• cümə axşamı, 28 mart, 15:51
  • Baku Bakı 16°C

ABŞ-dan Paşinyan hakimiyyətinə növbəti zərbə

21.02.19 18:31 580
ABŞ-dan Paşinyan hakimiyyətinə növbəti zərbə
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti populist addım atmağa qərar verib. Bu dəfə baş nazir mart ayının 1-də 2008-ci ildə 10 nəfərin ölümünə səbəb olmuş hadisələrə həsr olunmuş yürüş elan edib. Bu barədə o, facebook səhifəsindəki canlı yayım zamanı bildirib. Paşinyanın sözlərinə görə, müzakirələr zamanı həmin gün Azadlıq meydanından Myasnikyan abidəsinə qədər böyük vətəndaş yürüşü keçirilməsi qərara alınıb. Martın 1-i saat 18:30-da başlayacaq yürüş çərçivəsində həmçinin Paşinyanın xalqa xüsusi müraciətlə çıxış edəcəyi bildirilir. O bildirib ki, "güclü vətəndaş yürüşü” "Ermənistan vətəndaşının qələbəsinə” həsr olunacaq. "Bu yürüş zorakılıq, seçki saxtakarlığı, korrupsiya, qanunsuzluq əleyhinə olacaq, Ermənistan vətəndaşının qələbəsinin dönməz olduğunu sübut edəcək. Biz 2008-ci ilin 1 mart etirazlarında öldürülmüş 10 nəfəri, eləcə də bütün siyasi zorakılıq qurbanlarını yad edəcəyik”, - Paşinyan bildirib. 2008-ci il martın 1-2-də Ermənistan hökuməti müxalifət tərəfdarlarına divan tutub. Onlar vəzifədən gedən prezidentRobert Koçaryanın müttəfiqiSerj Sarkisyanın seçkinin rəsmi qalibi elan olunmasına etiraz edirdilər. N.Paşinyan ötən il küçə etirazları nəticəsində hakimiyyətə gəlib. Sarkisyan baş nazir postunda cəmi bir həftə qala bilib. Bununla da Koçaryan hakimiyyəti dönəmindən Ermənistanda oturuşmuş isteblişment zəifləməyə başlayıb. Hazırda həbsdə olan Koçaryan 2008-ci ildə müxalifət tərəfdarlarına qarşı gücdən istifadəyə qanunsuz olaraq göstəriş verməkdə suçlanır. Amma keçmiş prezident təqsirini boynuna almır.
Beləliklə, görünən odur ki, baş nazir növbəti dəfə kütləni ələ alma kampaniyasına üstünlük verir. "İqtisadi inqilab” proqramına olan tənqidlər qarşısında aciz qalan baş nazir yenə də mart hadisələrini yada salır. Artıq siyasi dairələrdə, mediada bununla bağlı tənqidlərin sayı durmadan artır. Qeyd edilir ki, baş nazirin ölkədə korrupsiyaya qarşı mübarizə kampaniyası bəyanatdan başqa bir şey deyil. Hətta ən yüksək səviyyədə etiraf edilir ki, ölkədə korrupsiya mövcuddur. Və bunu sıradan biri yox, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vaneçyan bəyan edir. "Hazırda ölkədə korrupsiya cinayətlərinin baş verdiyini təkzib etmirəm”, - deyə o bildirib.
Ermənistan Politoloqlar Assosiasiyasının prezidenti Amayak Ovanisyan isə "1in.am” saytına müsahibəsində bildirir ki, Paşinyan administrasiyası geniş xalq kütlələrinin ümidlərini puç etmək üçün hər şeyi etdi. Politoloq əvvəlcə ölkə parlamentində qəbul edilən beşillik proqramı tənqid edib və parlament çoxluğunun azlığa qarşı "bolşevizm” nümayiş etdirdiyini bildirib: "Bu gün ölkədə çox mənfi bir tendensiya müşahidə edirik. Nikol Paşinyan aydın şəkildə bildirir ki, digər siyasi qüvvələri ciddi qəbul etmək niyyətində deyil”. Assosiasiya rəhbəri daha sonra bildirir ki, bu gün Ermənistanın siyasi meydanı dağıdılıb və bunun bir neçə səbəbi var. Politoloq apardığı tədqiqatın nəticələrini də elan edib. Bəlli olub ki, əhalinin böyük bir hissəsi daha çox iş yerlərinin açılmasına maraq göstərir. Politoloq 1 mart hadisələrinin araşdırılmasında da problemlərin olduğunu bildirir. "Faktiki olaraq həmin hadisələri törədən başkəsənlərin məsuliyyətə cəlb olunması istiqamətində hər hansı bir addım atılmır. Məsələn, Sarqis Kloyan bildirir ki, oğlunu öldürənlərin kimliyi bəlli olsa da, hələ də qatillər həbs olunmayıb. Bizə deyirlər ki, onlar üçün əsas sifarişçinin məsuliyyətə alınmasıdır, yəni kriminal icraçılar əsas deyil”, - deyə o bildirib.
Yeri gəlmişkən, Paşinyanın səriştəsizliyi tək daxili məsələlərlə bağlı deyil. Xarici siyasətdə də ciddi uğursuzluqlar yaşanır. Məsələn, ötən gün bəlli olub ki, Vaşinqton Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın ABŞ-a neçə vaxtdır hazırlıq görülən səfərini ləğv edib. Bu haqda Ermənistanda nəşr edilən "Qraparak” ("Meydan”) qəzeti XİN-dəki mənbəyə istinadən yazır. Bildirilir ki, Yerevan bu səfərin üzərində çoxdandır işləyirdi və xeyli səy göstərmişdi. Lakin Ermənistanın Suriyaya hərbi missiya göndərməsi bütün işləri korlayıb. "Mənbə deyir ki, bu məsələdə ABŞ prezidentin milli təhlükəsizlik müşaviri Con Boltonun baş nazir N.Paşinyanla yanvarın sonlarında baş tutmuş telefon danışığı əsas rol oynayıb. Bolton soruşub ki, Ermənistanın Suriyaya hərbi missiya göndərməsi barədə qərarı qətidirmi? Və buna müsbət cavab alıb” - qəzet yazır. Bildirilir ki, Ermənistan XİN bütün mümkün yollarla situasiyanı düzəltməyə və ABŞ dövlət katibi Mayk Pompeonun Mnatsakanyana dəvət göndərməsinə çalışır. Lakin bütün səylər boşa çıxır."İstisna deyil ki, bu səfərin təşkili üçün erməni tərəfi lobbiçilərin xidmətindən istifadə etsin. Yeri gəlmişkən, Ermənistanın Vaşinqtondakı səfirinin də vəziyyəti yaxşı deyil” - mənbə qeyd edib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər