• cümə, 29 Mart, 09:27
  • Baku Bakı 5°C

ABŞ-ın İrana qarşı yeni sanksiyaları “Cənub Qaz Dəhlizi” layihəsinə aid edilməyib

08.08.18 10:54 619
ABŞ-ın İrana qarşı yeni sanksiyaları “Cənub Qaz Dəhlizi” layihəsinə aid edilməyib
ABŞ-ın İrana qarşı yeni sanksiyaları "Cənub Qaz Dəhlizi” layihəsinə aid edilməyib.

AZƏRTACxəbər verir ki, bu barədə "S&P Global Platts” agentliyinin ABŞ Prezidenti Donald Trampın müvafiq qərarına istinadən yaydığı məlumatda deyilir.

Bildirilir ki, ABŞ-ın İranın enerji istehlakçılarına qarşı yeni sanksiyaları "Cənub Qaz Dəhlizi” layihəsinə aid olmayacaq: "Bu layihənin məqsədi Xəzər dənizində hasil edilən 16 milyard kubmetr təbii qazın Türkiyə və Cənubi Avropa ölkələrinə nəql edilməsidir. BP şirkəti bu sanksiyaların Cənubi Qaz Dəhlizinin təbii qaz mənbəyi olan Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinə şamil edilməməsini istəyib. Həmçinin İranın "NICO” şirkəti "Şahdəniz” layihəsində 10 faizlik paya sahibdir. D.Trampın bu qərarında "təbii qaz layihəsi istisna olmaqla” bəndində məhz Cənub Qaz Dəhlizi nəzərdə tutulur”, - deyə məlumatda qeyd edilir.

Qeyd edək ki, ABŞ müttəfiq ölkələr və şirkətlərdən bu il noyabrın 4-dək İrandan neft idxalını dayandırmağı istəyib. ABŞ-dan bir heyətin Orta Şərqdə fərqli ölkələrə səfər edərək İran neftinə yönələn sanksiya qərarına dair danışıqlar aparması gözlənilir. Lakin ABŞ İrandan neft idxalına qarşı sanksiyalarda bəzi ölkələrə güzəşt tətbiq etməyi də nəzərdən keçirəcək.

Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini "Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri "Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan "Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli planlaşdırılır. TANAP layihəsi üzrə Faza-0, yəni Türkiyəyə ilk təbii qazın verilməsi üçün işlər yekunlaşıb. İyunun 30-dan "Şahdəniz-2” üzrə Türkiyəyə ilk kommersiya qazının tədarükünə başlanılıb.

"Şahdəniz-2” layihəsi üzrə ümumi kapital xərclər hazırda 22,7 milyard dollardır və may ayının sonuna kimi bu layihəyə 17,8 milyard dollar xərclənib. CQBKG layihəsinin dəyəri isə 4,5 milyard dollardır və mayın sonuna həmin layihəyə 4,2 milyard dollar sərf edilib. TANAP layihəsinin dəyəri 8 milyard dollar qiymətləndirilir və mayın sonunadək bu layihəyə 5,5 milyard dollar xərclənib. TAP layihəsi üzrə isə kapital xərcləri 4,5 milyard avrodur və may ayının sonuna bu layihəyə 3 milyard avro sərf olunub.

Azərbaycan "Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərinin 80 faizini icra edib. Layihə üzrə "Cənub Qaz Dəhlizi” QSC-nin 2020-ci ilə kimi (daxil olmaqla) payına düşən layihə xərcləri 11,4 milyard dollar təşkil edir. Bu ilin may ayının sonuna artıq 9,1 milyard dollar, yəni təqribən 80 faizi investisiya edilib.

Mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. TAP boru kəmərinin isə 2020-ci ildə istismara verilməsi gözlənilir. TANAP üzrə ümumi işlərin 94,8 faizi, TAP-la bağlı isə 74,6 faizi yerinə yetirilib.
banner

Oxşar Xəbərlər