• çərşənbə, 24 Aprel, 04:53
  • Baku Bakı 14°C

ABŞ Azərbaycanın insan alverinə qarşı mübarizədə səylərini yüksək qiymətləndirir

16.09.16 19:43 1079
ABŞ Azərbaycanın insan alverinə qarşı mübarizədə səylərini yüksək qiymətləndirir
ABŞ ilə Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində sıx və səmərəli əməkdaşlıq edir. Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfirinin müavini Uilyam Qil insan alverinə qarşı mübarizəyə həsr edilmiş tədbirdə deyib.
O qeyd edib ki, ABŞ-ın insan alverinə qarşı mübarizə istiqamətində Azərbaycanda həyata keçirdiyi vacib proqramlarından biri çərçivəsində 2015-ci ilin oktyabrndan USAID və Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən Azərbaycanda insan alverinə məruz qalmış insanlar üçün sığınacaqarın yaradılması və orada şəraitin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülüb.
ABŞ rəsmisi qeyd edib ki, insan alveri elə bir təhlükədir ki, sərhəd tanımır və bütün ölkələri təhdid edir. O, insan alverinə qarşı mübarizədə səylərin birləşdirilməsinin vacibliyini qeyd edib.
ABŞ Dövlət Departamentinin İnsan Alverinə qarşı Mübarizə və Monitorinq İdarəsinin məsul əməkdaşı xanım Heyli Rayt (Haley Wright) bildirib ki, Azərbaycan insan alverinə qarşı mübarizədə səylərini artırıb. O bildirib ki, Azərbaycan insan alveri ilə bağlı halların araşdırılması, cinayətkarların təqib edilməsi və cəzalandırılması sahəsində irəliləyiş əldə edib. Onun sözlərinə görə, Azərbaycan hökuməti bir sıra istiqamətlər üzrə fəaliyyətini dəqiq müəyyən edib: "Azərbaycan cinayətkarların tapılıb cəzalandırılması üçün vətəndaş cəmiyyəti ilə və digər ölkələrlə əməkdaşlıq edib. İmkan daxilində biz Azərbaycanla bu sahədə əməkdaşlığın gücləndirilməsinə ümid edirik”.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev isə bildirib ki, Azərbaycan insan alverinə qarşı mübarizədə beynəlxalq hüquqi normativləri əsas tutur. O qeyd edib ki, Azərbaycan bu sahədə ABŞ ilə əməkdaşlığa mühüm önəm verir. Ş.Əsədullayev bundan sonra da ABŞ ilə bu sahədə əməkdaşlığın güclənəcəyinə ümidvar olduğunu bildirib.
banner

Oxşar Xəbərlər