• çərşənbə, 24 Aprel, 14:32
  • Baku Bakı 27°C

ABŞ diplomatiyasının böhranı

19.06.15 10:39 1892
ABŞ diplomatiyasının böhranı
“The American Concervative”: Biz sübut etdik ki, başqalarının maraqlarını görməmək, hər yerə təzyiq göstərmək nəticəsində hamı səndən uzaqlaşa bilər
Amerika Birləşmiş Ştatlarında nəşr olunan “The American Concervative” qəzetində yazar Ças Frimenin “ABŞ diplomatiyasının böhranı” adlı məqaləsi dərc olunub. “Kaspi” qəzeti həmin məqalənin tərcüməsini ixtisarla təqdim edir.
Ali Məhkəmədə işləmiş və ABŞ-ın BMT-dəki nümayəndəsi olmuş mərhum Artur Qoldberq nə vaxtsa belə bir cümlə işlətmişdi: “Diplomatlar hər hansı bir məsələnin həllinə ağızlarını açaraq yanaşırlar”. BMT-də vəziyyətin belə olmasına dair heç bir şübhə yoxdur. Lakin diplomatiyanın məğzi boş söhbətlər deyil. Diplomatiya vasitəsilə ümumi maraqlar axtarılmalıdır. Bunun üçün ilk növbədə başqalarının demədiklərini diqqətlə və açıq təfəkkürlə hiss eləmək, onların etdiyi hərəkətləri diqqətlə izləmək və buna görə hərəkət etmək lazımdır. Diplomatiya daxili sabitliyin təmin edilməsinin və qorunmasının tərəfdarıdır.
Dövlətin öz maraqlarını necə qoruması və xarici ölkələr ilə zorakılıqdan istifadə etmədən problemlərini həll etməsi diplomatiyanın əsas mahiyyətidir. Siyasi, iqtisadi və hərbi üstünlüyə güc tətbiq etmədən çatmaq üçün milli strategiyanın taktika dilinə tərcümə edilməsinə diplomatiya deyilir. Diplomatiya milli müdafiənin əsas gözətçisidir. Lakin diplomatiya təkcə müharibənin alternativi deyil. Bu müharibə başlayan kimi bitmir. Əgər müharibə hər hansı bir dövlət və yaxud xalq ilə əlaqələrin tənzimlənməsi üçün yeganə vasitədirsə, bu zaman diplomatiya hərbi əməliyyatların nəticəsini tərcümə etməli, məğlubiyyətə düçar olan tərəfin məğlubiyyətlə barışmasına və yeni əlaqələrin sabitləşməsinə xidmət edən daha möhkəm və səmərəli sülh yaratmalıdır. Buna görə də diplomatiyanın güclü olması hakimiyyət, var-dövlət, güc və xalqın rifahı üçün həyati vacibdir.
Diplomatiya əslində incə strateji fəaliyyətdir. Diplomatiya başda dövlətlərin eqoistik maraqları ilə öz ölkəsinin maraqlarını bir yerdə tənzimləməli, digər dövlətlərin onun ölkəsinin istədiklərini etməsini və bunun onların öz maraqlarında olmasını başa salmalıdır. Lakin bu zaman rəqib dövlət özünü məğlub tərəf kimi hiss etməli deyil. Diplomatiyanın əsas mahiyyəti, digərlərini sənin istədiyin oyunu oynamağa razı salmaqdır.
İkinci Dünya Müharibəsindən sonrakı vəziyyətə baxdıqda görürük ki, ABŞ dövləti diplomatiyanı başa düşmür və bununla necə məşğul olacağını anlamır. Bu gün mən sizə ABŞ-ın öz inanc və vərdişlərinə görə son dövrlərdə xarici siyasətini necə səriştəsiz idarə etməsi barədə danışmaq istərdim. Sonda məqaləni bu vəziyyətin necə aradan qaldırılması ilə tamamlayacağam.
SSRİ-nin dağılmasından sonra amerikalılarda nüvə qorxusu yox olub və bu dövrdən etibarən ABŞ-ın xarici siyasəti iqtisadi sanksiyalardan, hərbi təhdiddən və güc tətbiq etməkdən ibarətdir. Hazırda Vaşinqtonun xarici siyasətinin əsasını hərbi gücdən istifadə təşkil edir. Biz amerikalılar başqa dövlətlərə onların dost, düşmən, müttəfiq və yaxud rəqib olmasından asılı olmayaraq təzyiq edirik. ABŞ-ın əzici hərbi və iqtisadi gücü siyasi elitaya xarici ölkələrə güc tətbiq etmək üçün yaxşı bəhanə verib. Biz vərdiş etdiyimiz üçün bütün təhdidlərə diplomatik yolla deyil, hərbi güc ilə cavab verməyə çalışırıq. Belə bir baxış bizim müttəfiqlərimizi narahat edir, lakin rəqiblərimizə heç bir təsir göstərmir. Bu siyasət bir çox bölgələrin qeyri-sabit olmasına, dostlarımızın azalmasına və düşmənlərimizin çoxalmasına gətirib çıxarıb.
Artıq Cənubi Amerika bölgəsi bizimlə hesablaşmır. Rusiya yenidən bizə qarşı düşmən mövqeyindədir. Avropa bizim qərarlarımızdan razı deyil. Onlar ABŞ-ın hərbi ritorika ilə hərəkət etməsindən narahatdırlar və bu da Avropanı bizdən daha da uzaqlaşdırır. Məhv olan Yaxın Şərq isə ABŞ-a nifrət edir. Afrika bizə məhəl qoymur. Bizim Hindistana qarşı olan ehtirasımız cavabsız qalıb. Çin artıq başa düşüb ki, biz onların inkişafını özümüzə təhlükə hesab edirik. Buna görə də Çin ABŞ-ın onu mühasirəyə almağa cəhd göstərdiyini düşünür. Yaponiya samuray adətlərini yada salmağa başlayıb. Deyirlər ki, bu düşmən dövlətlərin bizə qarşı çıxmasının əsas səbəbi ABŞ-ın daha yumşaq xarici siyasət yürütməsidir. Bizi ciddiyə almaları üçün ABŞ onunla razı olmayan dövlətləri bombalamalı, ora hücum etməli və bunun əks effektini hesablamamalıdır. Lakin biz bununla yalnız sübut etdik ki, başqalarının maraqlarını görməmək, hər yerə təzyiq göstərmək nəticəsində hamı səndən uzaqlaşa bilər.
Xarici ölkələrdə şok effekti yaradan ABŞ ordusunun hazırlığı və qabiliyyəti haqqında heç kimin şübhəsi yoxdur. Vyetnam, Küveyt, Əfqanıstan, İraq və başqa müharibələrdə ABŞ ona qarşı olan dövlətlərə necə zərbə endirəcəyini və özünün hərbi-siyasi gücünü sübuta yetirib. Lakin bizim xalq deyəsən öz gücünə şübhə ilə yanaşır, bunu özünə və kənardakılara manyakcasına sübuta yetirməyə çalışır.
Son dövrlərdə ABŞ ordusu həm müxtəlif müharibələrdə, həm də antiterror əməliyyatlarında çoxlu sayda insan öldürüb. Bu hərbi əməliyyatlar zamanı biz qan tökmüşük, bir çox insanın həyatını məhv etmişik. Həmçinin bu hərbi əməliyyatlar ABŞ iqtisadiyyatını da zəiflədib. ABŞ dövlətinin gücünü bu tərzdə göstərməsi bir çox xalqlara böyük zərbə vurub. Lakin bu siyasət rəqiblərimizin gücünün zəifləməsinə və onların bizə itaət etməsinə gətirib çıxarmadı. Bu hərbi əməliyyatlar bizim və müttəfiqlərimizin təhlükəsizliyini təmin etməyib. Hava və quru əməliyyatları, əksinə, bizim düşmənlərimizin sayını artırıb. Bununla da düşmənlərimizin bizim dövlətimizə, vətəndaşlarımıza və xarici müttəfiqlərimizə nifrəti daha da artır.
Amerikalıların ölkəmizi müstəsna hesab etmələri düzgündür. Çünki bizim hərbi münaqişələrimiz, diplomatiya ilə güc tətbiq etmək arasında fərqi başa düşməyimiz çox unikaldır. Hətta bəziləri bunu anormal adlandıra da bilər. Bizim müharibəyə, sülhə və beynəlxalq əlaqələrə münasibətimiz bu cürdür.
Vətəndaş müharibəsi, Birinci və İkinci Dünya müharibələri və soyuq müharibə dövründə ABŞ-ın əsas hədəfi düşməni kapitulyasiyaya məcbur etmək olub. XX əsrdə baş verən kiçik müharibələr zamanı da ABŞ bu siyasətindən əl çəkmədi. Lakin ABŞ Koreya yarımadasında yalnız heç-heçə ilə kifayətlənməli oldu. Hazırda bizim ölkə 1953-cü ildə əldə olunan razılaşmanı sülhə çevirə bilməyib. Biz Vyetnamda məğlubiyyətə düçar olduq. 1983-cü ildə Qrenadada, 1989-cu ildə Panamada və 2003-cü ildə İraqda müharibənin bitməsini və sülhün yaranmasını deyil, hakimiyyət dəyişikliyini qələbə olaraq qəbul etdik. Bütün bunlara görə, ABŞ-ın qalib gəldiyi dövlətlərlə danışıqlar aparmaq təcrübəsi mövcud deyil. Çox vaxt ABŞ hərbi əməliyyatların məqsədini, müharibə bitdikdən sonra danışıqları necə aparmasını əvvəlcədən planlaşdırmır.
Böyük dövlətlərin arasında yalnız olan ABŞ heç vaxt öz diplomatiyasını professional səviyyəyə çatdıra bilmədi. Diplomatiya ABŞ vətəndaşlarının təhsil sisteminin əsasını təşkil etmir. Siyasi elitanın böyük əksəriyyəti diplomatların nə ilə məşğul olduğunu və onların hansı vəzifələrinin olduğunu bilmir. Boş yerə demirlər ki, əgər bir insan üç və daha çox dil bilirsə, poliqlotdur. İki dil bilən şəxs ikidilli adlanır. Əgər sən bir dil bilirsənsə, onda amerikalısan. Əgər sən bir dildə danışırsansa, heç vaxt coğrafiyanı öyrənməmisənsə və sənin xarici pasportun yoxdursa, onda sən konqresmensən.
Həmçinin deyirlər ki, əgər biz öz evimizdə qayda-qanun yarada bilmiriksə, onda bunu xarici ölkələrdə də edə bilməyəcəyik. Lakin bizim başqa yolumuz da yoxdur. Bizim liderliyimizə qarşı hörmət günü-gündən daha də azalır və hərbi yolla həll oluna bilməyəcək çoxlu problemlər yaranır.
ABŞ beynəlxalq arenadakı oyun səviyyəsini yüksəltməlidir. Biz ciddi diplomatiya ilə məşğul olmalıyıq. Bu zaman digər tərəflər də öz maraqlarına uyğun olaraq məsələnin həllinə çalışacaqlar. Biz yenidən gücə ehtiyac olmayan siyasi vasitələrdən istifadə etməliyik. Bu zaman biz başqa dövlətləri ABŞ ilə işləməyə razı sala bilərik. Artıq diplomatlar ordudakı kimi professional və qabiliyyətli olmalıdırlar və onlardan ölkələrinə, bizim ölkəmizə maksimum dərəcədə xidmət etmək tələb edilməlidir.
Sənan Əhliman
banner

Oxşar Xəbərlər