• cümə, 19 Aprel, 08:35
  • Baku Bakı 13°C

ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi varmı?

23.12.14 09:26 1064
ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi varmı?
«Azərbaycan müstəqillik illərində müntəzəm olaraq Qərbin ikili standartları ilə üz-üzə qalıb. Vaxt keçdikcə aydın olub ki, bu yanaşmanın kökündə müxtəlif xarici dairələrin, xüsusilə ABŞ-ın geosiyasi və strateji maraqları durur». Bu fikir rəsmi dövlət qəzeti olan «Azərbaycan»da dərc olunan «ABŞ-Azərbaycan münasibətlərinə kiçik ekskurs və gələcək haqqında düşüncələr» adlı məqalədə yer alıb. Məqalədə qeyd edilir ki, ABŞ-da bəziləri düşünürlər ki, Azərbaycanın öz dövlətçilik, milli maraqları ya ümumiyyətlə olmamalı, ya da Vaşinqtonun cızdığı çərçivədən kənara çıxmamalıdır. Yəni rəsmi Bakı yalnız tapşırıqlar yerinə yetirməlidir. Məsələn, Azərbaycan təbii sərvətlərinin bölgüsünü və ixracını Vaşinqtonda müəyyən edilmiş qaydada həyata keçirməlidir. Dağlıq Qarabağın müqəddəratı heç bir müdaxilə olmadan Vaşinqtonda həll edilməlidir və Azərbaycan da istənilən nəticə ilə razılaşmalıdır. Azərbaycanın xarici siyasəti Amerikanın istək və arzuları ilə tam uyğunlaşdırılmalı, ayrı-ayrı ölkələrlə münasibətlərinin konturları Dövlət Departamenti tərəfindən təyin edilməlidir. Hakimiyyət seçimi hüququ Azərbaycan xalqına deyil, Ağ Evə məxsus olmalıdır. Məqalədə qeyd edilir ki, bu, tamamilə yanlış düşüncə tərzidir: «Azərbaycanın milli sərvəti - enerji potensialı ilk növbədə Azərbaycan dövlətinin inkişafını və Azərbaycan xalqının rifahını təmin etməli, sonra isə həm regional tərəqqiyə, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verməlidir. Azərbaycan heç bir halda öz ərazi bütövlüyündən imtina etmək niyyətində deyil və beynəlxalq hüquqa, ədalət prinsipinə arxalanaraq, bu yolda istənilən təzyiqə cavab vermək gücündə və əzmindədir».
Məqalədə o da qeyd edilir ki, Qərbdə birmənalı olaraq dərk etməlidilər ki, Azərbaycan xalqı xarici fondlardan maliyyələşdirilən kiçik qruplar deyil, 9.5 milyon insan və 5 milyona yaxın seçicidir. İctimai fəal, müstəqil jurnalist bir neçə nəfər kosmopolit və milli ideyaya qənim kəsilmiş şəxs yox, yüzlərlə QHT və media təmsilçisidir: «Xədicə İsmayıl və Leyla Yunus kimilərinə xaricdə mələk donu geyindirilə bilər, amma Azərbaycanda onları yaxşı tanıyırlar və ölkə ictimaiyyəti bu insanların fəaliyyətinə düzgün qiymət verildiyinə əmindir. Bəlkə buna görə ABŞ-ın bəzi dairələri belə fikirləşməyə başlayıblar ki, Azərbaycan artıq Qərbi və onun dəyərlərini “inkar etmək” yolunu tutub. Guya Azərbaycan nə Avropa məkanına inteqrasiyada maraqlı deyil, nə də Vaşinqton və onun müttəfiqləri ilə əlaqələrini inkişaf etdirmək istəyir». Məqalədə qeyd edilir ki, ABŞ-ın dövlət büdcəsindən maliyyələşən “Human Rights Watch”, “Freedom House”və digər bu kimi təşkilatlardan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunur. Təkcə ABŞ mediası və təşkilatları deyil, həm də Avropanın bir sıra vətəndaş cəmiyyəti institutları və media orqanları Azərbaycana qarşı əsl səlib yürüşünə təhrik edilir.
Məqalədə konkret faktlarla göstərilir ki, Azərbaycan ABŞ və Qərb dövlətləri ilə münasibətlərində həmişə səmimi olub, müxtəlif istiqamətlərdən yönəlmiş təzyiq və təhdidlərə baxmayaraq, əməkdaşlıq əlaqələrini inkişaf etdirib və ümumi işə öz töhfəsini verib: «Bəs bunun qarşılığında nə alıb? Qərb də Azərbaycanla münasibətlərində səmimi olmağı bacarıbmı? Cavab birmənalıdır: YOX! Çünki artıq 1990-cı illərin ikinci yarısından etibarən ABŞ-ın müəyyən dairələri Azərbaycanla bağlı müxtəlif bədbin ssenarilər hazırlamağa və həyata keçirməyə başladılar. İnsan haqları məsələsinin süni şəkildə qabardılması, seçki prosesinin gözdən salınması, korrupsiya haqqında miflərin yaradılması və digər bu kimi əsassız ittihamların başlıca məqsədi böyük iradə və əzmkarlıq göstərərək uğurla inkişaf edən, qısa zamanda beynəlxalq aləmdə nüfuz sahibinə çevrilən, zəngin enerji potensialını öz xalqının rifahına yönəltməyə çalışan bir müsəlman ölkəsini sarsıtmaq, onu milli dövlət quruculuğundan, ümummilli problemlərinin həllindən yayındırmaq, dünya ictimaiyyəti qarşısında imicini korlamaq idi».
Məqalədə qeyd edilir ki, 2003-cü ildən başlayaraq əvvəlcə Serbiyada, sonra isə Ukrayna, Gürcüstan və Qırğızıstanda rəngli inqilablar vasitəsilə hakimiyyət çevrilişləri həyata keçirilib. 2005-ci ildə də ABŞ-ın səfiri Rino Harnişin rəhbərliyi ilə bu bədniyyətli ssenarinin Azərbaycanda reallaşdırılması istiqamətində addımlar atılıb. Mövcud müxalifətin heç bir işə qadir olmadığını özü üçün aydınlaşdıran ABŞ strateqləri hakim komandanın daxilində müxalifət formalaşdırmaqla onun radikal qruplarla əlaqəli şəkildə fəaliyyətini təmin etməyə çalışıblar. ABŞ sonrakı illərdə də Azərbaycanda bu kimi maraqlardan çıxış edib: «Bütün bu “çevriliş planlarının” məntiqi nəticəsi kimi Qərb dairələri Azərbaycan xalqının ayıq-sayıq olduğuna, təxribatlara uymadığına və mövcud hakimiyyətə hərtərəfli dəstək verdiyinə bir daha əmin oldular. Ümid edirik ki, ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Robert Sekura bu həqiqətdən və sələflərinin aqibətindən düzgün nəticə çıxaracaq».
Məqalədə qeyd edilir ki, Azərbaycan nə qədər ABŞ və Qərbə qucaq açırsa, onlar da bir o qədər Ermənistanı bərk bağrına basırlar.
Məqalədə ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə yardımçısı Tom Malinovskinin bu günlərdə “Azadlıq” radiosunun rusdilli “Nastoyaşeye vremya” televiziya proqramına verdiyi qısa müsahibəsinə də diqqət çəkilir. Onun fikirləri «Vaşinqtonun ruhunda çox anlaşılan bəyanat» kimi qiymətləndirilir: «Amma bunu “burnunun ucundan kənarı görə bilməmək”, “qara məni basınca mən qaranı basım” və ya politoloji terminologiya ilə geosiyasi daltonizm də adlandırmaq olar. Vaxtilə Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin demokratiya, əmək və insan haqları üzrə köməkçisinin müavini Tomas Melianın əvvəlcə söylədiyi, sonra isə təkzib etdiyi digər termindən istifadə edərək, tam səmimi şəkildə demək olar ki, ABŞ Azərbaycanla münasibətləri pisləşdirmək üçün özü çoxdan bəlli prinsipləri pozub və “qırmızı xəttə” çox yaxınlaşıb. Bu isə ritorik bir sual üçün ciddi əsas yaradır: ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi varmı? Bu haqda düşünməyə dəyər».
İlham QULİYEV
banner

Oxşar Xəbərlər