• çərşənbə, 24 Aprel, 20:43
  • Baku Bakı 23°C

Abituriyentlər imtahan xərclərini ödəyəcəklərmi?

15.07.16 12:30 1341
Abituriyentlər imtahan xərclərini ödəyəcəklərmi?
"Yaxın gələcəkdə imtahan xərclərini də hər bir şəxs özü ödəyəcək”. Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin səsləndirdiyi bu fikirlər təkcə sosial şəbəkələrdə deyil, təhsil ekspertləri, o cümlədən səlahiyyətli qurumlar tərəfindən də birmənalı qarşılanmayıb. Belə ki, DİM Direktorlar Şurasının sədri: "İmtahanların keçirilməsi üçün hər bir şəxsə görə çəkilən xərc bizə dövlət büdcəsindən verilir. İndi isə verilməyəcək. Ona görə də hər bir şəxs pulu özü ödəyəcək. Müəyyən imtahanlarda dövlət bir şəxsə 25 manat pul xərcləyir. Ancaq elə imtahanlar var ki, bu xərc daha çoxdur”,- deyə bildirib. Əlbəttə, publik hüquqi şəxs statusunda yaradılan bu qurumun özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərəcəyi "Publik hüquqi şəxslər haqqında” Qanundan irəli gəldiyindən məsələyə münasibət birmənalı olmalıdır. Ancaq veriləcək qərarla bağlı səslənən fikirlər çox fərqlidir.
Təhsil naziri Mikayıl Cabbarov da gələcəkdə qəbul imtahanlarının ödənişli əsaslarla aparılmasının mümkünlüyü barədə fikirlərə münasibət bildirərək qeyd edib ki, bu məsələ əvvəlcə müzakirə olunmalıdır. Belə ki, DİM müstəqil və yeni yaradılan qurum, publik hüquqi şəxs olduğu üçün onun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri imkanlar olmalıdır: "Eyni zamanda, həmin mərkəzin göstərdiyi xidmətlərin maliyyələşdirilməsi məsələsi var. Başqa məsələ odur ki, təhsil alanlara xidmətlərin sifarişçisi kimi dövlət çıxış edir. Bu səbəbdən göstərilən xidmətlərin ödənişinin necə həyata keçirilməsi dəqiqləşdirilməlidir. Nazirliyə bu barədə müraciət olduqdan sonra rəsmi mövqeyimizi bildirəcəyik”. Nazirin sözlərinə görə, burada təhsilə çıxış və əlçatanlıq məsələsinə nəzər yetirilməlidir: "Hesab edirəm ki, müvafiq qurumun buna dair müraciəti olduğu təqdirdə hökumətin qərarı olacaq. Lakin indi buna müzakirəsi başa çatıb qərar verilən məsələ kimi baxmamalıyıq. Əminəm ki, məsələnin həllini həmkarım Məleykə Abbaszadə və digərləri ilə işləyərək birgə tapacağıq”.
İmtahan xərclərini hər bir şəxsin özünün ödəməsi fikrinə münasibət bildirən ekspertlərin də fikirləri arasında ziddiyyətlər var. Səslənən fikirləri normal qərar hesab edənlərlə yanaşı, bu addımı mümkünsüz sayanlar da var.
İmtahanlar üçün ödəniş məbləğinin yaxın zamanlarda Tarif Şurası tərəfindən müəyyənləşəcəyini qeyd edən təhsil eksperti Asif Cahangirov həmin məbləğin çox yüksək olacağına inanmır. Ekspertin fikrincə, məbləğ hamı üçün əlçatan olacaq: «İmtahan xərclərini hər bir şəxsin özünün ödəməsi ilə bağlı verilən qərar çox normaldır. Bu, valideynlərin və abituriyentlərin məsuliyyətini artıracaq. Xüsusilə 200 baldan aşağı toplayan abituriyentlər: «Bəlkə bəxtim gətirdi», - deyə ali məktəblərə sənəd verməkdən çəkinərlər. Onlar imtahanlara lotereya bileti kimi baxırdılar. İmtahanlarda sualları mexaniki işarələməklə qəbul olunacaqlarına ümid edirdilər. Nəticədə zəif uşaqların da ali məktəblərə qəbul olunması hallarına rast gəlinirdi. İndi isə valideynlər sənəd verməyin həm də ailə büdcəsinə təsir edəcəyini düşünəcəklər». Ekspert hesab edir ki, qəbul imtahanlarının maliyyələşməsini bütövlükdə dövlətin üzərinə qoymaq düzgün deyil: "Kim özünü sınamaq istəyirsə, ona imkan yaranır, o, müəyyən məbləğdə ödəniş edir. Biliyi olmayan niyə imtahana gedib özünü sınamaq istəyir? İnstituta qəbul olmaq istəyən müəyyən hazırlığa malik olmalıdır ki, imtahan versin”.
Təhsil Şurasının sədri Əjdər Ağayev isə ölkədə hər fəaliyyətə qazanc mənbəyi kimi baxmağı düzgün hesab etmir: "Ali məktəbdə ödənişli təhsil almaq mümkündür. Ümumtəhsil məktəblərini qurtaran vətəndaşların təhsil almaq hüququndan istifadə etmək haqları var. Onlar orta ixtisas məktəbinə və ya ali məktəbə qəbul imtahanı verməlidirlər. Onlar təkcə öz şəxsi maraqları üçün oxumurlar. Başlıca məqsəd ölkənin həyatında yaxından iştirak etmək, vətəndaş mövqeyi ortaya qoymaqdır. Bu baxımdan orta ümumtəhsil məktəbini bitirən abituriyentlərin qəbul imtahanını verərkən pul ödəməsinin mənəvi-hüquqi və iqtisadi əsası yoxdur”. Ekspert hesab edir ki, məktəbi bitirən şagirdlərin 50 faizi həmin pulu ödəyə bilərsə, yarısı sosial vəziyyətinə görə ödəyə bilməyəcək: "Şagirdlərin qəbul imtahanları zamanı öz xərclərini özlərinin çəkməsi mümkünsüzdür. Bu, mənəvi deformasiyaya gətirib çıxara bilər».
Səslənən fikirlər hələ tam qərar deyil. Hələ müzakirə olunası məqamları var. Amma çoxluq məhz abituriyentlərin qəbul imtahanlarında imtahan xərclərini cəkməməsinin tərəfindədir.
Yəni məsələnin bir az mərhəmət və daha çox qanunla bağlı tərəfləri var...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər