• çərşənbə axşamı, 23 aprel, 10:21
  • Baku Bakı 20°C

ABŞ-dan Ermənistan üçün dilənçi payı

23.05.18 18:10 777
ABŞ-dan Ermənistan üçün dilənçi payı
Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra ABŞ yenidən bu ölkədə öz fəallığını artırmağa qərar verib. Belə ki, ABŞ Nikol Paşinyanın başçılıq etdiyi hökumətə Ermənistanda dövlət islahatlarının aparılması üçün 140 milyon dollar vəsaitin ayrılması məsələsini nəzərdən keçirməyə hazırdır. Bu barədə ABŞ dövlət katibi Mayk Pompeonun qeydlərində yer alıb: "Biz "Minilliyin çağırışları" korporasiyasının xətti ilə Ermənistana qrantın ayrılması məsələsini götür-qoy etməyə hazırıq. Ancaq bunun üçün Ermənistan layihədə iştirak ərizəsində ölkədə baş verən pozitiv dəyişikliklərlə bağlı məlumatlar təqdim etməlidir”.
Bu maliyyə yardımı məsələsinə hələlik Rusiya tərəfindən reaksiya verilməyib. Görəsən bu məsələyə Rusiya necə münasibət sərgiləyəcək?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Fikrət Sadıxov bildirdi ki, hələlik ABŞ tərəfindən Ermənistana hər hansı yardım göstərilmir, müəyyən şərtlər irəli sürülüb: "O şərtlər yerinə yetiriləcək-yetirilməyəcək hələ sual altındadır. Digər tərəfdən, hansı islahatların həyata keçirilməli olması da məlum deyil. Düşünürəm ki, ABŞ-ın əsas məqsədi Ermənistanı Rusiyanın əhatə dairəsindən çıxarıb, öz nəzarəti altına salmaqdır. Fikrimcə, bu, çox asanlıqla baş verməyəcək. Çünki Ermənistanın yaxınlığında Rusiya Federasiyasıdır, Amerika isə okeanın o tayındadır. ABŞ-ın Ermənistandan başqa da problemləri var və onlar kifayət qədər çoxdur. Misal üçün, Yaxın Şərq, İran və s. Amma eyni zamanda Ermənistana köməklik göstərmək bəyanatları onu göstərir ki, bu, birmənalı şəkildə Rusiyaya qarşı yönəlib. Təbii ki, Rusiya bunu sevinclə qəbul etməyəcək, lakin narazılığını açıq şəkildə də büruzə verməyəcək. Düşünürəm ki, burada gizli mexanizmlər işə düşəcək. Rusiya əlindən gələni edəcək ki, Ermənistan ya bu maliyyə yardımından imtina etsin, ya da ki, bu maliyyə yardımını qəbul etsin, amma müəyyən şərtlərə əməl etməsin və rəsmi Moskvanın nəzarəti altında qalsın”.

F.Sadıxov əlavə etdi ki, ABŞ Ermənistana yardım etmək istəyir: "Belə olan halda Rusiya nə edə bilər? İndi əvvəlki Rusiya deyil ki, hansısa bir tapşırıqla rəsmi Yerevana edilən yardımların qarşısını alsın. Yaxud da tapşırsın ki, maliyyə yardımını almasınlar. Onu da nəzərə almaq lazımdır ki, Ermənistanda yeni hökumət formalaşır və bir çox hökumət üzvləri Qərb ölkələrində ali təhsil alıblar. Fikrimcə, maliyyə yardımının qarşısını almaq Rusiya üçün çətin olacaq. Bununla paralel onu da qeyd etmək lazımdır ki, Amerika bu maliyyə yardımını hərbi köməklik kimi etmir, islahatlar aparılması üçün ayırır. Amma biz eyni zamanda onu da yaddan çıxarmamalıyıq ki, konkret şərtləri yerinə yetirilməsə, ABŞ heç kimə bir qəpik vermir”.

Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov bildirdi ki, Sarkisyan da hakimiyyətinin son bir ilində Avropa ölkələrinə səfərlər edərək, ABŞ nümayəndələri ilə görüşərək Ermənistana maliyyə yardımının edilməsini istəyirdi: "Təbii ki, Paşinyanın hakimiyyətə gəlməsi Qərblə münasibətlərə müsbət təsir edəcək. Biz Qərblə Ermənistan arasında münasibətlərin isinməsinin şahidi olacağıq. ABŞ da Ermənistana maliyyə yardımı edərək bu ölkəni daha azad, müstəqil və Rusiyadan asılılığı olmayan bir dövlətə çevirmək istəyir. Biz bilirik ki, Ermənistan iqtisadi və hərbi cəhətdən Rusiyadan olduqca asılıdır. Lakin son zamanlar Rusiyaya tətbiq edilən sanksiyalar ona gətirib çıxarıb ki, heç də Moskva hər zaman Yerevana yardım edə bilmir. Ermənistan isə bundan narahatdır. İndi isə rəsmi Yerevan iqtisadi islahatlar, kütlənin yenidən ayağa qalxmaması üçün bu yardıma ehtiyacı olduğunu bildirir. Çünki Rusiya Ermənistana etdiyi yardımları azaldıb. Lakin Paşinyanla ABŞ arasındakı münasibətlər isinərsə, bütövlükdə Ermənistanın Qərbə doğru inteqrasiyası artıq rəsmi Moskvanın xoşuna gəlməyəcək. Çünki Rusiya öz sərhədləri ətrafında olan ölkələrə çox həssaslıqla yanaşır və onların Qərb istiqamətindəki meyllərini radikal şəkildə dayandırır”.

Z.Məmmədov qeyd edib ki, hələlik Paşinyanın əsas məqsədi sosial-iqtisadi və struktur islahatları həyata keçirməkdir: "O, bunu çıxışlarında da bəyan edib. Onun bu struktur islahatları nə qədər önəmli və effektli olacağı daxili siyasətindən deyil, Dağlıq Qarabağla bağlı siyasətindən asılıdır. Məhz Türkiyə və Azərbaycanla sərhədlərin bağlanması və digər məsələlər Ermənistanın sosial-iqtisadi durumuna mənfi təsir göstərən ən böyük amillərdir. Azərbaycanın da ABŞ-Ermənistan münasibətlərinə diqqətlə yanaşır. Azərbaycanın istər Rusiyadan, istərsə də ABŞ-dan əsas istəyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində obyektivliyin qorunmasıdır. Çünki hər iki ölkə özünü Azərbaycanın müttəfiqi adlandırır və müttəfiqlər də hər zaman biri-birinə yardım etməlidir”.

Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər