AZE | RUS | ENG |

Abituriyentlər ixtisas seçimində nələrə diqqət etməlidirlər?- Gənclərə məsləhət

Abituriyentlər ixtisas seçimində nələrə diqqət etməlidirlər?- Gənclərə məsləhət
İlkin Məcidov: “İxtisası prestijə yox, əmək bazarına görə seçmək lazımdır”

Qəbul imtahanın ilkin mərhələsi başa çatdı. Ballarını toplayan abituriyentlər ixtisas seçimi haqqında fikirləşir. Əslində, bəzən insanlar imtahan mərhələsinin çətin olduğunu düşünür, amma, növbəti mərhələ olan ixtisas seçimi də asan olmur. Çünki verilən hər bir qərar çox önəmlidir. Bu mərhələdə "yüz ölçüb, bir biçib” qərar verməliyik. Bacardığımız qədər diqqətli olub, yanlışlığa yol verməməliyik. Əgər bu məqamda seçim etməyə çətinlik çəkiriksə, mütəxəssislərin yardımını ala bilərik. İxtisas seçimində nələrə diqqət etməli olduğumuzu, hansı məqamlarda kimlərdən yardım ala biləcəyimiz haqqında "Azərsu” ASC təlim və innovasiyalar mərkəzinin rəisi, karyera planlama üzrə ekspert İlkin Məcidovla həmsöhbət olduq.
Müsahibim deyir ki, ilk olaraq hədəfləri dəqiqləşdirmək önəmlidir: "Hədəf məlumdursa, qalan hər şey asandır. Çünki gələcəkdə karyera qurmaq istədikləri sahəni seçmək, yüksək bal toplamaqdan daha çətindir. Yüksək bal toplayan abituriyentlər seçimlərini konkretləşdirib, diqqətlə ixtisaslarını kodlaşdırmalıdırlar. Çünki kodlaşdırma zamanı ani diqqətsizlik hər hansı bir səhvlə, istəmədikləri ixtisası seçməklə nəticələnə bilər. Hətta, kod uyğun gəlməzsə, həmin abituriyent tələbə adı qazanmaqdan məhrum olar. Balı az olanlar isə yiyələnmək istədikləri peşəyə yaxın olan sahələri seçsinlər ki, gələcəkdə özlərini seçmək istədikləri ixtisas üzrə daha da inkişaf etdirə bilsinlər. Onu da qeyd edim ki, qərarsız tələbələrimiz də çoxdur. Xüsusi bir ixtisas seçmədən imtahana hazırlaşırlar. Yaxşı bal toplamağına baxmayaraq, hansı ixtisası seçəcəyini bilmir. Çünki əvvəlcədən qarşısına məqsəd qoymayıb. Düzdür, bu hallar indi azalıb. Amma az da olsa, belə abituriyentlərimiz də var. Onlara tövsiyəm tez bir zamanda qarşılarına məqsəd qoyub seçim etmələridir. Bu yolda isə müəllimlər və valideynlər abituriyentlərə yardımçı olmalıdırlar”.
 
Müsahibimizdən valideynlərin və müəllimlərin necə yardımçı ola biləcəklərini soruşduq: "Əlbəttə ki, seçim zamanı abituriyentin öz istəyi əsas götürülməlidir. Müəllimlərin və valideynlərin üzərinə düşən isə abituriyentin seçiminə görə uyğun ixtisasların təyin olunmasında yardımçı olmaqdır. İmtahan zamanı həyəcan minimuma düşsün deyə, valideynlər uşaqlarına motivasiya verməlidirlər. Təəssüf ki, əksər valideynlər motivasiya vermək əvəzinə, övladlarından tələbə adını qazanmağı tələb edirlər ki, bu da abituriyentin daha çox mənəvi yüklənməsinə səbəb olur. Valideynin uşağına yardımçı olmağı onun seçimlərinə müdaxilə etməsi demək deyil. Valideyn müdaxiləsi əksər vaxtlarda qohumların və digər yaxın adamların təsir ilə formalaşır. Necə ki, əvvəllər oğlan valideynə görə hökmən hüquqşünas, qız isə ya həkim, ya da müəllimə olmalı idi. İndi isə əmək bazarı daha da genişlənib. Seçim çoxdur”.
 Həmsöhbətimiz deyir ki, ixtisası prestijə yox, əmək bazarına görə seçmək lazımdır: "Həm valideynlər, müəllimlər, həm də abituriyentlər ixtisas seçimində əmək bazarını nəzərə almalıdırlar. Onlar indiki əmək bazarına görə yox, 4 il sonra məzun olacaqları dövrün əmək bazarına görə ixtisas seçsələr, daha yaxşı olar. Bunu bilmək isə o qədər də çətin deyil. Misal olaraq, informasiya texnologiyaları, mühəndislik, kənd təsərrüfatı, idarəçilik kimi sahələrin adını çəkmək olar.  Bəzən görürük ki, tələbələr fakültənin prestijinə önəm verir. Məsələn, 3-cü qrupa hazırlaşan biri daxilən tarixçi və ya filoloq olmaq istəsə də, həm prestijə, həm də valideynlərinin təkidinə görə hüququ seçir. Belə seçimlərin əksəriyyəti gələcəkdə həmin ixtisasda təhsil almış gəncin işsizliyi ilə nəticələnir. Çünki fikri və xəyalları sevdiyi ixtisasda qaldığı üçün təhsil aldığı sahədə uğur qazana bilmir”.
 İlkin bəy son olaraq qeyd edir ki,  hər bir abituriyent təhsil alacağı universiteti və fakültəni əvvəlcədən araşdırmalıdır. Çünki 4 il yol yoldaşı olacağı məkanı, sahəni bilməsə, ya yolun ortasında sıxılıb dayanacaq, ya da həvəssiz həmin yolun bitməsini gözləyəcək. Və bunun da nəticəsi yaxşı olmayacaq.
 
Günel AZADƏ

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6911
GBP 1 İngilis funt sterlinqi 2.2371
TRY 1 Türk lirəsi 0.3577
KWD 1 Küveyt dinarı 5.6155
SEK 1 İsveç kronu 0.1909
EUR 1 Avro 1.9671
CHF 1 İsveçrə frankı 1.7073
USD 1 ABŞ dolları 1.7000