• cümə, 29 Mart, 14:14
  • Baku Bakı 14°C

ABŞ-Avropa İttifaqı qalmaqalı

12.06.15 10:34 1036
ABŞ-Avropa İttifaqı qalmaqalı
Amerika Birləşmiş Ştatları ilə Avropa İttifaqı (Aİ) arasında növbəti bir qalmaqalın əsası qoyula bilər. Bununla bağlı Almaniyanın “Sueddeutsche Zeitung” qəzetində Hans Lyayendeker və Georq Maskolonun məqaləsi dərc edilib.
Bəlli olub ki, ABŞ Aİ ölkələrindəki minlərlə siyasətçi və işçinin izlənilməsi ilə məşğul olub. Və bu məsələdə onlara alman xüsusi xidmət orqanları yaxından köməklik göstərib. Məqalədə vurğulanır ki, hazırda rəsmi Berlin qarşısında çox incə bir məsələnin həllu durur: Almaniyanın Milli Təhlükəsizlik Agentliyi (ANB) və Federal Kəşfiyyat Xidmətinin (BND) bu məsələdə rolunu göstərmək. Daha doğrusu, onların köməyi ilə hazırlanan siyahının taleyini müəyyən etmək. Almaniya kanslerinin dəftərxanası amerikalıların qəzəblənəcəyindən ehtiyat edir. Berlində məlumatın ən təhlükəli hissəsini oxumaq onunla tanış olan adama çətin ki, nəsə bir zövq versin. Təqribən 36897 lent yazısı mövcuddur və elektron ünvanlar qovluqlara tikilib. Bir səhifədə 20 lent yazısı yerləşdirilib. BND-nin hazırkı rəhbəri Herhard Şindler tərəfindən xüsusi layihə qrupu bu ilin martında “BND-26-nın sübutları ilə tanışlıq üzrə qərar” hazırlayıb. Hal-hazırda yalnız iki nüsxə mövcuddur. Onlardan biri BND-də, digəri isə kanslerin rəhbərlik etdiyi qurumdadır. Siyahı çox “istidir” və ona toxunmaqla ciddi “yanıq” almaq olar. Ən azı yüksək etimad qazanmış bir şəxs yaxın vaxtlarda siyahı ilə tanış ola bilər ki, ola bilsin bu şəxs Ali Federal Məhkəmənin hakimi olsun. Hələ ki, onun adı bəlli deyil. Onu necə adlandırmaq da bəlli deyil - təhqiqat işləri üzrə məsul, xüsusi işlər üzrə müstəntiq və yaxud ekspert. Həmin səlahiyyətli də parlament və hökumət üçün fəaliyyət qurub bu işləri həyata keçirməli olacaq. Buna müvəffəq olacaq ya yox, aydın deyil. Məxfi sənədlər rəqəmlərdən ibarət uzun bir siyahını özündə əks etdirir. Onlar isə öz növbəsində casusluğun obyektləri olublar. Siyahı özündə 7089 insanı və Avropadakı qurumları, o cümlədən şirkətləri birləşdirir. Bir sıra şirkətlər üzərində əməlli-başlı aktiv izlənmə prosesi aparılıb, digərləri üzərində isə belə proses aparılmayıb.
ABŞ mərkəzi elektron kəşfiyyat üzrə razılaşmanı pozub
Sənədə daha ətraflı nəzər saldıqda orada məxfi “arayış”da BND casus şəbəkəsinin 2000-ə yaxın obyekti - Avropa siyasətinin fiqurları və Aİ-nin üzv-dövlətlərinin qurumlarına rast gəlirsən. Bu isə o anlama gəlir ki, Aİ-nin demək olar ki, hər bir üzvü bu izlənmə şəbəkəsinə daxil olub. Aydındır ki, ANB bir çox yerlərdə yüksək mənsəbli siyasətçilər və məmurların BND-nin köməyindən istifadə etməklə casusluq etmələrinə cəhd göstərib. Ola bilsin, Avropada bir çoxları buna sakit, digərləri isə əksinə, qəzəbli formada reaksiya versinlər. Məsələn, Belçikanın ədalət məhkəməsi vəziyyətə aydınlıq gətirmək üçün istintaq yoxlamalarına başlayıb. Qalmaqalın qarşısını almaq isə mümkün görünmür və bu, elə də xoşagələn hal hesab edilmir. Angela Merkel bir tərəfdən izlənilən insanların, digər tərəfdənsə Birləşmiş Ştatların qəzəbindən ehtiyat edir. ABŞ xüsusi xidmət orqanlarının əməliyyatlarının təfərrüatları geniş ictimaiyyətə bəlli olsa, onda A.Merkel və BND rəsmi Vaşinqtonun kəskin reaksiyasını gözləyəcəklər. Berlində bəyan edirlər ki, ABŞ açıq formada hədələmir. Lakin alman diplomatları və xüsusi xidmət orqanları əməkdaşlarının sözlərinə görə, çox güman onların amerikalı həmkarları yumşaq formada bəyan edirlər ki, bundan ciddi narahatçılıq keçirirlər. Və nəsə bəlli olsa, onlar anlayacaqlar ki, almanlara etibar etmək olmaz. İlk belə haldır ki, tək Avropa üzrə deyil, dünya üzrə tərəfdaşlar BND ilə əməkdaşlığa yenidən baxırlar. Ona görə də daxil olan siqnalları heç bir halda pozitiv hesab etmək olmaz.
Yaxın həftələrdə bütün hadisələr bu fonda baş verəcək. Almaniya Sosial-Demokrat Partiyası əvvəlcə parlamentin bu qalmaqalı geniş miqyasda araşdırmasına çalışırdı. İndi isə amerikalıların kəskin reaksiyası üzündən bu məsələnin sadə bir formada həllinin tərəfdarı kimi çıxış edir. Kanslerin idarəsi sənədlərə giriş imkanı ola biləcək şəxsin ortaya çıxmasını istəyir. Bəzi iddialara görə, kanslerin federal idarəsinin rəhbəri Peter Altmayer bildirib ki, informasiya sızması bunun arxasında kimin durduğunu üzə çıxarmış olacaq. O, bir neçə həftə dalbadal Ağ evin aparat rəhbəri Denis Makdonou ilə siyahının faş edilməsi ilə bağlı danışıqlar aparıb. Lakin əbəs yerə. Almaniya Sosial-Demokrat Partiyasında bəyan edirlər ki, bu siyahı ilə iki nəfər etibar qazanmış şəxs tanış olsa, yaxşı olardı. Onlar müxalifət tərəfindən “yaşıllar” və “sollar”ın timsalında irəli sürülə bilər. Şübhə olunmur ki, amerikalılar birmənalı olaraq 2002-ci ildə imzalanan “Qarşılıqlı anlaşma haqqında bəyannamə”ni pozublar. Bu sənəd Bad Ayblinqdə Kəşfiyyat üzrə Elektron Mərkəzin fəaliyyətinin nizamlayır. Əlavə 1-də yazılıb ki, “Avropadakı obyektlər” üzərində izlənmə yalnız və yalnız istisna hallarda həyata keçirilə bilər. Bu zaman terrorizm, nüvə silahı və yaxud texnologiyanın, eləcə də narkotiklərin yayılmaması göstərilməlidir. Siyasi casusluq qadağan olunub. Federal hökumətin ekspertləri onu da etiraf edirlər ki, amerikalılar razılaşmanı pozublar. Halbuki Amerika tərəfi 2013-cü ildə Edvard Snouben birinci dəfə məxfi sənədləri yayan zaman etiraf edirdi ki, hər zaman razılaşmalara əməl edib. Mürəkkəb bir haldır. Komissiya qarşısında çıxışında rəsmilərdən biri bildirib ki, ANB ilə bağlı işlərin praktikada necə görünməsi barədə “fantaziya” çatmayıb. Onun sözlərinə görə, amerikalıların almanlarla imzaladıqları sazişlərə əməl etmələrində israr edib. “Tam məxfi” adı altında olan bəyannaməni uzun illər heç kim oxumayıb - nə xüsusi xidmət orqanları, nə də kanslerin idarəsində. Bir çox şeyləri geri tarixlə başa salmaq praktiki olaraq mümkünsüz, yaxud çətindir”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər