu altında yaşayan Edvard Snoudeni müdafiə edərdilər.
Bir çox ekspertlər hesab edirlər ki, Obama-Kerri cütlüyü dövründə olduğu kimi, Amerika hakimiyyəti heç vaxt maliyyə-iqtisadi və lobbi qruplarından asılı vəziyyətdə olmayıb. Amerika prezidentləri və dövlət katiblərindən heç biri bu qədər islamofob mövqeyi ilə seçilməyiblər. Bu gün Azərbaycan ictimaiyyətinə də belə bir rəy hakim kəsilib ki, müstəqil Azərbaycana münasibətdə Amerikanın mövqeyində heç vaxt bu qədər ermənipərəstlik özünü büruzə verməyib.
Məlumdur ki, Bill Klintonun dövründə Azərbaycanla ABŞ arasında formalaşan əməkdaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf etdirildi və strateji tərəfdaşlıq səviyyəsinə qalxdı. Məhz Azərbaycanın əlverişli strateji mövqeyi ABŞ-a Cənubi Qafqazda və Xəzər dənizi regionunda siyasi və iqtisadi proseslərdə fəal iştirak etməyə şərait yaratdı. Azərbaycan Qərb institutları ilə əməkdaşlıq əlaqələri qurdu və inkişaf etdirdi, NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramının fəal iştirakçısına çevrildi. Azərbaycan beynəlxalq antiterror koalisiyasına dəstək verdi, dünyanın müxtəlif qaynar nöqtələrində həyata keçirilən sülhyaratma missiyalarında iştirak etməyə başladı.
Bir çox politoloqun, siyasi şərhçilərin rəyinə əsasən 2009-cu ildə Barak Obama ABŞ Prezidenti seçildikdən sonra Amerikanın xarici siyasətində baş verən dəyişikliklər beynəlxalq ictimaiyyətdə birmənalı qarşılanmadı və ciddi suallar doğurmağa başladı. Bu, ilk növbədə ABŞ-ın öz liderliyini təsdiq etmək və məqsədlərini həyata keçirmək üçün ayrı-ayrı ölkələrə qarşı təzyiq və güc mexanizmlərindən istifadə etməsinin ardıcıl xarakter alması, dominantlıq ritorikasının güclənməsi, ənənəvi müttəfiq və tərəfdaşlarla əlaqələrin və əməkdaşlıq prinsiplərinin yenidən nəzərdən keçirilməsi, bir sıra hallarda isə anlaşılmaz, ikili standartlara əsaslanan qərarların qəbul olunması kimi halları əhatə edir. “Forbes”in şərhçisi Mark Adomanis “Bəhreyn, Suriya və Amerikanın ikiüzlülüyü” adlı məqaləsində yazır: “Bəhreyn təcrübəsi Birləşmiş Ştatların həqiqətən “demokratiyanı yaymaq” ideyasına sadiq olduğuna inanan azsaylı insanları da əksinə düşünməyə vadar etməlidir. Bəhreyn və Suriyaya münasibətdəki fərq Amerikanın təsəvvür oluna biləcək qədər görünməmiş ikili standartlarının nümunəsidir. Bu, mütləq şəkildə iki identik böhrana tam fərqli yanaşmanı ehtiva edən, qeyri-ardıcıl və ikiüzlü məntiqin klassik nümayişidir... ABŞ daha çox ikiüzlü, şöhrətpərəst və mənfəətpərəst görünür. Amerika xalq üsyanını sərt şəkildə yatıran bir ölkəyə qarşı (Suriya) müharibəni təbliğ etməklə və elə o cür də sərt şəkildə xalq üsyanını yatıran digər ölkə (Bəhreyn) haqqında heç bir söz deməməklə tragikomik vəziyyətə düşüb”. (inosmi.ru/world/20121101/201657583.html). Şübhəsiz, ABŞ-ın ikiüzlü siyasəti bu ölkəyə rəhbərlik edən şəxslərin Ukraynadakı hadisələrə və Dağlıq Qarabağ probleminə tam fərqli, beynəlxalq hüquq normalarını və ədalət prinsipini inkar edən yanaşmasında da özünü açıq göstərir.
Əslində, M.Adomanis bu fikirləri ilə Barak Obamanın siyasətində açıq müşahidə olunan qeyri-ardıcıllığı, ikiüzlü məntiqi, ikili standartları ifşa edir. Bu siyasətin konturları son bir neçə ildə ABŞ-ın Azərbaycana münasibətində daha aydın görünməyə başlamışdır. Burada söhbət təkcə Obama Administrasiyasının və Dövlət Departamentinin, Amerika mediasının və QHT-lərinin Azərbaycanı hədəfə götürməsindən getmir. Problem odur ki, ABŞ-ın 1990-cı illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətinin ab-havası yenidən hiss olunmaqdadır. Bu ab-havanın formalaşmasında cənab Obama ilə yanaşı Dövlət katibi Con Kerrinin Amerikanın dövlət maraqları ilə uzlaşmayan şəxsi mövqeyi, erməni lobbisi ilə sıx əlaqələri az rol oynamır. Təsadüfi deyil ki, C.Kerri digər bir neçə senatorla birlikdə 1990-cı ildə SSRİ rəhbəri M.Qorbaçova ünvanladıqları məktubda onu Dağlıq Qarabağ problemini “Qarabağ xalqının Sovet dövləti çərçivəsində gələcək siyasi və mədəni mənsubiyyətini seçmək hüququnu tanımaqla həll etməyə” çağırırdı. 2012-ci ilin sentyabrında Kerrinin erməni zabitini qətlə yetirməkdə təqsirli bilinərək Budapeşt məhkəməsi tərəfindən məhkum olunmuş Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Azərbaycana gətirilməsinə münasibəti də onun ermənipərəstliyinin bariz nümunəsi kimi səciyyələndirilə bilər: “Mən Azərbaycanın Ramil Səfərovu qaytarmasından, onu əfv etməsindən, hərbi rütbəsini yüksəltməsindən və qəhrəmana çevirməsindən şokdayam”.
Göründüyü kimi, bu gün ABŞ-a islamofob, ermənipərəst Barak Obama və Con Kerri kimi şəxslər rəhbərlik edirsə, Azərbaycan ictimaiyyətinin ABŞ-ın yürütdüyü siyasətdən narazılığına kifayət qədər ciddi əsaslar var. Azərbaycan ictimaiyyəti anlayır ki, bu gün ABŞ-ın və onun təhriki ilə bəzi Avropa dairələrinin Azərbaycana qarşı təzyiqləri ilk növbədə Azərbaycan hakimiyyətinin müstəqil siyasəti, rəsmi Vaşinqtonun iradəsi ilə hesablaşmamasından irəli gəlir. Çünki Vaşinqtonun uzun illərdir Azərbaycanda yaratdığı “beşinci kolon” darmadağın edilib, Azərbaycan da Türkiyə kimi ABŞ-ın antirusiya siyasətində yer almaqdan imtina edir. Bütün bunlar isə “müstəsna”, “əvəzolunmaz”, “lider” xalqın başında duranları hiddətləndirir.
Onlar başa düşməlidirlər ki, belə metodlarla Azərbaycanın siyasi kursuna təsir etmək, onu öz yolundan döndərmək mümkün deyil. Çünki Azərbaycan hakimiyyəti, Azərbaycan Prezidenti hər bir addımında, hər bir qərarında Azərbaycanın milli maraqlarını rəhbər tutur, xalqın rəyini ifadə edir və xalqa arxalanır.
Bu gün Azərbaycan ictimaiyyəti anlayır ki, Ukraynaya görə Rusiya kimi nəhəng dövləti diz çökdürməyə çalışan Amerika və onun tərəfdaşlarının Ermənistanın işğalçılıq siyasətinə göz yummasının arxasında ABŞ rəhbərliyinin antimüsəlman və ermənipərəst siyasəti dayanır. Azərbaycan vətəndaşları aydın görürlər ki, ABŞ üçün strateji tərəfdaşlıq anlayışı heç bir əhəmiyyət kəsb etmir və cənab Obama heç bir vicdan əzabı çəkmədən Azərbaycanı da Liviyaya çevirməyə hazırdır. Buna görə də Azərbaycan ictimaiyyəti hesab edir ki, rəsmi Bakı da ABŞ və Qərblə münasibətlərinə, o cümlədən antiterror koalisiyasında iştirakın davam etdirilməsinə, NATO hərbçiləri üçün nəqliyyat dəhlizlərinin yaradılmasına və digər məsələlərə yenidən baxmalıdır. Azərbaycanda bir politoloqun dediyi kimi, “Özbəkistan Prezidenti İslam Kərimov kimi qəti qərar qəbul edib bunlarla birdəfəlik qurtarmaq lazımdır”.
banner

Oxşar Xəbərlər