• şənbə, 20 Aprel, 05:06
  • Baku Bakı 15°C

ABŞ dövlət maraqlarını ermənilərin kaprizlərinə qurban verməz

15.04.14 10:39 1337
ABŞ dövlət maraqlarını ermənilərin kaprizlərinə qurban verməz
ABŞ Senatının Xarici əlaqələr komitəsində qondarma erməni soyqırımı ilə bağlı qəbul edilən qanun layihəsi ölkəmizdə və Türkiyədə təbii olaraq narazılıqla qarşılanıb. Qeyd edək ki, əvvəlki illərdə də amerikalılar dəfələrlə bu məsələni senatın gündəliyinə daxil ediblər, amma uzun müzakirələrdən sonra qətnamə qəbul olunmayıb. Biz də müsahiblərimizdən regionda çox ciddi geosiyasi proseslərin baş verdiyi vaxtda “demokratlar”ın nədən yenidən qondarma soyqırımı məsələsini gündəmə gətirməsi, daxili siyasətdə alətə çevirməsi barədə fikirlərini öyrəndik.
Millət vəkili Fəzail Ağamalı bizimlə söhbətində bildirdi ki, senatın komitəsinin bu cür qətnaməni qəbul etməsini bütövlükdə dövlət mövqeyi hesab etmək olmaz: “Senatda, konqresdə kifayət qədər ermənipərəst qüvvələr var. Hakimiyyətdə də onların sayı yetərincədir. Xatırladım ki, dövlət katibi Azərbaycana qarşı edilmiş 907-ci düzəlişin müəlliflərindən biridir. O, hər zaman ermənipərəst mövqeyi ilə seçilib. Obamanın özü də işğalçı millətə simpatiyası olan şəxs kimi tanınır. Amma o, ölkə başçısıdırsa, dövlətin marağını hər şeydən uca tutmalı, yalnız bu cür mövqe ortaya qoymalıdır”.
F.Ağamalının fikrincə, bu cür qətnamənin senatın alt komitəsində qəbul edilməsi belə uğursuz addımdır: “Gördüyünüz kimi, lehinə səs verənlər qurumun bütün üzvləri deyillər. Buradan belə nəticə çıxır ki, senatın alt komitəsində də hər kəs bu cür qətnamənin qəbul edilməsinə tərəfdar deyil. Edilənlər sadəcə, erməni lobbisinin fəaliyyətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Güman etmirəm ki, ABŞ və onun senatı Türkiyə kimi yetərincə ciddi müttəfiq olan bir ölkəni incitmək istəsin. Ağlıma belə gətirmirəm ki, ABŞ kimi qos-qoca dövlət erməni lobbisinin təsiri altına düşərək, öz maraqlarını tapdalayıb onların kaprizlərinə dözsün. Aldığımız məlumata görə, bu məsələ senatın ümumi yığıncağında müzakirə olunmaq üçün qəbul edilməyib. Elə bu məqam da sübut edir ki, bu, alt komitənin qərarı kimi sənədlərdə qalacaq və bundan o yana getməyəcək. Ən azı, cari və gələn il ABŞ dövlətinin qondarma erməni soyqırımını tanımayacağına əminəm. Çünki Türkiyə kimi güclü dövləti müttəfiq kimi itirməyi gözə almaq lazımdır”.
Politoloq Fikrət Sadıqov da qətnamənin konqres tərəfindən qəbul ediləcəyinə inanmadığını dedi: “ABŞ belə bir qətnaməni qəbul etsə, birmənalı şəkildə Türkiyə-Amerika münasibətləri çox ciddi ziyan görəcək. Ola bilməz ki, qərar münasibətlərə mənfi təsir etməsin. Rəsmi Ankara artıq bunu açıq şəkildə bəyan edib. Ona görə də məncə, ABŞ bu məsələdə olduqca diqqətli olmalı, qərarı verməmişdən əvvəl xeyli götür-qoy etməlidir”
Politoloq vurğuladı ki, qətnamənin qəbulu ciddi araşdırma tələb edir: “Türkiyə hökuməti dəfələrlə bildirib ki, biz 100 il bundan əvvəl baş verən hadisələrin araşdırılması üçün arxivləri açmağa hazırıq. Qoy alimlər ölkəmizə gəlsinlər və hadisələri ətraflı araşdırsınlar. O zaman hamıya bəlli olacaq ki, kim hansı hadisəni törədib. Yəni, hamıdan öncə Türkiyə özü maraqlıdır ki, 1915-ci ildə baş verənlər hamıya aydın olsun. Ona görə də hazırda komitənin qəbul etdiyi qərar layihədən başqa bir şey deyil. Çünki o, hələ reallaşmayıb. Bilirsiniz ki, artıq neçə ildir ki, ermənipərəst konqresmenlər bunu layihə formatında qəbul edirlər, daha sonra isə konqresə qəbul etdirməyə çalışırlar. Amma indiyə qədər istədikləri baş tutmayıb. Düşünmürəm ki, Amerikanın siyasi prioritetləri içərisində, ələlxüsus indiki hadisələr fonunda Türkiyəyə qarşı belə bir qətnamənin qəbul olunması var. Yəni, məsələ bütövlükdə şəraitə uyğun deyil”.
Millət vəkili Fərəc Quliyev də düşünür ki, ABŞ da, digər dövlətlər də bu məsələdə kökündən yanlış mövqe tutublar: “Bir sıra dövlətlər çox ehtiyatlı mövqedən çıxış etməlidirlər. Bu cür ciddi narazılıqlar doğuran qərara ikili standartlar və xristian təəssübkeşliyi ilə yanaşmaq olmaz. Onlar bizə qarşı biganə mövqe tuturlar. Qarabağ məsələsinə göstərdikləri münasibət də bu sıradadır. Bu cür tendensiyanın nəticəsidir ki, Rusiya Krımı işğal etdi. Onlar bundan dərs almadırlar. Prinsipial məsələlərdə mövqeləri hakimiyyətə qurban vermək olmaz. Bu qərar dünyanın taleyini həll edə bilər. Azərbaycan da durumla bağlı xeyli addımlar atır, müəyyən təbliğat işləri aparılır. Təəssüf ki, onlar öz fikirlərində qalıblar. Bu isə çox yanlış addımdır”.
Politoloq Qabil Hüseynlinin fikrincə də, qondarma soyqırımı məsələsi yalnız Amerika Senatı komissiyası səviyyəsində müzakirə edilən məsələdir: “İnanmıram ki, onu Senatda müzakirəyə çıxarsınlar. Ən azı, hazırkı geosiyasi vəziyyət Amerikanın xeyrinə deyil. Onlar NATO üzrə müttəfiqləri olan dövlətə, yəni Türkiyəyə qarşı əks mövqe tuta bilməzlər. Məncə, buna nə hansısa maraqları, nə də imkanları var. Bu müzakirəni erməni tərəfdarları ortaya atırlar. Təbii ki, məsələnin bu həddə də müzakirə olunmasını istəməzdik. Bütün hallarda, onun heç bir nəticəsi olmayacaq. Çünki Amerikanın başı digər problemlərə qarışıb. Yekunda ermənilər bu dəfə də uğursuzluğa yuvarlanacaq, yenə rüsvay olacaqlar”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər