• cümə, 19 Aprel, 11:37
  • Baku Bakı 13°C

ABŞ ayırdığı qrantları ölkəmizdəki «beşinci kolon»una ötürməyə çalışır

17.07.14 11:10 1067
ABŞ ayırdığı qrantları ölkəmizdəki «beşinci kolon»una ötürməyə çalışır
Məlum olduğu kimi, USAİD-in Bakı ofisi Azərbaycanda medianın inkişafına dəstək adı altında özündə müəyyən qaranlıq məqamları ehtiva edən 2,4 milyonluq qrant müsabiqəsi elan edib ki, bu da cəmiyyətdə ciddi narazılıqlara səbəb olub. Əsas narazılıq müsabiqənin, bir növ gizli şəkildə və məhdud çərçivədə keçirilməsi olub.
Belə ki, USAID-in Azərbaycandakı ofisi elan barədə yalnız tenderdə qalib ola biləcək Qərbyönümlü bir neçə təşkilata təxminən bir ay əvvəldən məlumat verib. Guya şəffaflığın nümayiş etdirilməsi baxımından isə saytlardan birinin görünməyən yerində ictimailəşdirilməyən bir elan qoyub. Beləliklə də, elanda şəffaflıq prinspi pozulub, elan gizlin və xəlvəti şəkildə verilib.
Bundan başqa, layihələrin təqdim edilməsi üçün cəmi bir həftə vaxt verilməsi də şübhələnməyə əsas verib. Çünki, bu, kifayət qədər az vaxtdır və həmin müddətdə layihə hazırlanması müşkül məsələdir.
Məsələyə münasibət bildirən bir sıra tanınmış QHT rəhbərləri də USAİD-in elanından xəbərsiz olduqlarını və belə bir halın yolverilməzlliyini dilə gətiriblər.
Hüquq müdafiəçisi, Demokratiya və İnsan Hüquqları Komitəsinin rəhbəri Çingiz Qənizadə mediaya açıqlamasında bildirib ki, USAID-in Azərbaycandakı ofisi elanı məhdud çərçivədə verməklə göstərib ki, əvvəlcədən pərdəarxası razılaşma əldə edilib və konkret kimlərə qrant veriləcəyi bəlli olub: «Çox maraqlıdır ki, Azərbaycandan aşkarlıq və şəffaflığı, demokratik dəyərləri, insan haqlarının qorunmasını tələb edən təşkilatlar bəzən özləri bu cür hallara göz yumurlar. Tam məsuliyyətimlə bildirirəm ki, USAİD-in Azərbaycandakı ofisinin bu cür qrant elan etməsi tamamilə formal xarakter daşıyır. Artıq onlara əvvəlcədən bəllidir ki, kimlərin layihəsini qəbul edib, kimlərə qrant verəcəklər. Bu da həm şəffaflığın, həm də ədalətlilik prinsipinin pozulmasıdır. Belə vəziyyət imkan verir ki, Azərbaycan mediası USAİD-in Azərbaycandakı ofisinin hərəkətləri ilə bağlı müəyyən şübhə doğuran məqamlar üzərində düşünsünlər».
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət də APA-ya açıqlamasında USAİD-in atdığı addımın doğru olmadığını bildirib: «USAID-in belə yanaşması hansısa qaranlıq məqamlardan xəbər verir. Görünür, burada ya korrupsiya elementləri var, ya da sadəcə USAID-in özünə bəlli olan və öncədən müəyyən edilmiş təşkilatlar üçün imkanlar yaradılır. Bütün bunları ona görə deyirəm ki, bir QHT rəhbəri olaraq, üstəlik də jurnalist təşkilatının sədri kimi mən də bu qrant imkanından yararlanmaq istərdim. Təbii ki, vaxtında xəbərimiz olsaydı və layihə hazırlamaq üçün zaman qıtlığı yaşanmasaydı. Amma baxıram ki, USAID bu elanı az qala gizli tutmaqla bizim kimi təşkilatları ədalətli müsabiqə imkanından məhrum edib. Bu isə sual doğurmaya bilməz».
Göründüyü kimi, USAİD-in elan etdiyi gizli müsabiqədən narazılıqlar kifayət qədər haqlıdır. Çünki əgər normal müsabiqə elan edilirsə, bu, tam şəffaf olmalı, ölkə ictimaiyyəti, xüsusilə aktiv QHT-lər, media nümayəndələri bununla bağlı məlumatlandırılmalı idilər. Bunun baş verməməsi isə bir daha təsdiq edir ki, USAİD və ABŞ səfirliyi qrant adı altında 2,4 milyonluq vəsaiti hansısa konkret məqsəd naminə özlərinə yaxın bildikləri QHT-lərə ötürmək niyyətindədir.
ABŞ səfirliyinin bəyanat yayaraq hər şeyin şəffaf olduğunu bəyan etməsinə baxmayaraq, baş verənlər göstərir ki, müsabiqədə «arzuolunmaz» təşkilatların iştirak etməməsi naminə əvvəlcədən qəti tədbirlər görülüb.
Ümumiyyətlə isə ABŞ-ın digər QHT-lərinin verdiyi vəsaitlər kimi, USAİD-in Azərbaycanda medianın inkişafı adı altında ayırdığı pulları da özünün ölkəmizdəki «beşinci kalon»unu təşkil edən QHT-lərə ötürməkdə maraqlı olduğu isə şübhəsizdir.
Çünki məhz bu kimi QHT-lər ABŞ səfirliyinin çaldığı havaya oynayır və qrant adı altında ayrılmış vəsaiti verilmiş tapşırığa uyğun xərcləyirlər.
Əslində USAİD tərəfindən elan edilmiş şübhəli 2,4 milyonluq qrant layihəsi ABŞ-ın ölkəmizdə bu səpkidə atdığı ilk addım deyil. Məlum olduğu kimi, son prezident seçkiləri öncəsi ABŞ Milli Demokratiya İnstitutunun rəhbəri Qriqoryevisin adı da təxminən belə bir maliyyə maxinasiyasında hallanmışdı. Belə ki, institut rəhbəri öz şəxsi hesabından qısa müddət ərzində 2 milyon pul çıxarmışdı. Həmin pulların isə MDİ-nin sifarişi ilə işləyən qurumlara, ayrı-ayrı şəxslərə ötürüldüyü ilə bağlı məlumatlar yayılmışdı. Həmçinin o vaxt belə fikirlər də səsləndirilirdi ki, bu pullar Azərbaycanda sosial şəbəkələr üzərindən təşkilatlanmaqla inqilab həyata keçirmək, dövlətçilik əleyhinə iş görmək üçün verilir.
Bu gün də ABŞ-ı təmsil qurumların öz baş tutmayan arzularını yerinə yetirmək niyyətindən əl götürmədiyi göz önündədir. Şübhə yoxdur ki, bu səfər ayrılması nəzərdə tutulan 2,4 milyon vəsait də təxminən eyni niyyətlərə xidmət edəcək.
Lakin o da danılmazdır ki, Qriqoryevis qalmaqalı və son şübhəli qrant müsabiqəsi ABŞ-ın ölkəmizdəki nüfuzuna ciddi zərbə vurur. Çünki xaricdən, xüsusilə ABŞ və onun QHT-lərindən maliyyələşən qurumların ölkədə sabitliyin pozulması istiqamətindəki fəaliyyəti, dövlət əleyhinə çıxışları və s. cəmiyyətdə müəyyən narahatlıqlar yaradıb. Bunun da nəticəsi olaraq Azərbaycan cəmiyyətində belə bir rəy formalaşıb ki, məhz ABŞ-dan maliyyələşən QHT-lər ölkədə sabitliyi pozmaq, dövlətin, hökumətin işinə mane olmaqla, Azərbaycanın sürətli inkişafının, qüdrətlənməsinin qarşısını almağa çalışırlar. Hətta insanlar inanır ki, bu işdə bəzi ABŞ QHT-ləri erməni lobbisinin təsiri ilə hərəkət edirlər.
Bu mənada ölkədə QHT-lər üçün keçirilən, xüsusilə də xarici donorlar tərəfindən verilən qrantlarla bağlı prosedurların şəffaflığının təmin edilməsi vacibdir. Ölkə qanunvericiliyinə edilmiş son dəyişikliklər də məhz bu kimi halların qarşısını almağa hesablanmaqla milli mənafelər baxımından mütərəqqi xarakter daşıyır.
Bəzi dünya dövlətlərinin təcrübəsi göstərir ki, xarici donorlar tərəfindən ötürülən qrantlar ölkə həyatının müxtəlif sferalarında ciddi təlatümlərə gətirib çıxara bilir. «Ərəb baharı» yaşayan ölkələr, Ukrayna təcrübəsi buna bariz misaldır. Demokratiya adı altında həmin dövlətlərin daxili işlərinə edilən kobud müdaxilələrin hazırda hansı neqativ nəticələr ortaya çıxardığı isə göz önündədir. Bu mənada ölkəmizdə eyni halların yaşanmaması üçün bütün zəruri vasitələrə əl atılmalıdır.
Son dövrlər bəzi ölkələrdə hakimiyyətlərə, dövlətlərə təzyiq göstərməyin «innovativ» üsullarından biri kimi, dini ekstremist qüvvələrdən istifadə olunması da aktuallaşıb. Bəzi Qərb ölkələri tərəfindən «sözə baxmayan» dövlətləri zəiflətmək məqsədilə dini cərəyanların fəaliyyəti stimullaşdırılır, onlara maliyyə dəstəyi göstərilir.
Bu kimi halların ölkəmizdə də baş verməsi qaçılmazdı. Məhz bu səbəbdən keçirilən qrant müsabiqələrinin şəffaflığına dövlətin nəzarət etməsi, maliyyənin xərclənməsi üzrə hesabatlılığın təmin olunması zəruridir.
Beləliklə də görmək olar ki, vətəndaş cəmiyyəti nümayəndələrinin, o cümlədən, medianın, aparıcı QHT təmsilçilərinin USAİD-in keçirdiyi qapalı qrant müsabiqəsi ilə bağlı narazılıqları əsaslıdır və ABŞ-ın ölkəmizdəki səfirliyinin, QHT-lərinin öz fəaliyyətlərində şəffaflığı təmin etmələri, ölkə qanunlarına riayət etmələri labüddür. Əks təqdirdə, kimliyindən asılı olmayaraq qanunvericiliyin sərt üzü ilə qarşılaşmalı olacaq.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər