• şənbə, 20 Aprel, 15:37
  • Baku Bakı 23°C

ABŞ-Azərbaycan münasibətlərində yeni nəfəs

19.02.15 07:22 1507
ABŞ-Azərbaycan münasibətlərində yeni nəfəs
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland srağagün Azərbaycanda səfərdə olub. ABŞ xarici siyasətinin “ağır artilleriyası” adlandırılan xanım diplomatı Bakıda ölkəsinin Müdafiə Nazirliyinin bölgə üzrə təmsilçiləri, ABŞ-ın Avropa Komandanlığının nümayəndələri də müşayiət ediblər. Səfər çərçivəsində V.Nuland ölkə prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və Azərbaycan vətəndaş cəmiyyətinin bir qrup nümayəndəsi ilə də görüşüb. Amerikalı diplomatın Qafqaz səfəri, burada keçirdiyi görüşlər, müzakirə olunan məsələlər və mətbuata verdiyi bəyanatla bağlı “Kaspi”nin suallarını “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu cavablandırır.
- Elxan bəy, V.Nulandın Bakı səfərini, burada keçirdiyi görüş və müzakirələri necə dəyərləndirirsiniz?
- Bu səfərdən öncə ABŞ-Azərbaycan münasibətlərində bir gərginlik ab-havası var idi. Çünki rəsmi Vaşinqton keçmiş sovetlər məkanında “rəngli inqilablar” həyata keçirirdi. Biz bunu Gürcüstanda, Ukraynada, Qırğızıstanda müşahidə etmişdik. ABŞ tərəfindən belə bir inqilabın Azərbaycanda da keçirilməsi ehtimalı var idi. Bu, 2005-ci ilin parlament seçkilərində daha çox özünü göstərdi. Bununla da ölkələr arasındakı münasibətlərdə soyuqluq yaranmağa başladı. Ötən müddət ərzində ABŞ-la əlaqəli təşkilatlar da Azərbaycanda fəaliyyətlərini dayandırmaq məcburiyyətində qaldı. Belə vaxtda bir sıra ekspertlər rəy formalaşdırmağa çalışırdılar ki, Kremlin təzyiqləri səbəbindən Azərbaycanla Rusiya arasında münasibətlər istiləşməyə doğru gedir. Təbii ki, Amerika da bu prosesləri izləyirdi. Nəhayət, ABŞ belə qərara gəldi ki, Qafqazın açar dövləti sayılan Azərbaycanla münasibətləri soyutmaq olmaz, əksinə, bu dövlətlə münasibətləri, xüsusən də enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək lazımdır. Elə Viktoriya Nulandın Bakı səfərinə də bu kontekstdən yanaşmaq lazımdır. Onu da nəzərdən qaçırmaq olmaz ki, ABŞ-ın Azərbaycandakı yeni səfiri Robert Sekuta əvvəllər Dövlət Departamentində enerji məsələləri ilə məşğul olub. Belə bir adamın təyinatı da sübut edir ki, gələcəkdə hər iki dövlət arasında enerji çərçivəsində əməkdaşlıq prioritet olacaq.
- ABŞ dövlət katibinin köməkçisi Bakıda olarkən mətbuat qarşısında da çıxış edib, ABŞ-Azərbaycan münasibətləri, Dağlıq Qarabağ münaqişəsi və sair barədə müəyyən fikirlər də səsləndirib. Onun açıqlamalarını necə qarşılayırsınız?
- Nuland Bakıda olarkən 3 önəmli mesaj verdi. Viktoriya Nuland ABŞ-la Azərbaycan arasında enerji əməkdaşlığının yüksək səviyyədə olduğunu bəyan etdi. Bu, o deməkdir ki, rəsmi Vaşinqton Azərbaycanın enerji resurslarını Avropaya çatdırmasını yüksək qiymətləndirir. Heç kimə sirr deyil ki, “Nabukko” qaz kəməri layihəsi işləmədi. Bunu dövlət başçısı İlham Əliyev də dəfələrlə qeyd edib. Rusiya-Ukrayna münasibətlərindən irəli gələrək yaranmış ağır vəziyyətdə Azərbaycan Prezidenti təşəbbüsü ələ alaraq, Avropaya yardım əlini uzatdı. O, TAP və TANAP layihələri vasitəsilə Azərbaycanın Avropaya qaz verməyə hazır olduğunu bildirdi. Bu, Avropaya çatdırılması mümkün olan alternativsiz, ən real qaz mənbəyidir. Düzdür, Türkmənistan, İran və İraq qazı barədə də çox danışılır. Lakin bunlar hamısı mülahizələrdir. Reallıqda Avropa üçün Rusiya qazına alternativ olan layihə ortadadır. Bu isə Cənub qaz dəhlizidir. Bunu Avropa İttifaqı rəsmiləri də yüksək qiymətləndirirlər. Bu səbəbdən hesab edirəm ki, yaxın perspektivdə ABŞ-la Azərbaycan arasında münasibətlərin əsasını enerji əməkdaşlığı təşkil edəcək. Nulandın ikinci mesajı Amerikanın Azərbaycanda “rəngli inqilab” həyata keçirmək istəməməsi ilə bağlıdır. Bu da çox ciddi açıqlamadır. Çünki ABŞ-ın belə bir niyyətinin olması barədə ortada müəyyən mülahizələr, ehtimallar, şübhələr var idi. Bu şübhələri artıran başqa bir məqam ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Morninqstarın “Azadlıq” radiosuna müsahibəsində “Maydan hadisələri Bakıda təkrarlana bilər” kimi fikirlər səsləndirməsi idi. Amma Nuland vasitəsilə Amerika ilk dəfə rəsmi şəkildə bəyan etdi ki, Vaşinqtonun “rəngli inqilab”la Azərbaycanda hakimiyyəti dəyişmək kimi planı yoxdur. Heç uzağa getmədən, Ukraynadakı hadisələr hər kəsə göstərdi ki, inqilablar vasitəsilə hakimiyyət dəyişikliyi ölkədə vəziyyəti daha da gərginləşdirir. Maydan hadisələri nəticəsində Krım işğal olunub, ölkənin şərqində separatçılıq baş qaldırıb və Ukrayna indiyə kimi özünə gələ bilmir. Bu kimi səbəblərdən Nulandın ikinci mesajını da mühüm hadisə kimi qəbul edirəm. Ən nəhayət, Nuland mətbuat qarşısında çıxış edərkən deyib ki, İrəvanda səfərdə olarkən əsirlikdə olan iki azərbaycanlı girovun azad olunmasına çalışacaq. Bu da olduqca mühüm mesajdır. Ondan əvvəl isə belə bir açıqlamanı Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik vermişdi. Onlara qədər heç bir dövlət rəsmisi qəti olaraq bu cür mövqe ifadə etməyib. Bu, həm də onun etirafıdır ki, girovluqda saxlanılan, üzərində məhkəmə şousu qurulan iki nəfər günahsızdır. Əgər Nuland ABŞ-ın Ermənistana təzyiq imkanlarından istifadə edərək, iki azərbaycanlı girovun azad edilməsinə nail olsa, bu fakt Amerika-Azərbaycan münasibətlərinə yeni nəfəs verəcək.
- V.Nuland mətbuata açıqlamasında ABŞ-la Azərbaycan arasında yeni danışıqlar formatına dair razılığın əldə olunduğunu da bildirib. Sizcə, hansı formatdan söhbət gedə bilər?
- Nulanda şübhəli yanaşma var. Çünki o, Ukrayna hadisələrində əsas simalardan biri idi. Hətta Rusiya mətbuatı iddia edirdi ki, Nuland Maydan hadisələrinin hazırlanmasında birbaşa iştirak edib. Amma Azərbaycana münasibətdə, bayaq qeyd etdiyim kimi, artıq ABŞ-ın konkret siyasəti var. Nulandın Bakı səfəri, burada səsləndirdiyi fikirlər də onu ifadə edir ki, Ukrayna hadisələrini heç vaxt Azərbaycanda təkrarlamaq olmaz. Azərbaycanda hakimiyyət, Prezident çox güclüdür. Güclü tərəf ilə ancaq münasibətlər qurmaq mümkündür. Digər tərəfdən, güclü tərəf sayılan Azərbaycan, Prezident İlham Əliyev Avropa üçün çox önəmli layihələr həyata keçirir. Belə bir ərəfədə Azərbaycanla münasibətləri korlamaq, orada hakimiyyəti zəiflətmək həm də ABŞ-ın öz maraqlarına zərbə vurması deməkdir. Yeni formata gəlincə, əslində buna o qədər də ehtiyac yoxdur. İki dövlət arasında hökumətlərarası komissiya var. Yeni format axtarmaqdansa, bu komissiyanın işini intensivləşdirmək lazımdır. Amma mən o fikirlə razıyam ki, ümumiyyətlə, ABŞ-Azərbaycan münasibətlərinin özünü intensivləşdirmək gərəkdir. Bunun üçün də qarşılıqlı səfərlər çox önəmlidir. Bu, Amerika-Azərbaycan münasibətlərini daha da üst səviyyəyə qaldıra bilər. Belə vəziyyət bəzi maneələri də aradan qaldıra bilər. Maneə deyərkən, 907-ci bədnam düzəlişin aradan qaldırılması üzərində xüsusi dayanmaq gərəkdir. Bununla yanaşı, hələ də Dağlıq Qarabağ separatçılarına edilən maliyyə yardımlarına son qoyulmalıdır və sair.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər