• cümə axşamı, 28 mart, 13:20
  • Baku Bakı 16°C

“ABŞ demokratiyanın örnəyi ola biləcək bir dövlətə çevrilə bilməyib”

21.05.14 08:34 1220
“ABŞ demokratiyanın örnəyi ola biləcək bir dövlətə çevrilə bilməyib”
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar “Azadlıq” Radiosunun “İşdən sonra” proqramına müsahibəsində ölkə daxili proseslər barədə bəzi fikirlər səsləndirib. O, ölkəmizdə demokratiyanın vəziyyəti, vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti barədə qeyri-obyektiv mövqe sərgiləməklə yanaşı, Azərbaycan hakimiyyətində guya Qərbyönümlü inkişafın, Qərblə isti münasibətlərin əleyhdarlarının olduğunu iddia edib. Həmçinin, Azərbaycan hakimiyyətin monolit olmadığını bildirib. Bununla bağlı “Kaspi”yə açıqlama verən Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq Əlaqələr Komissiyasının Katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov ABŞ səfiri R.Morninqstarın “Azadlıq” radiosuna verdiyi müsahibənin qeyri-obyektiv, qərəzli olduğu qədər də təhlükəli olduğunu dilə gətirib. Deyib ki, ABŞ-ın regionda mövcudluğunu həzm edə bilməyən daxili və xarici qüvvələr səfirin bu müsahibəsində səsləndirdiyi fikirlərdən fərqli nəticələr çıxardar və öz fəaliyyətlərini fəallaşdırmaq üçün həmin mövqeni bir siqnal kimi qəbul edə bilərlər. Politoloqun sözlərinə görə, bu reallıq ilk növbədə ABŞ-ın regiondakı maraqlarını ciddi sual altına qoymuş olar: “Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı ciddi narahatlıqların olması haqqında səfirin mövqeyi əslində real vəziyyətə nəinki adekvat deyil, əksinə birbaşa ölkəmizin daxili işlərinə qarışmaq anlamını özündə ehtiva edir. Bəlkə də, beynəlxalq hüququn deyil, güc hüququnun işlədiyi müasir dünya gerçəkliyində səfiri bir halda qınamamaq olardı. O da səfirin təmsilçisi olduğu dövlətin dünyada insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində nümunəvi davranış tərzi nümayiş etdirməsi halında mümkün idi. Reallıq isə başqa həqiqəti ortaya qoyur. Bu yerdə Napoleonun “kimin nədə problemi varsa, o haqda daha çox öyüd-nəsihət verir” kəlamını xatırlamaq yerinə düşür. Əslində insan haqlarının müdafiəsi ilə bağlı ABŞ-ın başqalarına dərs keçməsinə mənəvi haqqı yoxdur. Əvvəla, ABŞ-da “Ku-kluks-klandan ta Quantanama”ya qədər insan haqlarının pozulması deyil, hədəfində insanın tam hüquqsuz vəziyyətə salınaraq cismani məhvinə ünvanlanmış siyasət artıq “top secret” qrifi altından “azadlığa” çıxıb. İkincisi, ABŞ insan alverinə, fahişəliyə məcbur etməyə, irqi diskriminasiyaya və insanların oğurlamasına qadağa qoyan beynəlxalq konvensiyaları hələ də ratifikasiya etməyib. ABŞ insan hüquqlarının müdafiəsi ilə bağlı 9 əsas beynəlxalq sənəddən yalnız 3-i ilə bağlı üzərinə öhdəlik götürdüyünü bəyan edib. Bununla yanaşı, ABŞ-da ksenofobiya və irqçilik qorxulu səviyyədə inkişaf tempinə malikdir. Sosioloqlar hesab edirlər ki, ABŞ əhalisinin 15-20 faizini ksenofob adlandırmaq olar”.
Millət vəkili Zahid Oruc Amerika səfirinin müsahibə və açıqlama verdiyi zaman özünü sanki bu media qurumunun təmsilçisi kimi aparmasına diqqət çəkib. Bildirib ki, müsahibədə səsləndirilən fantaziyaları işə salmaq, bu cür ittihamları qabartmaq adətən mətbuatda baş verir: “Biz burada hansısa beynəlxalq Konvensiyanın pozulmasından daha çox o məqamı qabardırıq ki, nəinki ABŞ-da, o cümlədən dünyanın aparıcı ölkələrində hökumət və dövlət strukturlarında çalışanların bir-biri ilə münasibətlərində müxtəliflik, bəzən qəbuletməzlik, barışmazlıq olması mümkündür, təbiidir, bəlkə də gərəklidir. Bu mənada Azərbaycan hakimiyyətini xüsusi amerikasevərlər və onların əleyhdarlarına bölmək, bunu qeyri-monolit hal kimi dəyərləndirmək bəzi təşkilatların da hərdən səsləndirdiyi fikirlərdir. İndi bu fikirlərin ABŞ səfirinin dilindən səsləndirilməsi zamanı sinxronlaşdırma bizi təəccübləndirməlidir. Bəlkə keçmişdə də bu tezislər səfirliklərin mətbəxində hazırlanıb dövriyyəyə buraxılıb? Birdən-birə açıq tezislərlə bir neçə məsələnin üzərinə gedilməsi ABŞ-ın Azərbaycanla bağlı hansı planlarına, maraqlarına cavab verir? Bunun birmənalı səbəbi ölkəmizin Rusiyadan qoparılması cəhdidir. Bu açıqlamada Qarabağdan da bəhs olunub. Eyni mövqe son zamanlar bəzi Amerika rəsmilərinin də dilindən səsləndirilib. Bunun da səbəbi heç də buraxılan səhvlərin başa düşülməsi deyil, Azərbaycanı birmənalı öz tərəfinə cəkmək, ölkəmizi Şimal qonşumuzun əleyhinə yuvarlatmaq, antiRusiya bloklarında bizə yer vermək, bu ərazini də platsdarma çevirməkdir. Məhz buna görə də Morninqstar Rusiyadan gələn təhlükələrdən bəhs edir. Səfirin irəliyə sürdüyü tezislərin cəmiyyətdə tirajlandırılması açıq şəkildə bir məqsədi ortaya qoyur. Cəmiyyətə, ictimai rəyə çıxarılan xəbərlərin çoxu yad mənbələrə söykənir, məqsəd Azərbaycanda Rusiya əleyhinə nifrəti aşılamaqdır. Azərbaycan-Rusiya münasibətlərinin indiki vəziyyəti bir çox dairələrdə narahatçılıq doğurmaqdadır. Ona görə səfirin müsahibəsini Azərbaycanın xarici siyasətinə təzyiq kimi də qiymətləndirmək olar. Burada niyyəti gizlətmək mümkün deyil”.
Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri Elşən Musayev R.Morninqstarın Azərbaycan hakimiyyəti ilə bağlı səsləndirdiyi fikirləri dolaşıq açıqlamalar kimi qiymətləndirib. Deyib ki, Morninqstar Azərbaycana turist ya da sıravi Amerika vətəndaşı olaraq deyil, diplomatik missiyanın nümayəndəsi, daşıyıcısı olaraq gəlib: “Çox böyük ehtimalla bu müsahibə öncədən razılaşdırılmışdı. Güman ki, səfir “Azadlıq”ın studiyasına sualları belə özü ilə gətirmişdi. Yəni bu müsahibədən çox monoloq xarakterli idi. Səfirin Azərbaycan hakimiyyətinin monolit olmaması ilə bağlı fikrinə gəlincə, buna ən tutarlı cavab, eyni zamanda həmin ittihamın fonunda ən bariz görk 20 illik bir müddətdə öz monolitliyinə toz belə qondurmayan hazırkı hakimiyyətin varlığıdır”.
İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı isə Azərbaycanın artıq 1990-cı illərin əvvəlindəki zəif, gücsüz ölkə olmadığını qeyd edib. Bildirib ki, hazırda Azərbaycan dünyada müstəqil siyasət yeridən ölkə kimi tanınır. Onun sözlərinə görə, məhz bu səbəbdən müəyyən vaxtlarda Azərbaycana qarşı hansısa beynəlxalq təşkilatların qərəzli hesabatları yayılır, eləcə də ABŞ səfirinin son müsahibəsindəki kimi qərəzli fikirlər gündəmə gətirilir. M.Zülfüqarlı deyib ki, bütün bunlar təzyiq məqsədi güdməklə yanaşı, həm də Azərbaycanın daxili işlərinə kobud müdaxilə cəhdidir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər