• şənbə, 20 Aprel, 12:14
  • Baku Bakı 23°C

ABŞ-a qarşı Çin-İran birliyi

28.07.20 17:00 778
ABŞ-a qarşı Çin-İran birliyi
İki ölkə arasında siyasi-iqtisadi razılaşmalar dünyada qüvvələr balansını ciddi şəkildə dəyişə bilər

Hindistan və Çin uzun illərdən sonra öz hərbi birləşmələrinin Himalayda mübahisəli sərhəd ərazilərindən çıxarılması barədə razılıq əldə ediblər. Lakin mübahisə mövzusu olan bu bölgədə razılıq əldə olunsa da, iki fövqəldövlətin İranla bağlı qarşıdurması gərginləşir. Çin ikitərəfli sazişlərə əsaslanaraq sürətlə qonşumuz İrana daxil olur. Bu sazişlər isə nə az, nə çox, 400 mlrd. dollardan artıq investisiya yatırımını əhatə edir. Bu vəsaitlər neft, telekommunikasiya və infrastruktur üçün nəzərdə tutulub. Hindistan da İranda möhkəmlənməyə can atır. Bu ölkənin Çabahar dəniz limanına investisiya yatırır və Əfqanıstana gedəcək dəmir yolunun inşasında iştirak edir.
Lakin Hindistanın Mərkəzi Asiyaya daxil olmasını təmin edəcək bu layihə Çinin təzyiqi ilə dayandırılıb. İranın cənub sahilində yerləşən Çabahar limanı perspektivdə bu ölkənin yeganə dərin sulu limanı ola bilər. Hindistan üçün bu liman həddən artıq əhəmiyyətlidir - dəniz strategiyasını məhz onunla bağlayır. Məsələ ondadır ki, Dehlinin ənənəvi düşməni olan İslamabad hindlilərin Mərkəzi Asiyaya quru yolunun qarşısını kəsib. Dəniz isə Mumbaidən İrana qısa yolu təmin edə bilər. Buradan həm də quru yolu ilə Əfqanıstan sərhədlərinə kimi gedib çıxmaq olar. "Uzun illər ərzində Pakistan hind yüklərinin öz ərazisindən keçməsinin qarşısını alıb. Bu məsələdə isə ona ən böyük dəstəyi Hindistanla Asiya və Orta Şərq uğrunda rəqabət aparan Çin göstərirdi. Əgər Çin istəsəydi, Hindistana Mərkəzi Asiyaya getmək üçün elə Tzinyan ilə də yol aça bilərdi. Lakin Çin Hindistanın regionda mövqelərinin möhkəmlənməsinə mane olur”, - deyə Hindistanın Qırğızıstandakı keçmiş səfiri Funçuk Stobdan "Nezavisimaya qazeta”ya bildirib.
Pakistanı özünün "dəmir tərəfdaşı” adlandıran Çin, Çin-Pakistan dəmir yolunu, Çin-Pakistan iqtisadi dəhlizini inşa edir. Bu ölkədə yollar çəkir, sənaye müəssisələri qurur. "South China Morning Post” qəzetinin yazdığına görə, bu layihəyə 46 mlrd. dollar vəsait qoyulub. Eyni zamanda, Pakistanın cənubundakı Qvadar limanına 1 mlrd. dollar investisiya yatırılacaq. Bu liman isə İranın Çabahar limanından 76 km. məsafədə yerləşir. Şanxayda yerləşən Beynəlxalq Tədqiqatlar İnstitutunun bölmə rəhbəri Lyu Çunquy hesab edir ki, Hindistan Çabaharda alternativ liman tikməklə Qvadarın rolunu azaldacağını proqnoz edirdi. 2016-cı ildə İrana səfər edən zaman Hindistanın baş naziri Narenda belə bir öhdəlik götürdü ki, ölkəsi Çabahar limanına 500 mln. dollar yatıracaq. Əlavə 20 mlrd. dolları isə Əfqanıstana kimi uzanacaq dəmir yoluna yatıracaq. Lakin Hindistanın "Hindu” qəzeti yazır ki, İran Çabahar limanından dəmir yolu inşası ilə bağlı Dehlinin təklifindən imtina etdi. Qəzet bunu İrandakı hökumət mənbələrinə istinadən yazıb.
Bəs nədən İran Hindistana qarşı birdən-birə belə qəfil soyuq münasibət bəslədi? Ekspertlər bunu ya intriqalar, ya da Çin tərəfindən təzyiqlə əlaqələndirirlər. İstənilən halda Çinin İrana yatırmaq istədiyi və yaxud yatırdığı investisiya Hindistanın vəd etdiyi yatırımdan çəkilidir. Çin investisiyalarının həcmi 400 mlrd. dolları keçib. İran-Çin ticarət sövdələşməsi və Hindistanın dəmir yolundan uzaqlaşdırılması bir-biri ilə sıx bağlıdır. Avstraliya milli universitetinin fəxri dekanı Klad Rakitists hesab edir ki, İran Hindistanın Çabahar limanından sıxışdırılıb çıxarılması planını reallaşdıracaq və layihəni Çinə verəcək. Hindistanla bağlı daha üzgün proqnozu "Observer Research Foundation”in Dehlidəki əməkdaşı Kabir Tanedja səsləndirib. "Əgər Pekin İrana pul axıdarsa və onu asılı dövlətə çevirərsə, bu, Hindistan üçün ciddi problem yarada bilər. Bu, gələcəkdə Pekinin nəzarəti altında olan müsəlman dövlətlərinin Çinlə blokunun yaranmasına da gətirib çıxara bilər”, - deyə ekspert gəldiyi qənaəti bölüşüb. Əgər İran və Pakistan ora daxil olarsa, onda Əfqanıstan da istəyib-istəməməyindən asılı olmayaraq, orada təmsil olunacaq.
Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun sektor müdiri Nina Məmmədova hesab edir ki, "beş fövqəldövlət 2016-cı ildə İranla nüvə silahı yaratmamaq barədə saziş imzaladıqdan sonra bir çoxları onunla sövdələşmələrə can atdılar. Və təbii ki, Çin də onların arasında idi. Lakin Birləşmiş Ştatlar İranla razılıq əldə etməkdən boyun qaçıranda və ona qarşı sanksiyalar tətbiq etdikdə, bir sıra layihələri dayandırmaq lazım gəldi. Amma şose, dəmir yolu layihələri sanksiyalar altına düşmədi. Çin istənilən halda öz layihələrini reallaşdırmaqda davam edir”. Əlavə edib ki, bununla yanaşı, Çinin İranda neft emalı müəssisələri var: "Əldə olunan neft Çinindir və sanksiyalar ona tətbiq edilmir. İki ölkə arasında mübadilə də yuanla aparılır. Hindistan isə elə də qətiyyətli deyil və daha çox gözünü Birləşmiş Ştatlara və onun prezidenti Donald Trampa tikib. Bu da Pekinə onu İran bazarından sıxışdırıb çıxarmaqda kömək edir”.
Beləliklə, Çin və İran arasında müvafiq razılaşmalar dünyada qüvvələr balansını ciddi şəkildə dəyişə bilər. Artıq çoxları bu razılaşma ilə İranın Çinin protektoratlığı altına düşəcəyini ehtimal edir. Belə baxanda, bu ölkələrin başqa yolu da yoxdur. Onsuz da bu sazişlər onların Vaşinqtonun sanksiyaları altına düşməsi ehtimalını da sıfıra endirib. İran onsuz da öz neftini xaricə çıxarmaq imkanından məhrumdur. Neft ehtiyatlarına görə dünyada ikinci olan İranda pandemiya və qəribə də olsa, son vaxtlar strateji obyektlərdə partlayışlar artır. ABŞ prezidenti Donald Trampın da iki ölkə arasında sıx əməkdaşlığın yaranmasında müəyyən "rolu” var. Onlara qarşı sərt addımlar iki ölkəni strateji alyansa doğru itələyir. Gələcəkdə istisna deyil ki, bu alyansa Rusiya da qoşulsun. Bu isə bu ölkələr və bütövlükdə digər ölkələr üçün risk təhlükəsi yaradır. Əgər əməkdaşlığın kompleks planı həyata keçirilərsə, onda İran həqiqətən də Çinin asılılığına keçmiş olacaq. Bu plan həm də Pekinin Yaxın Şərq və Fars körfəzində hərbi iştirakının güclənməsinə gətirib çıxaracaq.
Artıq bu məsələ İranda ciddi tənqidlərə tuş gəlib. Və tamam başqa baxışlı şəxslər buna qarşı çıxıblar. Məsələn, Tehran və Pekinin yaxınlaşması əvvəlki İran rejiminin nümayəndəsi, hazırda ABŞ-da yaşayan İran şahının oğlu Rza Pəhləvi və sabiq prezident Mahmud Əhmədinejada xoş gəlməyib. Hər ikisi hesab edir ki, bu yaxınlaşma İranın suverenliyini təhlükə altına salır. Nəticə həm də o olacaq ki, Çin özünün ən böyük layihəsi olan "Bir dəhliz, bir yol” layihəsini reallaşdırmaq imkanı əldə edəcək. Ən əsas məsələlərdən biri də budur ki, İran neftini dünya bazarına çıxarsa, heç kim ona sanksiya tətbiq edə bilməyəcək.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər