• cümə axşamı, 28 mart, 14:04
  • Baku Bakı 16°C

ABŞ-da növbəti qarışıqlıq

26.05.15 05:52 931
ABŞ-da növbəti qarışıqlıq
Silahsız qaradərililəri öldürmüş ağdərili polis zabitinin bəraət alması aksiyalara səbəb olub
Amerika Birləşmiş Ştatlarının əsas problemi olan irqi məsələ aktuallığını itirmir. Ferqyuson və Baltimor hadisələrinin ardınca bu dəfə də narazılıq Klivlend şəhərində yaşanıb. Silahsız iki qaradərili Timoti Rassel və Melissa Uilyamsın ölümündə şübhəli bilinən ağdərili polis zabitinin bəraət almasından sonra baş qaldırmış etiraz aksiyaları zamanı 71 nəfər saxlanıb. Nümayişçilər diqqətə çatdırıblar ki, afroamerikalılara qarşı polis özbaşınalığı kifayət qədər kəskinləşib, ona görə də dövlət bu işə ciddi müdaxilə etməlidir. Aksiyalar zamanı amerikalılar “Polislərə öldürməyi qadağan edin!”, “Polis qətllərini dayandırın!” şüarları səsləndirib. Dünən gecə baş verən etirazlardan sonra küçələrdə sakitlik hökm sürür.
Xatırladaq ki, şənbə günü hakim 15 gülləsini qaradəriliyə boşaltmış Klivlend polis zabitinə bəraət qazandırmışdı. Hadisə polislərin yüksək sürətlə hərəkət edən avtomobili təqibi zamanı baş verib. Patrul xidmətinin əməkdaşı Maykl Brelo şübhəli şəxsin avtomobilinin kapotunun üzərinə çıxaraq, silahsız şəxslərə atəş açıb. Ancaq hakim Con O`Donnell Timoti Rassel və Melissa Uilyamsı hansı güllənin öldürməsinin məlum olmadığına dair qərar qəbul edib. Cinayət işinə dair hökmün yenicə qəbul edilməsinə baxmayaraq, yanlış ölüm hadisəsinə görə Rassel və Uilyamsın hər birinin ailəsinə 1,5 milyon dollar təzminat ödənilib.
Əksər müşahidəçilər bu qənaətdədirlər ki, çıxarılan qərar aksiya və etirazların miqyasını genişləndirəcək. Artıq Klivlenddə məhkəmənin çıxardığı qərardan etirazların Baltimora da yayılacağı barədə xəbərlər yayılır. Hələlik isə burada nisbi sakitçilik hökm sürür. Amerika nəşrləri yazır ki, Merilend ştatının Baltimor şəhərində sabitlik yaşanır. Bəlli olduğu kimi, ötən ay şəhərin afroamerikalıların çoxluq təşkil etdiyi məhəllələrində polisə qarşı zorakı nümayişlər və üsyanlar baş verib. Üçü afroamerikalı olmaqla altı polis zabiti şəhər sakini Freddi Qreyin ölümündə ittiham olunublar. Ştat ittihamçısı 25 yaşlı qaradərili Qreyin nahaq həbs olunduğunu və polis nəzarətində olduğu zaman onurğasından aldığı xəsarətdən keçindiyini bildirib. İcma polislə arasındakı münasibətləri bərpa etməyə çalışdığı bir vaxtda şəhərdə gərginlik yüksək olaraq qalır. Baltimordakı nümayişlər və üsyanlar polis və icmalar arasındakı çətin münasibətləri göstərir. Polis zabitləri qətllərin çox olduğu və silahlardan atəşin çox açıldığı məhəllələrdə cinayəti azaltmaq istədiklərini deyirlər. Sakinlər isə polisi qəddarlıq və aqressiv taktikalardan istifadə etməkdə günahlandırırlar. “Polislər qaradərililərlə istədikləri kimi rəftar edə bilməzlər. Əslində bu heç ağdərili-qaradərili məsələsi deyil, amma bizim qardaşlarımızın çoxu özlərini narahat hiss edir. Hər iki tərəf bir-birinə qarşı inamsızlıq hiss edir. Həm Baltimor sakinləri, həm də polis zabitləri. Onları birləşdirmək isə güclü səylər tələb edir” - deyə sakinlər bildirirlər. İcma liderləri Freddi Qreyin ölümündən sonra polisə inamın azaldığını deyirlər. Baltimorun meri Stefani Raulinqs-Bleyk bildirib ki, Ədliyyə Departamenti polis bölmələrində diskriminasiya və ya pis rəftarın mövcud olub-olmadığını öyrənmək üçün vətəndaş hüquqları istintaqı başladacaq: “Biz elə bir polis idarəsinə inanmalıyıq ki, onlar ürəkdən icmalarına nəzarət etmək istəsinlər. Biz polislə əlbir olub daha təhlükəsiz icmalar yaratmalıyıq. Bunu etmək üçün isə bizim aramızda inam yaranmalıdır. Bu icmanın bəzi fərdləri polislə münasibətləri bərpa etməyin yollarını araşdırırlar. “Bu günlərdə polis sənin nə istədiyini bilmir, sən də polisin nə istədiyini” - deyə sakin Coan Bryuer bildirir. O, illərdir polisdən oğlunun və nəvəsinin qatilini tapmalarını, polisin illər öncəki kimi insanlarla münasibət qurmağını istəyir: “O vaxtlar polislər keşikçilik edəndə biz onları adları ilə tanıyırdıq. Onlar məhəllədəki ailələri tanıyırdı. Problemin olanda onlara deyirdin və onlar onu həll edirdilər. Problem isə indi ondandır ki, polis keşikçilik etməyi dayandırdı”. Sakinlərin polisə inamı ən aşağı nöqtədədir. İcma liderləri və sakinlər isə bu inamın bərpa olunmasının illər alacağını təxmin edirlər.
Beləliklə, göründüyü kimi, dünyada sabitlik və təhlükəsizliyin qarantı kimi çıxış etməyi xoşlayan Amerikada polislə vətəndaşlar, daha dəqiq desək, qaradərililər arasında qarşıdurma halları durmadan artır. Xüsusilə afroamerikalı Erik Qarnerin Nyu-Yorkda saxlanılarkən polis tərəfindən boğulması və Missuri ştatında Maykl Braunun polis tərəfindən güllələnməsi əhali arasında narahatlıq yaradıb. Ən maraqlısı odur ki, polisin əli ilə törədilən çoxsaylı zorakılıq və qətl hadisələrinin nəticələri çox zaman onların xeyrinə olur. Adətən polisin törətdiyi cinayət əməlinə görə hökmün çıxarılması uzun illərdən sonra baş verir, hökm isə çox zaman yüngül olur. Digər hallarda isə qanun icraediciləri kifayət qədər ağlasığmaz qərarlar verirlər. Məsələn, bir neçə il əvvəl 4 nəfər ağdərili Nyu-York polisi silahsız afrikalı miqranta 41 dəfə atəş açaraq öldürüblər. Məhkəmə həmin polis işçilərinə bəraət qazandırıb. Federal müstəntiqlər “polislərin lazımsız güc tətbiq etməkdə xüsusi niyyətlərinin olduğuna dair yetərli dəlil olmadığı üçün” işə baxmaqdan imtina ediblər və polislər birdəfəlik məsuliyyətdən yaxa qurtarıblar. Federal müstəntiqlər Sen Bell adlı başqa bir qaradərilini öz toy günündə öldürən Nyu-York polisinə qarşı da ittiham irəli sürməkdən imtina ediblər. Son illərdə Kaliforniya, İlinoys, Ohayo və Vaşinqton ştatlarında bənzər qətllər törədən polis işçiləri də məsuliyyətə cəlb olunmayıblar.
Kamran
banner

Oxşar Xəbərlər