• cümə, 29 Mart, 11:52
  • Baku Bakı 5°C

ABŞ-Azərbaycan tərəfdaşlığı yüksələn xətlə inkişaf edir

19.07.13 10:21 1323
ABŞ-Azərbaycan tərəfdaşlığı yüksələn xətlə inkişaf edir
Azərbaycan müstəqillik əldə etdikdən sonra həyat keçirdiyi balanslı xarici siyasət kursu ilə dünyanın bütün böyük dövlətləri ilə yaxşı əlaqələr qura bilib. 20 illik müstəqillik tarixi olan bir ölkə üçün həm Rusiya, həm ABŞ, həm də Avropa Birliyi ilə normal münasibətlər qurmaq, islam dünyasının aparıcı dövlətlərindən birinə çevrilmək elə də asan əldə edilən nailiyyət deyil. Özü də Azərbaycan bu uğuru kifayət qədər mürəkkəb coğrafi məkanda yerləşərək reallaşdıra bilib. Əlbəttə ki, bir tərəfdən İranla, bir tərəfdən Rusiya ilə qonşu olan Azərbaycanın okeanın o tayındakı ABŞ-la da kifayət qədər normal münasibətlər qura bilməsi təqdirəlayiqdir. İki ölkə arasında münasibətlər qarşılıqlı maraqlara xidmət edir və hər iki tərəf bu əlaqələrin səviyyəsindən razıdır. Son illər Azərbaycanla ABŞ arasında münasibətlər yeni bir fazaya qədəm qoyur. Tərəflər həm təhlükəsizlik, həm energetika, həm də demokratiya və insan hüquqlarının qorunması sahəsində maraqların uzlaşdırılmasını və daha da irəliyə aparılmasını prioritet kimi qəbul etməyə başlayıblar.
ABŞ Azərbaycanda demokratiyanın inkişafı ilə bağlı proseslərə də xüsusi diqqət ayırır və bu sahədə Azərbaycan hökuməti ilə əməkdaşlıq edir. Amma bəziləri guya Azərbaycanla ABŞ arasında münasibətlərin tənəzzüldə olduğunu, Vaşinqtonun bir sıra məsələlərin həlli ilə bağlı rəsmi Bakıya təzyiqlər etdiyini iddia edirlər. Bu mənada bu günlərdə ABŞ Konqresinin Helsinki Komissiyasında Azərbaycanla bağlı keçirilən brifinqə diqqət yönəldilir. Onlar bu tədbiri guya ABŞ-da Azərbaycanla bağlı dinləmələrin keçirilməsi kimi qələmə verir, bununla da guya ABŞ-ın Azərbaycan hakimiyyətinə təzyiq etdiyi, müxalifətinə qucaq açdığı iddia edilir. Başqa sözlə desək bu tədbirin əhəmiyyətini şişirtmək, onu Konqresdə "dinləmələr" səviyyəsinə yüksəltmək cəhdləri var. Amma bu, müəyyən daxili siyasi qrupların özünüreklam cəhdindən başqa bir şey deyildir. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun sözlərinə görə, özünü reklam etmək istəyən bəzi siyasi qüvvələr bu tədbirin Konqresdə dinləmələr formatında baş tutmasına çalışıb. Hətta ciddi-cəhdlə bu yaxınlarda Azərbaycana səfər edən, bəhs edilən komissiyaların üzvü olan konqresmen və senatorların tədbirə qatılmalarına nail olmağa çalışıblar. Lakin heç nə alınmayıb. Bu isə ABŞ-da müxalifətə olan səthi münasibətin göstəricisi kimi qəbul olunmalıdır.
Əslində isə ABŞ Helsinki Komissiyası tərəfindən belə brifinqlərin təşkil olunması adi haldır. Mövcud qaydalara əsasən, brifinqlər qeyri-formal xarakter daşıyır və bu formatdakı yığıncaqları komissiyanın sədri və ya həmsədri deyil, sadəcə katiblik əməkdaşları aparırlar. Buna görə də Azərbaycana dair həmin brifinqə komissiya üzvlərinin heç biri qatılmayıb. Bütün bunlar nəzərə alınarsa, sözügedən tədbirin ABŞ-Azərbaycan əlaqələri, ABŞ-ın Azərbaycana münasibəti prizmasından qiymətləndirilməsini düzgün yanaşma deyildir. Ə.Həsənov da məsələyə bu prizmadan yanaşıb. O qeyd edib ki, Azərbaycanla ABŞ arasında arasında strateji tərəfdaşlıq və müxtəlif sahələr üzrə ciddi əməkdaşlıq əlaqələri mövcuddur və tərəflər davamlı şəkildə bu əlaqələrin daha da inkişaf etdirilməsi iradəsini ortaya qoyurlar.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da hazırda Azərbaycan-ABŞ münasibətlərinin dinamik inkişafda olduğunu vurğulayıb. O qeyd edib ki, münasibətlərin bu səviyyədəki inkişafı hər iki xalqın maraqlarına cavab verir. E.Süleymanov Vaşinqtonda səfərdə olan Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin Konqresdə keçirdiyi çoxsaylı görüşlərin ikitərəfli münasibətləri daha da dərinləşdirmək baxımından əhəmiyyətinə diqqət çəkib.
Həqiqətən də çoxşaxəli Azərbaycan-ABŞ əməkdaşlığı iki xalqın maraqlarına cavab verməklə yanaşı, beynəlxalq və regional təhlükəsizliyə də ciddi töhfədir. Hazırda Azərbaycanın ABŞ-ın Əfqanıstandakı hərbçilərinin təminatında oynadığı rol əvəzolunmazdır. Bakıya səfər edən hər bir ABŞ rəsmisi bu məqamı xüsusi vurğulayaraq, rəsmi Bakıya «sağ ol» deyirlər.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol da ABŞ-ın maraqlarına uyğundur və daim təqdir olunur. Bu yaxınlarda Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan TAP layihəsinə qoşulması da bunun bariz nümunəsi hesab oluna bilər. ABŞ və Avropa Birliyi bu qərarı alqışlamaqdadırlar.
Ümumiyyətlə, 2013-cü il ABŞ-Azərbaycan əlaqələrinin inkişafında xüsusi yerə malikdir. Bu il mayın 29-30-u Bakıda iki ölkənin əlaqələrinin inkişafına həsr olunmuş «Azərbaycan-ABŞ: Gələcəyə baxış» adlı forum da diqqət çəkib. Bu forumda ABŞ-ın 42 ştatını təmsil edən 320 nəfərlik böyük nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinə hazırkı və keçmiş konqresmenlər, senatorlar, keçmiş yüksək vəzifəli məmurlar, o cümlədən keçmiş nazirlər, tanınmış ekspertlər daxil olub. Bu tədbirin ardınca xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ-a səfəri, səfər çərçivəsində ABŞ dövlət katibi Con Kerrinin Azərbaycana səfərə dəvət olunması da əlaqələrin inkişafından xəbər verən faktorlar kimi qələmə verilməlidir.
ABŞ Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllinə də yardım etməyə çalışır, daim mövcud status-kvonun qəbuledilməz olduğunu vurğulayır.
Düzdür, zaman-zaman bu münasibətləri pozmaq, tərəflar arasındak etimad mühitini korlamaq üçün pozucu cəhdlər də olur. Bu cəhdlər əsasən ABŞ-Azərbaycan münasibətlərinin normal olmamasını istəyən xarici qüvvələr tərəfindən edilir. Amma təəssüf ki, əksər hallarda önların bu cəhdlərinə ölkə daxilindəki radikal müxalifət qüvvələrindən də dəstək gəlir. Məsələn, götürək elə ABŞ Konqresinin Helsinki Komissiyasında Azərbaycanla bağlı keçirdiyi brifinqi. Burada ölkəmiz haqqında iki tənqidi çıxış qeydə alınıb. Bunlardan biri ABŞ ermənilərinin əsas diaspor təşkilat ABŞ Erməni Milli Konqresinin təmsilçisi olub. Onun ardınca isə müxalifət qüvvələrinin toplaşdığı Milli Şuranın təmsilçisi Eldar Namazov eyni məzmunlu bəyanatla çıxış edib.
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun sözlərinə görə, hər iki tərəf həm də tənqidi arayış yayıblar: «Azərbaycan qanunvericiliyini təhrif edən, ölkədə baş verən hadisələrə, cərəyan edən proseslərə öz subyektiv siyasi maraqları prizmasından yanaşan, subyektiv siyasi iddialarını reallaşdırmağa cəhd göstərən "milli şura" və orada təmsil olunan antimilli ünsürlər indi də ermənilərlə sinxron şəkildə Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək üçün konkret fəaliyyətə başlayıblar».
Amma bu cəhdlərin əbəs olduğu heç kimdə şübhə doğurmamalıdır. Çünki ABŞ-Azərbaycan əməkdaşlığı sağlam köklərə əsaslanır. Azərbaycan regionda ABŞ üçün mühüm ölkədir və şübhə yoxdur ki, Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq bundan sonra da möhkəmlənəcək.
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər