• cümə, 29 Mart, 19:16
  • Baku Bakı 14°C

ABŞ-Azərbaycan münasibətləri region üçün nümunədir

11.09.13 08:07 1362
ABŞ-Azərbaycan münasibətləri region üçün nümunədir
Uğurlu daxili və xarici siyasət nəticəsində beynəlxalq aləmdə böyük nüfuz qazanan Azərbaycan dünyanın əksər dövlətləri ilə əməkdaşlığı genişləndirir. Bu sırada Birləşmiş Ştatlar ilə münasibətləri sözün əsl mənasında strateji adlandırsaq, sözsüz ki, səhv etmərik. İlbəil strateji önəmliyi artan ABŞ-Azərbaycan münasibətlərindən bəhs edərkən şübhəsiz ilk olaraq iqtisadi və siyasi sahələrdəki nailiyyətlər qeyd olunmalıdır. Birgə enerji və nəqliyyat layihələrinin reallaşması bunun bariz nümunəsidir. İkitərəfli əlaqələrə böyük əhəmiyyət verən rəsmi Bakı qarşılıqlı münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində inkişafına hər zaman üstünlük verib. Elə rəsmi Vaşinqton da sürətli iqtisadi inkişafı ilə dünyanın diqqətini cəlb edən geostrateji önəmə malik olan respublikamızla çoxtərəfli əməkdaşlığın inkişafında xüsusilə maraqlı olduğunu dəfələrlə bəyan edib.
Təsadüfi deyil ki, indiyədək iki ölkə arasında mühüm əhəmiyyətə malik 76 dövlətlərarası saziş imzalanıb. Dövlət başçısı İlham Əliyevin “ABŞ-Azərbaycan müttəfiqliyi sözdə deyil, əməli işdə sübut olunub” fikri ikitərəfli münasibətlərə verilən ən yüksək qiymətdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, böyük təkamül yolu keçmiş dostluq və əməkdaşlığımız hazırkı strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Münasibətlərin yüksək səviyyədə olduğunu bu yaxınlarda Bakıda keçirilən “Azərbaycan-ABŞ: Gələcəyə baxış” adlı forum bir daha sübut etmiş oldu. Özü də forumda iki ölkə arasında münasibətlərin strateji önəm aldığı elə ABŞ nümayəndələri tərəfindən səsləndi. Qeyd olundu ki, müstəqil xarici siyasəti ilə regionda seçilən Azərbaycan hər sahədə uğurlu nailiyyətlərə imza atıb. Forum qarşılıqlı münasibətlərin çox yüksək səviyyədə olduğunu və Amerikanın dövlət, siyasət, elm xadimlərinin, strateqlərin, hərbi və iqtisadi elitanın ölkəmizə böyük əhəmiyyət verdiyini bir daha təsdiqləmiş oldu. Təsadüfi deyil ki, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar forumda ABŞ-ın 42 ştatından nümayəndənin iştirak etməsini Birləşmiş Ştatlarda ölkəmizlə münasibətlərə verilən böyük önəmin göstəricisi kimi dəyərləndirdi. Azərbaycan həqiqətlərinin bir daha çatdırılması baxımından bu fakt çox önəmli idi. Səfir tədbiri son 20 il ərzində formalaşan strateji tərəfdaşlıq münasibətlərinin təzahürü kimi qiymətləndirib.
Azərbaycanın xüsusilə etibarlı tərəfdaş olması, gündən-günə daha da güclənməsi, Cənubi Qafqazın aparıcı dövləti kimi regionu qarşıdurma deyil, əməkdaşlıq məkanına çevrilməsi istiqamətində mühüm diplomatik-siyasi səylərini əsirgəmədiyi göz önündədir. Bunu elə Qərbin və Birləşmiş Ştatların aparıcı ekspertləri dəfələrlə vurğulayıblar. Dünyada böyük nüfuza malik olan və bütün hesabatları, siyasi təhlilləri diqqətlə izlənilən və çoxları tərəfindən ABŞ dövlətinin mövqeyinin ifadəçisi kimi qiymətləndirilən strateji araşdırma qurumu olan Stratfor Qlobal Araşdırmalar Mərkəzinin təsisçisi və rəhbəri, siyasi analitik Corc Fridmanın ölkəmizə verdiyi qiymət isə Azərbaycanın bədxahlarına verilən ən tutarlı cavabdır. O bildirib ki, yaxın gələcəkdə ABŞ-ın dünyadakı ən yaxın müttəfiqi Azərbaycan olacaqdır. O, belə hesab edir ki, hazırda soyuq müharibənin başa çatdığı bu dövrdə çox mürəkkəb siyasi proseslər baş verir: “ABŞ-ın müttəfiqləri sayılan Avropa ölkələri dərin iqtisadi böhran içindədir. Bu qitədəki dövlətlərin mövqeləri qətiyyən uzlaşmır. Halbuki, Avropa ölkələrinin əksəriyyəti NATO-nun üzvüdür və ilk baxışdan siyasi mövqelər üst-üstə düşməlidir. Lakin biz ziddiyyətli münasibətlərdə olan Avropa dövlətlərini bir araya gətirə bilmirik. Bu isə NATO-nun beynəlxalq hərbi-siyasi təşkilat kimi gücünü zəiflədir. Ona görə də ABŞ-a Azərbaycan kimi davamlı iqtisadi inkişafa malik olan müttəfiq lazımdır. Bu, həqiqətdir və bu həqiqət müəyyən dairələr tərəfindən nə qədər tez dərk olunarsa, bir o qədər faydalı olar”.
Yeri gəlmişkən, ABŞ-Azərbaycan münasibətlərinə amerikalı konqresmen Şeyla Cekson Linin verdiyi qiymət isə diqqəti cəlb edir: “Siz çox mürəkkəb regionda yaşayırsınız. Xəritəyə baxdıqda, biz bir daha şahid oluruq ki, siz çox cəsarətli bir ölkəsiniz. Siz dünyəvi, demokratik və azad müsəlman ölkəsisiniz. Mən fərəhlənirəm ki, sizin kimi ölkəni dəstəkləmək imkanı əldə etmişəm. Azərbaycan XXI əsrin ölkəsidir. Azərbaycan və ABŞ-ın çox mühüm dostluğu vardır. XXI əsrdə və ondan sonra da bizim dostluğumuz yaşayacaq”.
Bir faktı da qeyd etmək yerinə düşər ki, ABŞ - Azərbaycan münasibətlərinə həm xaricdən, həm də daxildən ziyan vurmaq istiqamətində hər zaman addımlar atılıb və atılır da. Xüsusən də bu işdə erməni lobbisi geniş miqyaslı kampaniya aparır. Bəlli olduğu kimi, erməni lobbisi ABŞ-da illər boyu Azərbaycan əleyhinə daim geniş kampaniya aparıb. Və bu kampaniyanın əsas məqsədi ABŞ - Azərbaycan strateji tərəfdaşlığına və Azərbaycanın maraqlarına zərbə vurmağa yönəlib. Lakin bu və digər bədnam fəaliyyət yuxarıda qeyd edildiyi kimi, strateji önəm alan ikitərəfli münasibətlərinə xələl gətirə bilməyib və bundan sonra da gətirə bilməyəcək.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər