• şənbə, 20 Aprel, 08:51
  • Baku Bakı 14°C

ABŞ-ın dövlət qurumları prezidentin çağırışlarını dəstəkləyəcəkmi?

27.05.17 11:00 929
ABŞ-ın dövlət qurumları prezidentin çağırışlarını dəstəkləyəcəkmi?
Dünyanın superdövləti sayılan ABŞ demokratiya və insan haqlarının qorunması adı altında bu günə qədər bir çox dövlətlərin daxili işlərinə müxtəlif vasitələrlə müdaxilə edib. Tarixə nəzər salsaq, dünyada cərəyan edən ictimai-siyasi prosesləri təhlil etsək görərik ki, 1890-cı ildə ilk dəfə Argentinanın daxili işlərinə qarışan Amerika son vaxtlara qədər də bu tendensiyanı təkrarlayıb. Həmin vaxtdan keçən 127 il ərzində ABŞ dünya boyunca ağalığa nail olmaq, hərbi qüdrətini nümayiş etdirmək üçün 50-dən artıq ölkəyə 130 dəfə müdaxilə edib. Bu o deməkdir ki, ABŞ hər il ən azı bir dəfə xarici ölkələrdən birinə aktiv müdaxilə edib. Xüsusilə qeyd olunmalıdır ki, bir çox hallarda bu müdaxilədə hərbi gücdən geniş istifadə olunub. Bununla yanaşı, hegomon Qərb dövləti başqa əllər, eləcə də "5-ci kolon” hesabına müxtəlif insidentlərə, o cümlədən münaqişələrə, müharibələrə, qarşıdurmalara səbəb olub.

Lakin hazırkı ABŞ administrasiyası bundan fərqli siyasət yürüdür. Yeni prezident Donald Tramp hələ seçki kampaniyası zamanı rəsmi Vaşinqtonun başqa dövlətlərin daxili işlərinə qarışmasını düzgün hal hesab etməyib, bununla bağlı müxtəlif bəyanatlar verib. O, prezident seçiləndən sonra da qeyd edib ki, bundan sonra digər ölkələrin daxili işlərinə qarışmaq, hərbi müdaxiləyə yol vermək və orada ABŞ nümunəsində bir ölkə qurmaq niyyətində deyil. Sonuncu dəfə isə D.Tramp Səudiyyə Ərəbistanına səfəri zamanı bu prinsiplərə sadiq qaldığını bir daha nümayiş etdirib. O, Ərəb - İslam - Amerika Sammitində çıxışı zamanı deyib ki, Amerika suveren dövlətdir və onun üçün başlıca prioritet ABŞ vətəndaşlarının təhlükəsizliyidir. D.Tramp sammitə qatılmaqla kiməsə necə və nə cür yaşamağı başa salmaq iddiasında olmadıqlarını, daha yaxşı gələcək əldə etmək üçün toplandıqlarını, tərəfdaşlıq təklif etmək niyyətində olduğunu bəyan edib. Maraqlıdır, ABŞ Dövlət Departamenti, Administrasiya prezident D.Trampın bu çağırışlarına riayət edəcəkmi? Doğrudanmı ABŞ ötən 127 ildən fərqli olaraq, gələcəkdə demokratiya və insan haqlarının qorunması adı altında digər dövlətlərin daxili işlərinə müdaxilə etməyəcək?

Millət vəkili, politoloq Rasim Musabəyovmövzuya dair "Kaspi”yə açıqlamasında bildirib ki, demokratiyanın ixracı, insan haqları ilə bağlı məsələlər 39-cu ABŞ prezidenti Cimmi Karterin dövründən başlayıb. Onun sözlərinə görə, bu cür siyasi kurs daha çox demokratların hakimiyyəti dövründə özünü büruzə verib. Millət vəkili qeyd edib ki, respublikaçılar, onların administrasiyası daha çox praqmatik mövqedən çıxış edib: "Xatırladım ki, Barak Obama demokratik prezident kimi ərəb, müsəlman ölkələri ilə bağlı demokratik islahatlar, inqilablar çağırışı ilə çıxış etmişdi. Bu siyasi kursun acı nəticələri göz qabağındadır. Ona görə də Donald Tramp özündən əvvəlki prezidentdən fərqli olaraq, daha praqmatik mövqe tutur, bəyan edir ki, ABŞ üçün prioritet olan təhlükəsizlik məsələsidir. Bu çərçivədə qarşılıqlı əməkdaşlıq, terrora qarşı birgə mübarizə əsas xətdir. Hesab edirəm ki, bu, düzgün yanaşmadır. Lakin elə başa düşülməsin ki, qeyd edilən vəziyyət ABŞ-ın 200 illik siyasətinin kəskin dəyişməsidir. Bu, belə deyil. Hər zaman respublikaçılar indiki kimi xətt tutub, belə siyasi kurs həyata keçiriblər. Düşünürəm ki, yeni ABŞ administrasiyası Donald Trampın çağırışlarını dəstəkləyəcək”.

Millət vəkili, siyasi şərhçi Sahib Alıyevdeyib ki, bəzi hallarda ABŞ-ın ayrı-ayrı dövlət qurumları arasında əlaqəsizlik, fərqli mövqe ortaya qoymaq, bir sıra məqamlarda isə Amerika prezidentinin çıxışlarına uyğun gəlməyən münasibət özünü büruzə verir. O qeyd edib ki, Amerikadakı proseslərin, antisistem adamın prezident seçilməsinə qarşı olan dirənişlərin nə ilə nəticələnəcəyini indidən söyləmək çətindir: "Azərbaycan Prezidenti İlham Əliyevin də bu gün (red.dünən) öz çıxışında vurğuladığı kimi, müstəqil, qarşılıqlı maraqlara söykənən, xarici ölkələrin daxili işlərinə qarışmadan, balanslı şəkildə həyata keçirilən siyasət, ən doğru siyasətdir. Bu siyasət, o cümlədən Donald Trampın son bəyanatları bütün müsəlman ölkələri tərəfindən də yüksək qiymətləndirilir. Bu siyasət Amerikanın öz maraqlarına da cavab verir. Son bir neçə il ərzində aparılan rəy sorğularının nəticələri göstərir ki, Amerikanın reytinqi getdikcə aşağı düşür, antireytinq isə getdikcə artır. Özü də qəribə burasıdır ki, bu proseslər ABŞ-ın ənənəvi müttəfiqi, tərəfdaşı olan ölkələrdə müşahidə olunur. Yəni, məhz bu daxili işlərə qarışma, lazımsız güc tətbiqləri bir tərəfdən dünyada xaosun artmasına səbəb olub, digər tərəfdən də Amerikanın nüfuzuna mənfi təsir edib. Bu baxımdan, Trampın çağırışları düzgündür. Ümid edirik ki, gələcəkdə ABŞ-da vəziyyətin necə olmasına baxmayaraq, Donald Trampın səsləndirdiyi fikirlər dəstəklənəcək, onun müəyyən etdiyi xətt davam etdiriləcəkdir”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər