• cümə, 29 Mart, 15:02
  • Baku Bakı 14°C

ABŞ-dan Ermənistana zərbə

03.05.17 09:00 837
ABŞ-dan Ermənistana zərbə
Ermənistanda aprelin 2-də keçirilən seçkilərin nəticələrinə qarşı beynəlxalq təpgilər səngimək bilmir. Bu qəbildən son olaraq Birləşmiş Ştatların seçkiləri pisləyən növbəti bəyanatını qeyd etmək olar. ABŞ-ın Yerevandakı səfiri Riçard Milz 168.am-a müsahibəsində deyib ki, parlament seçkiləri zamanı seçicilərin pulla ələ alınmasında əli olanların və seçki prosesinə əngəl yaradanların ABŞ hökumətinin maliyyələşdirdiyi və təşkil etdiyi tədbirlərdə iştirakına qadağa qoyulur. "Mövcud etibarlı dəlilləri parlament seçkilərində qanun pozuntularına yol verən şəxslərin ABŞ hökuməti tərəfindən maliyyələşdirilən dövlət proqramlarında iştirak etməkdən məhrum olunması üçün istifadə edə bilərik və istifadə də edəcəyik”, - deyə R.Millz deyib. Səfir bildirib ki, seçkilər Ermənistanda "demokratiyanın inkişafı baxımından irəliyə addım” olsa da, onlar seçicilərin kütləvi ələ alınması, inzibati resurslardan istifadə halları qeydə alıblar. Və ABŞ səfirliyinin qeydə aldığı bu faktlar digər beynəlxalq müşahidəçilərin qiymətləndirmələri ilə üst-üstə düşür. "Biz hökuməti bu faktların və məlumatların araşdırılmasına çağırmışıq”, - deyə diplomat vurğulayıb.
Xatırladaq ki, Ermənistanda seçkilərin pulla ələ alınmasından və inzibati resurslardan hakim Respublika Partiyası və partiyanın siyahısında olan oliqarxlar geniş istifadə edib. Seçicilərin ələ alınması halları o qədər geniş tətbiq olunub ki, bu seçkiləri oliqarxların pul kisələrinin yarışı da adlandırırlar. Doğrudur, ABŞ səfiri konkret adlar açıqlamayıb, lakin ABŞ-dan maliyyələşdirilən proqramlara və tədbirlərə iştirak qadağasının məhz seçki prosesinə inzibati təsir edən məmurlara və oliqarxlara yönələcəyi aydındır. Onu da qeyd edək ki, ABŞ səfirliyi seçkilərdən dərhal sonra da bəyanat yayaraq nəticələrdən narazı olduğunu bəyan etmişdi. Bəyanatda seçicilərin səslərinin pulla alınması və seçicilərə təzyiqlərin edilməsinə dair faktların olduğu öz əksini tapmışdı: "Ermənistanda parlament seçkilərindəəksər seçicilərin səsləri pulla satın alınıb. Bəziləri isə seçimini təzyiq altında edib. Bu, Ermənistanda aprelin 2-də keçirilən parlament seçkisinə ABŞ-ın bu ölkədəki səfirliyinin verdiyi qiymətdir”. Səfirliyin yaydığı bəyanatda bildirilir ki, Amerika Birləşmiş Ştatları beynəlxalq və yerli müşahidəçilərin hesabatlarını, həmçinin pozuntular barədə şikayətləri araşdırır. Məlum olub ki, seçkidə qanun pozuntuları kifayət qədərdir. Bunu aradan qaldırmaq üçün səfirlik Ermənistan hökumətini, partiyaları və vətəndaş birliklərini mövcud və ya yeni hüquqi mexanizmlərin istifadəsi ilə birgə işləməyə çağırıb. ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib ki, Sarkisyanın qələbəsi ilə Ermənistanda iqtisadi böhran və korrupsiya davam edəcək. Amerikalı ekspertin sözlərinə görə, bundan sonra Ermənistanın xarici siyasətində sağlam yanaşma gözləməyə dəyməz. P.Teys qeyd edib ki, Ermənistandakı parlament seçkiləri ATƏT müşahidəçiləri tərəfindən tənqid olunub.ATƏT-in müşahidə missiyasının yaydığı bəyanatdaölkə hüdudlarından kənarda yaşayan ermənilərin də müstəqil səs verməsinin qarşısının alındığı deyilir. Seçki prosesi zamanı vətəndaşlarla yanaşı, media nümayəndələrinə qarşı zorakılıq faktları da qeydə alınıb. Bu hallar seçki prosesinə birbaşa zərbə vurur.
Avropa İttifaqının da Ermənistanda keçirilən parlament seçkilərinin yekunu ilə bağlı mövqeyi oxşardır. Qurum seçkilər zamanı qanun pozuntuların həddən artıq çox olduğunu bəyan edib.
"Freedom House” təşkilatı da seçki prosesi zamanı seçicilərə güc tətbiqindən, kütləvi saxtakarlıqdan bəhs edib. Qurum bundan sonra Ermənistan azad olmayan ölkələrin sırasında 137-ci yerdə qərarlaşdırıb.
"Hakim Respublika Partiyasının qələbə qazanması bu ölkəyə heç bir xeyir verməyəcək”. Bunu isə rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert Yevgeni Mixaylov deyib. Onun sözlərinə görə, Ermənistan sakinləri yenə də öz ölkələrini tərk edəcəklər. Ekspert bildirib ki, bu gün Ermənistanda Serj Sarkisyanı vəzifədən getməyə məcbur edə bilən güc yoxdur.
Yeri gəlmişkən, Ermənistan Konstitusiya Məhkəməsi seçkilərin nəticələrindən şikayət edən müxalifət partiyalarının müraciətini rədd edib. Bunu şərh edən "Erməni Milli Konqresi” Partiyası rəhbərinin müavini Levon Zurabyan bildirib ki, bu qərar onlar üçün sürpriz olmayıb. Mediaya müsahibəsində o bildirib ki, məhkəməyə müraciət etməkdə məqsədləri bütün instansiyalardan keçmək olub. Bununla sonda Avropa məhkəməsinə müraciət üçün zəmin hazırlamaq istəyiblər. Məhkəmənin yekun iclasında iştirak etmədiyinin bildirən L.Zurabyan əlavə edib ki, bu proses onun üçün bir tamaşa olub. "Mən doqquz hakimə dedim ki, siz burada həqiqət axtarmaq üçün yığışmamısınız. Çünki, həqiqəti bilirsiniz. Siz başqa bir işlə məşğulsunuz - Serj Sarkisyanın və hakim Respublika Partiyasının seçki saxtakarlığına qanuni don geyindirmək məqsədi güdürsünüz”, - deyə partiya funksioneri bildirib.
Azər
banner

Oxşar Xəbərlər