ABŞ-Azərbaycan əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
ABŞ prezidenti Donald Tramp seçkiöncəsi verdiyi bir
sıra vədləri yerinə yetirməyə başlayıb. O, öz platformasında bəyan etdiyi kimi,
prezident seçiləndən sonra Amerikanın xarici siyasətində dəyişiklik etməyə, digər
dünya dövlətlərinin daxili işlərinə qarışmamağa, onlarla daha çox əməkdaşlığa başlayıb.
Beləliklə də ABŞ ilə xarici ölkələr arasında münasibətlər tamamilə yeni
müstəviyə qədəm qoyub. Bu çərçivədə ABŞ-Azərbaycan əlaqələri də yeni mərhələyə keçib.
Buna misal olaraq, 21 may tarixində Səudiyyə Ərəbistanı Krallığının paytaxtı
Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika Sammitinin keçirilməsini, Azərbaycan
Prezidenti İlham Əliyevin də həmin tədbirə dəvət olunmasını, Sammitdə ABŞ
dövlət başçısının və digər ölkə rəhbərlərinin mühüm bəyanatlar səsləndirməsini
göstərmək olar.
Bununla yanaşı, ABŞ prezident D.Trampın həm 28 May
- Respublika Günü, həm də XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə
əlaqədar Prezident İlham Əliyevə ünvanladığı təbrik məktublarını da qeyd etmək
lazımdır. Hər iki təbrik məktubunda ölkələrimiz arasındakı isti münasibətlərin
davam etdirilməsi birmənalı olaraq vurğulanıb. Prezident D.Tramp həm Azərbaycan
və ABŞ, həm də dünya üçün daha gözəl gələcək naminə Prezident İlham Əliyevlə
fəal tərəfdaş kimi işləməyi səbirsizliklə gözlədiyini bildirib. O, eyni zamanda
Azərbaycanı ABŞ-ın dəyərli tərəfdaşı hesab edib və son 25 ildə qurulmuş
ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərin
daha da gücləndirilməsini diqqətə çatdırıb. ABŞ prezidenti təbrik məktubunda
Azərbaycan və Amerika xalqlarının rifahına xidmət edən digər əməkdaşlıq
sahələrinin də araşdırılmasını səmimiyyətlə arzulayıb. Daha sonra Azərbaycanda
həyata keçirilən islahatlara toxunan D.Tramp Prezident İlham Əliyevin
iqtisadiyyatın şaxələndirilməsi və islahatların həyata keçirilməsi
istiqamətində gördüyü işləri alqışladığını, habelə iki ölkə arasında yeni
faydalı biznes əlaqələrinin qurulmasını istəyini dilə gətirib.
Qlobal təhlükəsizliyin möhkəmləndirilməsini qeyd
edən Ağ Ev rəhbəri ABŞ və Azərbaycanın birgə terrorizmə qarşı mübarizə apardığını
xüsusilə qeyd edib: "ABŞ Azərbaycan xalqının yanındadır və təhlükəsizlik,
iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə
münasibətlərin daha da möhkəmləndirilməsinə sadiqdir. Eyni zamanda ABŞ
Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobal enerji layihələrini, o
cümlədən Cənub Qaz Dəhlizini qəti surətdə dəstəkləməkdə davam edir, ölkənizin və
beynəlxalq tərəfdaşların onun tamamlanmasına yönəlmiş səylərini alqışlayır. Bu
mənada biz Azərbaycanı Avropa üçün yeni enerji mənbəyi hesab edirik”.
Mövzu
ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli
Məclisin deputatı Sahib Alıyev bildirdi ki, 28 may-Respublika Günü ilə
bağlı keçirilən rəsmi qəbulda Prezident İlham Əliyev bu barədə danışıb: "Dövlət
başçısı ABŞ-ın yeni administrasiyasının həm Azərbaycana, həm də bütövlükdə müsəlman
aləminə yanaşmada daha düzgün siyasət yürütdüyünü və bu siyasətin rəğbət doğurduğunu
vurğulamışdı. ABŞ dövlət katibinin köməkçisinin enerji diplomatiyası üzrə
müavini xanım Robin Danniqanla görüşdə də Prezident İlham Əliyev qeyd etdi ki,
iki ölkə arasında əməkdaşlığını yeni bir mərhələsinin başlanğıcı qoyulub.Konkret
məktublara gəldikdə isə, keçmiş prezident Barak Obama ilə yeni prezident Donald
Trampın həm 28 may Respublika günü, həm də Beynəlxalq "Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə
əlaqədar ünvanladıqları məktublardakı fərqləri açıq görmək olar. ABŞ-ın indiki
administrasiyası ideoloji klişelərdən uzaqdır və Azərbaycana yanaşmada daha çox
praqmatik əsaslara dayanır. Keçmiş administrasiyadan fərqli olaraq ölkəmizin
regionda oynadığı rolu daha dəqiq qiymətləndirir. Azərbaycanın həyata keçirdiyi
siyasəti daha dəqiq görür. Trampın məktublarında Azərbaycanda iqtisadiyyatın
şaxələndirilməsi və məhkəmə islahatlarının aparılmasının vurğulanması bunu təsdiqləyir.
ABŞ prezidenti hər iki məktubunda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
həllində ölkəsinin qəti dəstəyini ifadə edir. Düzdür, bu, hələ ki, biz
arzuladığımız dəstək deyil, amma keçmiş administrasiyadan fərqli olaraq, daha
aydın və qətiyyətli yanaşmanın şahidi oluruq”.
S.Alıyev
əlavə etdi ki, keçmiş prezident Barak Obamanın məktublarında daha çox
demokratik dəyərlər, insan haqları və digər məsələlər qabardılırdı: "Halbuki,
burada heç də söhbət həmin məsələlərdən yox, onların kölgəsində edilən
təzyiqdən gedirdi. Lakin Trampın məktubunda əməkdaşlıq təklifi öz əksini tapır.
Onun Respublika Günü ilə bağlı məktubunda açıq bildirilir ki, biz Azərbaycanla
biznes sahəsində yeni əlaqələrin qurulmasının tərəfdarıyıq. Təbii ki, bu,
praqmatik yanaşmadır. Çünki Tramp vaxtı ilə bizneslə məşğul olub və uğurlar
qazanıb. O, Azərbaycanın apardığı iqtisadi siyasətin həm ölkəmiz, həm də
bizimlə əməkdaşlıq edənlər üçün vəd etdiyi sərfəliliyi görür və qiymətləndirir.
Hesab edirəm ki, əlaqələrin genişləndirilməsi sayəsində gələcəkdə
Azərbaycan-ABŞ əməkdaşlığı həqiqətən yeni bir mərhələyə qədəm qoyacaq. Bu həm
də rəsmi Vaşinqtonun Dağlı Qarabağ münaqişəsinin həlli prosesində mövqeyinin də
qətiləşməsinə aparıb çıxara bilər”.
Demokratik İslahatlar Partiyasının sədri, millət
vəkili Asim Mollazadəqeyd etdi ki, yeni administrasiyanın Azərbaycanın Amerikanın milli maraqları
üçün çox böyük önəm daşıdığını anlaması müsbət hadisədir: "Azərbaycan
Amerikanın milli təhlükəsizlik maraqları nöqteyi-nəzərdən çox önəmlidir.
Ölkəmiz ABŞ-la enerji sahəsində uzun illərdir əməkdaşlıq edir və Azərbaycan Vaşinqtonun
müttəfiqlərinin enerji təhlükəsizliyində böyük rol oynayır. Bununla yanaşı,
Azərbaycan böyük nəqliyyat dəhlizi yaradaraq demək olar ki, Amerikanın strateji
maraqlarına uyğun olan yeni sistemi formalaşdırır”.
A.Mollazadə
vurğuladı ki, Azərbaycan Şərqin birinci demokratik və dünyəvi dövlətini quran
xalq kimi öz dəyərlərini genişləndirə bilər: "Məhz bunun üçün də ABŞ və yeni
administrasiya Azərbaycanla əməkdaşlığı gücləndirməlidir. Eləcə də Azərbaycanın
ərazi bütövlüyünü təmin etmək və təhlükəsizliyini daha da artırmaq
istiqamətində addımlar atmalıdır. Ümidvaram ki, bu istiqamətdə çoxşaxəli
əməkdaşlığımız üçün böyük potensial var”.
Bəxtiyar MƏMMƏDLİ