• şənbə, 20 Aprel, 20:15
  • Baku Bakı 24°C

ABŞ-dan sabit Azərbaycana və kriminal Ermənistana tərsinə baxış

13.01.18 10:30 775
ABŞ-dan sabit Azərbaycana və kriminal Ermənistana tərsinə baxış
Bir neçə gün əvvəl ABŞ Dövlət Departamenti ölkə vətəndaşları üçün yeni səyahət məsləhətləri hazırlayıb və açıqlayıb. Maraqlıdır ki, Ermənistan və Gürcüstan birinci kateqoriyada - "Normal Precautions" - yer alıb. Bu kateqoriya daha aşağı riskli sayılır. Azərbaycan isə 2-ci kateqoriyada - "Increased Caution"da yer alır. ABŞ Azərbaycana səfər edən vətəndaşlarını terrorizm riski ilə əlaqədar daha diqqətli olmağa çağırır. Qeyd edilir ki, terrorçu qruplar Azərbaycana mümkün hücumları planlaşdırmaqda davam edirlər. Bildirildiyinə görə, terrorçular turistik yerlərə, nəqliyyat mərkəzlərinə, bazarlara, ticarət mərkəzlərinə, yerli hökumət qurumlarına, hotellərə, klublara, restoranlara, ibadət yerlərinə, parklara, əsas idman və mədəni tədbirlərin keçirildiyi məkanlara, aeroportlara və digər ictimai yerlərə hücumlar edə bilərlər.

Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi açıqlama ilə çıxış edib. Məlumatda bildirilir ki, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və pisləyir: "Son illərdə Azərbaycana turist axınının 24 faiz artdığı, ölkəmizə gələn əcnəbi vətəndaşların sayının 2,7 milyon nəfəri ötdüyü, Azərbaycan I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları, mədəniyyətlər və dinlərarası dialoq forumları, digər yüksək səviyyəli siyasi, iqtisadi, idman və mədəniyyət xarakterli mötəbər tədbirlərə, o cümlədən ABŞ və Rusiya Baş qərargah rəislərinin, NATO hərbi komitəsinin rəhbərinin və Rusiya Baş qərargah rəisinin görüşləri kimi tədbirlərə ev sahibliyi etdiyi halda, ABŞ Dövlət Departamentinin belə bir açıqlaması çox təəccüblüdür”.

Məlumatda qeyd olunur ki, Azərbaycanın sözügedən mötəbər tədbirlərə ev sahibliyi etməsi digər amillərlə bərabər, ölkəmizdə mövcud olan sabitlik, təhlükəsizlik və ictimai asayişin yüksək səviyyədə təmin olunması ilə bağlıdır: "Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş əraziləri istisna olmaqla, Azərbaycan hökuməti ölkədəki təhlükəsizlik və operativ vəziyyəti tam nəzarətdə saxlayır. Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalır”.

Məlum olduğu kimi, Azərbaycandan fərqli olaraq Ermənistan regionda qeyri-stabil və təhlükə mənbəyi olmasına baxmayaraq, ABŞ Dövlət Departamenti onu vətəndaşları üçün təhlükəsiz ölkə olaraq təqdim edir. ABŞ-ın xarici siyasət idarəsinin bu yanaşması müxtəlif suallar doğurur.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev xatırlatdı ki, ABŞ Dövlət Departamentinin öz vətəndaşlarına Azərbaycanla bağlı etdiyi xəbərdarlığa Xarici İşlər Nazirliyi rəsmi münasibət açıqlayıb: "Qeyd edildiyi kimi, Azərbaycan stabil ölkələrdən biridir. Ölkəmizdə bir çox beynəlxalq konfranslar, tədbirlər, görüşlər keçirilir. Azərbaycanda sabitliyin pozulması yalnız nəzarətində olmayan və Ermənistan tərəfindən işğal edilmiş ərazilərdədir. Əgər terror təhlükəsi olarsa, məhz işğal altındakı nəzarətsiz ərazilərdən Azərbaycana təhdidlər ola bilər. Orada olan Ermənistan silahlı qüvvələri və ya yaradılan qondarma rejim tərəfindən təhlükələr də nəzərə alınmalıdır. Onu diqqətə çatdırım ki, ermənilərin ASALA terror təşkilatı Gürcüstanda, həmçinin Qarabağ ərazisində yenidən fəallaşmağa başlayıb. Amma Azərbaycan daxilində ciddi şəkildə sabitlik var. Arzulayardım ki, bu iradları Azərbaycanın Xarici İşlər Nazirliyi ABŞ səfirliyinə bildirsin. Səfirlik isə öz çağırışında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini və o ərazilərdən ölkəmizə terror təhlükəsinin olduğunu göstərsin”.

F.Quliyev əlavə etdi ki, ABŞ Dövlət Departamentinin açıqladığı siyahı ilə əlaqədar olaraq, heç də Amerika-Azərbaycan münasibətlərinin pisləşməsi haqqında düşünməməliyik: "Hesab etməyək ki, bununla Azərbaycana təzyiq edirlər. Sadəcə olaraq, Amerika açıqladığı siyahıya düzəlişlər eləsə, bu, xeyrimizə işləyəcək. Yəni, "Azərbaycanın işğal edilmiş əraziləri var, bu torpaqlar nəzarətdə deyil və oradan terror təhlükəsi ola bilər” kimi düzəliş eləsinlər. Bundan başqa, həmin ərazilərdən terror təhlükəsinin olmasını istəmirlərsə, ərazilərimizin işğaldan azad olunması üçün BMT-nin dörd qətnaməsini həyata keçirmək istiqamətində Amerika niyyətini və gücünü ortaya qoysun”.

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlubildirdi ki, ABŞ Dövlət Departamentinin bu siyahısı qeyri-peşəkarlar tərəfindən hazırlanıb: "Ermənistan və Gürcüstanla müqayisədə Azərbaycan çox təhlükəsiz ölkədir. Ermənistanda günün istənilən vaxtı şəhərin mərkəzində silah səsləri eşidilə bilər. Bu ölkə elə bilin ki, kriminal ünsürlərin məskənidir və onlar orada öz qaydaları ilə hərəkət edir. Hətta mən deyərdim ki, dövlətin tətbiq etdiyi qaydalar belə, kriminal qaydalara uyğunlaşdırılıb. Söhbət ondan getmir ki, Ermənistanda İŞİD terrorçusu var, yoxsa yox. Əgər vətəndaşının yaralanması və ya öldürülməsinin İŞİD-çi, ya da hansısa erməni tərəfindən edilməsinin ABŞ üçün fərqi varsa, bu artıq başqa məsələdir. Ermənistanda hər həftə böyük səs-küyə səbəb olan silahlı qətllər qeydə alınır. Elə axırıncı olaylardan biri o oldu ki, erməni kriminal avtoritetin oğlu avtomobili ilə işıqforun qırmızı işığında keçərək iki yol polisi əməkdaşını vurub öldürdü. Hətta hadisənin ilk günlərində onu həbs etmək belə mümkün olmadı.Digər tərəfdən, İŞİD hazırda Ermənistanda kifayət qədər kök salıb. Ermənistanın özünün açıqladığı rəsmi məlumatlarda qeyd edilir ki, ilboyu 900 nəfər İŞİD terrorçusu olan şübhəli şəxsin ölkəyə girişinə icazə verilməyib. Bu terror təşkilatı üzvlərinin 10 faizi ölkəyə giribsə, bu artıq Ermənistan üçün çox böyük rəqəmdir. Bu mənada, ABŞ Dövlət Departamentində bu siyahını hazırlayanlar qeyri-peşəkarlardır və reallığı bilmirlər. Ermənistan Cənubi Qafqaz regionunda ən qeyri-sabit dövlətdir. Biz Ermənistanı haradasa Latın Amerikasında narkobaronların cəm olduğu dövlətlərlə müqayisə edə bilərik. Onu da qeyd edim ki, bu məsələdə həm də siyasi maraq var və bu, Azərbaycana siyasi təzyiqdir. Görünür, yenə haradasa Azərbaycanı ya İrana, ya da Rusiyaya qarşı hansısa prosesə qoşmaq istəyirlər. Ona görə də bunu bir təzyiq variantı kimi də qəbul etmək olar. Amma bu siyahı nə qədər pis olsa da, orada yaxşı məqam da var. Belə ki, ABŞ öz vətəndaşlarına Dağlıq Qarabağa getməyi də məsləhət bilmir. Demək ki, Amerikada bu siyahını hazırlayanların təhtəl-şüuruna görə Dağlıq Qarabağ Azərbaycanın daxilindədir”.

M.Əhmədoğlu qeyd etdi ki, ABŞ-ın bu addımını Azərbaycanın müsəlman ölkəsi olması ilə əlaqələndirmək kökündən yanlışdır: "Çünki Özbəkistan, Qazaxıstan birinci kateqoriyadadır. Halbuki, 2017-ci ildə üç Özbəkistan vətəndaşı ABŞ ərazisində terror hadisəsi törədib. Amma Özbəkistan ABŞ Dövlət Departamentinin siyahısında birinci kateqoriyadadır. Yəni hansısa islamafob əlamətlər yoxdur. Əgər ABŞ-ın bu yanaşmasında ümumi cəhət axtarırıqsa, Azərbaycanla Türkiyəyə eyni münasibəti qeyd etmək olar. Ötən il Türkiyənin ABŞ-la münasibətlərinin pisləşməsi, Rusiya ilə isə, əksinə, daha da yaxınlaşma bu mənada nəzərdən qaçırılmamalıdır”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər