• şənbə, 20 Aprel, 12:49
  • Baku Bakı 23°C

ABŞ-ın Ermənistana münasibəti dəyişir?

10.03.18 11:00 827
ABŞ-ın Ermənistana münasibəti dəyişir?
ABŞ Cənubi Qafqaz regionunda öz maraqlarını təmin etmək üçün bölgədəki dövlətlərə təsir imkanlarını genişləndirmək niyyətini heç vaxt gizlətməyib. Lakin rəsmi Vaşinqton heç də hər zaman 3 region ölkəsinə eyni dərəcədə nüfuz edə bilməyib. Son günlər isə ABŞ diplomatları tərəfindən Ermənistanın ünvanına sərt ittihamlar, bəyanatlar səslənməkdədir.
Əvvəlcə, ABŞ-ın bu ölkədəki səfiri Riçard Millz 1 mart qətliamına görə Ermənistanın hakimiyyətinin məsuliyyət daşımalı olduğunu dilə gətirdi. Diplomat növbəti dəfə erməni mətbuatına müsahibəsində problemləri geniş şəkildə qabardıb. Onun sözlərinə görə, ABŞ-ın Ermənistan qarşısında əsas tələbi korrupsiyaya qarşı mübarizənin prioritet məsələyə çevrilməsidir. Səfir əlavə edib ki, Ermənistanda dövlət institutları mövcud olsa da, onlar yaxşı işləmirlər. Qeyd edək ki, R.Millz səfir təyin olunarkən bəyan etmişdi ki, korrupsiya bu ölkənin əsas problemlərindən biridir. "Hesab edirəm ki, korrupsiya və hakimiyyətdən sui-istifadə Ermənistan üçün ən böyük bir çağırış olaraq qalır. Bu, həm də Ermənistanın ticarət və investisiyalara açılması yolunda ən başlıca maneədir”.
ABŞ-ın Ermənistandakı səfirinin fikirləri və digər rəsmilərin bəyanatları nədən xəbər verir? Rəsmi Vaşinqtonun Ermənistana münasibəti dəyişirmi?

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, ABŞ-Ermənistan münasibətləri özünün heç də yaxşı olmayan bir dövrünü yaşamaqdadır: "Düzdür, Amerikada güclü erməni lobbisi və diasporu var və onların dəstəyi ilə ABŞ-Ermənistan münasibətlərində hər zaman müəyyən dinamika olub. Hətta elə olub ki, Amerika əlahiddə olaraq həm Ermənistana, həm də qondarma rejimə ayrı-ayrılıqda iqtisadi yardımlar ayırıb. Lakin bu gün eyni fikirləri söyləmək mümkün deyil. Əvvəla, o səbəbdən ki, çox zaman ABŞ-ın siyasi rəhbərliyi erməni lobbisi və diasporunun maliyyə imkanlarından asılı vəziyyətdə olurdu. Xüsusilə, prezident seçkilərində bu fakt əhəmiyyətli rol oynayırdı. Lakin ABŞ-ın hazırkı prezidenti Donald Tramp milyarderdir və onun erməni lobbisinin və diasporunun pullarına ehtiyacı yoxdur. Yəni, ABŞ prezidentinin erməni lobbisinə münasibətdə iqtisadi müstəqilliyi var.
Digər tərəfdən, bu gün ABŞ-Rusiya münasibətləri faktiki olaraq, soyuq müharibə dövrünü xatırlatmaqdadır və əlaqələr getdikcə pisləşir. Nəzərə alsaq ki, regionda Rusiyanın da ən yaxın müttəfiqi, daha dəqiq desək forpostu Ermənistandır hər şey aydınlaşar. Təsadüfi deyil ki, ABŞ rəhbərliyi daha çox özünün Ermənistandakı səfiri vasitəsilə bu ölkədə korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə hallarının olması və suverenliyin olmaması kimi məsələləri qabardır”.
E.Nəsirov əlavə etdi ki, son zamanlar Birləşmiş Ştatlar Rusiya və onun hərbi-sənaye kompleksinə qarşı sanksiyalar tətbiq etməkdədir: "Belə olan halda ABŞ Rusiya ilə böyük həcmdə silah-sursat alışını həyata keçirən dövlətlərə qarşı da sanksiya tətbiq edəcəyini bəyan edib. Nəzərə alınmalıdır ki, Ermənistanın ucuz qiymətlərlə silah-sursat aldığı ölkə Rusiyadır. Düzdür, Azərbaycan da Rusiyadan silah alır, lakin ölkəmizin bu sahədə şaxələnmiş siyasəti var. Biz Türkiyə, İsrail, Pakistan və digər dövlətlərlə də hərbi-texniki əməkdaşlıq siyasətini həyata keçiririk. Ona görə də ABŞ-ın sanksiyalarının bizim üçün ciddi təsiri yoxdur. Lakin Ermənistan üçün bu, çox mühüm hadisə ola bilər. Çünki bu ölkə başqa yerdən silah almaq imkanına malik deyil. Bu nöqteyi-nəzərdən söyləmək olar ki, bu gün ABŞ-Ermənistan münasibətləri pisləməkdə davam edir. Məhz bu səbəbdən də Ermənistanın vitse-spikeri səviyyəsində nümayəndə heyəti ABŞ-a göndəriləcək və müəyyən anlaşılma məqamlarını tapmağa çalışacaqlar. Amma necə deyərlər, qatar artıq yola düşüb. ABŞ rəhbərliyi çox gözəl bilir ki, bu ölkə səfil, forpost dövlətdir və buna görə də Rusiyaya qarşı təzyiqlərin bir istiqamətinin də Ermənistana qarşı olması məntiqlidir. Bu, artıq Vaşinqton üçün hesablanmış bir siyasətdir”.
Politoloq Tofiq Abbasov bildirdi ki, ABŞ-ın digər ölkələrə münasibəti hər zaman dəyişkən olub: "Bu da ondan ibarətdir ki, bu və ya digər ölkələr və onun siyasi elitası ABŞ və Rusiya arasında seçim etmək dilemması qarşısında qalarsa, daha çox hansı tərəfə meylli olur. Məhz bu baxımdan da Ermənistan üçün 3 əsas məqam var. Birincisi, yeni baş nazir seçilməlidir. Prezident seçilib, amma onun elə bir səlahiyyətləri olmayacaq. ABŞ son 2-3 il ərzində daha çox köklənmişdir ki, Ermənistanda Qərbə meylləri gücləndirsin və bununla da onu Rusiyanın təsir dairəsindən çıxarsın. Lakin indiki vəziyyətdən belə məlum olur ki, həmin o səylər, xərclənən vəsaitlər gözlənilən nəticəyə gətirib çıxara bilməyib. Bu baxımdan da şəxsi qənaətim ondan ibarətdir ki, rəsmi İrəvan Rusiyanın yedəyində qalmaqda davam edəcək. Ona görə də ABŞ özünün uğursuzluğunun əvəzini Ermənistana təpki göstərməklə çıxır.
Ermənistanda daxili vəziyyət nə qədər gərgin olsa da, siyasi elitası nə qədər manevrlər etsə də, rəsmi İrəvan Rusiyanın təsir dairəsindən çıxa bilmir. Söhbət təkcə ölkə ərazisində Rusiyaya məxsus 102 saylı hərbi bazanın olmasından getmir. Burada daha dərin tellər var və hər kəs bilir ki, Ermənistan bütövlüklə Rusiyadan asılı dövlətdir. Bu haqda daha geniş danışmağa dəyməz, çünki onun epikrizi bəllidir”.

T.Abbasov vurğuladı ki, Ermənistanın yerləşdiyi ərazi qonşuları baxımından ABŞ üçün çox vacib bölgədir və ona görə də Vaşinqton burada öz rıçaqlarını 100 faizlik təmin etmək istəyir: "Bu isə alınmır. Çünki bölgə ölkəsi olaraq, Azərbaycan özünəməxsus müstəqil siyasət aparır və rəsmi Vaşinqtona imkan vermir ki, təpkiləri ilə seçdiyimiz siyasi kursu dəyişdirsin. Digər tərəfdə Gürcüstan var ki, ABŞ bu ölkədən istədiyinin hamısını alıb. Ancaq son dövrlər görürük ki, Gürcüstanda da Rusiya meylli qüvvələrin fəallığı artıb və keçmiş prezident Mixeil Saakaşvili artıq çağırış edərək hakimiyyətə qayıdış məsələsini gündəmə gətirib. Ona görə də Amerikanın bir çox hesablamaları artıq puç olub və bu səbəbdən Ermənistan hakimiyyətinə təzyiq göstərir. Bununla da ABŞ bildirir ki, müəyyən müddətdən sonra strategiyasını başqa variantlarla həyata keçirəcək”.

Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər